aile

Çoxuşaqlı ailədən azuşaqlıya keçid nə vəd edir?

Baxış sayı: 634

Rəsmiyə xalanın 12 uşağı var. Hər gün evdə süfrə sərir, bütün uşaqlar bir yerdə yeyir, içir, oynayırlar. O, övladları ilə xoşbəxtdir və hər bir uşağın ruzisini Allahın verdiyinə inanır. Rəsmiyə xala özü də 15 uşaqlı ailədə böyüyüb. Deyir ki, bacılarım, qardaşlarım var. Dar, xoş günümdə yanımdadırlar. İndi xalası, bibisi olmayan uşaq məni qayğılandırır. Bu qohumluq əlaqələrinə ciddi şəkildə təsir edir.

Düzdür, indi 5, 7, 12 uşaqlı ailə görəndə təəccüblənirik. Lakin vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var.

Bəs çoxuşaqlı ailədən azuşaqlıya keçid ailə dəyərlərinə təsir edirmi? Ümumiyyətlə, uşaqların tərbiyəsində rol oynayırmı?

“Ailənin tərbiyəvi rolu kökündən dəyişib”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsindən verilən məlumata görə, Azərbaycan çoxuşaqlı ailələrin sayına görə hər zaman örnək göstərilib. Müasir dövrdə isə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir: “Azərbaycan xalqının özünəməxsus və zəngin ailə dəyərləri mövcuddur. Çoxuşaqlılıq da Azərbaycan ailəsinin əsas özəlliklərindən idi. Lakin müasir cəmiyyətdə ailənin yeni nəslin formalaşmasında tərbiyəvi rolu haqqında təsəvvürlər kökündən dəyişib. Ənənəvi ailə tipindən müasir ailə tipinə keçidin sürətlənməsi müvafiq təsəvvürləri yenidən formalaşdırdı. Artıq müasir dövrdə gənclər  üçün maddi və mədəni ehtiyaclar prioritetdir”.

 

“Uşaq sayının dəyərlərə təsiri olmamalıdır”

Qurumdan bildirildi ki, çoxuşaqlı ailələrdən azuşaqlı ailələrə keçidin ailə dəyərlərinin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsinə heç bir təsiri olmamalıdır: “Ailənin əsas tərbiyə imkanları, hər şeydən əvvəl, valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Cəmiyyətdə baş vermiş hər hansı dəyişikliklər, sosial mühit, müxtəlif təzyiqlər ailə institutuna öz təsirini göstərir. Cəmiyyətimiz müasir dövrdə dinamikdir. İnformasiya platformasının geniş olması, ailə institutunun tədricən mövcud dəyişiklikliyə uyğunlaşması nəinki ölkəmizdə, bütün dünyada müşahidə olunur. Lakin bütün mövcud dəyişikliklər və tendensiyalara baxmayaraq, dövlətimizin prioritet istiqamətlərindən biri də milli dəyərlərimizə əsaslanan ailə institutunun qorunub saxlanılmasıdır. Çoxuşaqlılıqdan azuşaqlılığa keçidi tək bizim ölkədə deyil, bütün dünya ölkələrinin təcrübəsində görə bilirik. Uşaq sayının dəyərlərə heç bir təsiri olmamalıdır”.

Adaptasiya və ünsiyyət problemi

Sosioloq Aynur Hacıyeva isə deyir ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçid sosioloji problemlər yaradır: “Əvvəlki ailələrdə bir uşaq dünyaya gələndə artıq digər uşaqlar böyümək üzrə olurdu. Uşaqlar bir-birilə ünsiyyət qurur, qidasını, oyuncağını, paltarını paylaşırdı. Yeni doğulan uşaq da doğulduğu zaman bu vərdişləri görüb, çətinlik çəkmədən onlara yiyələnirdi. Lakin indi doğulan uşaqların ailədə ünsiyyət problemləri olur. Valideynlər işləyir, onlara vaxt ayıra bilmir, məktəb, bağça vaxtında isə şikayət edirlər ki, uşaqlar sosiallaşa bilmir. Azuşaqlı ailələrdə adaptasiya və ünsiyyət problemi olur”.

 

“Gələcəkdə qohumlar olmayacaq”

Sosioloq deyir ki, azuşaqlı ailə gələcəkdə qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır: “Təbii ki, keçmişdə də valideynlər işləyirdi. Lakin valideynlər işdə olanda ailənin yaşca böyük övladları onları əvəz edirdi. Onlar digər körpə bacı-qardaşlarına nəzarət edirdilər. İndi isə vəziyyət dəyişib. Ailələrdə bir, ya da iki uşaq olur. Onlar özləri də körpə olduqları üçün özlərinə nəzarət edə bilmirlər. Məcburən hansısa dayənin nəzarətində tək böyüməli olurlar. Gələcəkdə onların qohumluq əlaqələri də zəifləyir. Xala, dayı, əmi, bibi ya olmur, ya da ikisindən biri olur. Keçmişdə hər hansı bir problem yaşandıqda köməyə qohumlar çatırdı. Xala, bibi, dayı olmadığı üçün gələcəkdə uşaqlara dəstək olacaq qohumlar da olmayacaq”.

“Bacı, qardaş bir-birinə mənəvi dayaqdır”

Psixoloq Murad İsayev deyir ki, ailədə iki və daha artıq uşağın olması uşaqların gələcəkdə özgüvənlərinin yüksək olmasına təsir edir. Çünki bacı, qardaş bir-birinə mənəvi dayaqdır: “Lakin çoxuşaqlı deyil, bir və ikiuşaqlı ailələrin sayı artır. Təkuşaqlı ailələrdə uşağın eqoistlik və özünəqapanma problemləri olur. Amma bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar daim işləməli və pul qazanmalıdırlar. Ana da, ata da çalışmalıdır. Bunu nəzərə alan valideynlərimiz bir, maksimum iki uşağa üstünlük verirlər. Burada valideynləri qınamaq da olmaz. Amma bəzən də 2-3 uşaq saxlamağa imkanı olan valideynlər bundan imtina edir, tək uşaqla kifayətlənirlər”.

 

“İmkanı olan valideynlərə sözüm odur ki…”

Psixoloq deyir ki, çoxuşaqlı ailələrdə daha çox mehribançılıq müşahidə olunur, nəinki azuşaqlı ailələrdə: “Müasir dünya elədir ki, insanlar daim məşğuldur. Təsəvvür edin, sosial tərəfdən böyük internet sferası var, orada imkanlar genişdir. Bir insanın evə gələndə ancaq televizora baxmaq üstünlüyü yoxdur. İnsanlar o qədər məşğuldur ki, evə gələndə yoldaşı ilə danışmağa motivasiyası olmur. Təəssüflər olsun ki, təkuşaqlı ailələrdə bu problem daha çox olur. Uşaqlar 2-3 yaş intervalla olduqda, bir-birlərinə yardımlaşma prinsipi ilə böyüyürlər. Valideynlər “uşaqların tərbiyəsinə çox vaxt gedir”, “uşaqların maddi-mənəvi problemləri yaranır” kimi arqumentlər gətirirlər. Təbii ki, bəzilərinin haqlı tərəfləri var. Amma hamı belə deyil. Maddi durumu yaxşı olanlar belə tənbəl və eqoist düşüncələrlə uşaq dünyaya gətirmək istəmirlər. İmkanı olan valideynlərə sözüm odur ki, uşaqların çox olmasından narahat olmayın. Sayları nə qədər çox olarsa, uşaqlar sosiallaşmağa doğru daha yaxşı addım ata bilərlər”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir