endirim

Endirim yalanları

Baxış sayı: 1. 195

İnsanlar min illərdir ticarətlə məşğuldur. Təfərrüatı müxtəlif olsa da, ticarətin məğzi eynidir – aldığın şeyin müqabilində nəsə verirsən. Təbii ki, tərəflərin hər biri bu alış-verişdə öz mənafeyini güdür. Getdikcə ticarət daha təkmil şəkillər alıb. Artıq satıcı alıcının tələbatını öyrənib ən çox hansı mal satmağın sərfəli olduğunu təyin etməyə çalışırdı. Müasir dildə bunun adı marketinqdir. Elə zamanımızın alıcısı da ehtiyac duyduğu malı almazdan əvvəl bazarı “yoxlamaq” üçün öz marketinqini yerinə yetirir.

Bu yazıya başlamazdan əvvəl internetdə araşdırma aparıb bir istifadəçinin alverin qanunu olaraq tərif etdiyim çox ağlabatan mülahizələrinə rast gəldim. Onun fikrincə, ticarət qabiliyyəti, yəni nəsə satmaq bacarığı uğur qazanmaq istəyən hər kəs üçün vacib şərtdir. Bununla belə, əksəriyyət ticarətlə məşğul olanlara yaxşı baxmır. Bu məsələdə həmin yoldaşla qəti razı deyiləm, amma nə isə. Onun qənaətincə, hətta nəsə satın alanda da biz qiyməti aşağı salmağa çalışarkən yenə də satıcı kimi davranırıq, çünki pulumuzu satırıq və bu zaman malı ucuz almaq üçün pula qənaət etməyə çalışırıq. Yəni geniş mənada hər hansı fayda əldə etməyə çalışan hər kəs, yəni hamımız satıcıyıq.

Yeri gəlmişkən, qiyməti salmaq barədə. Endirim məsələsi həmişə olub, o cümlədən keçmiş SSRİ-də də. O vaxtlar bütün dükanlarda az tapılan xarici malların bir az baha qiymətə altdan satıldığını orta və yaşlı nəsil yaxşı xatırlayır. Hərçənd insafən, Bakının məşhur “Kubinka”sı istisna olmaqla, həmin malların üstünə o qədər də çox qoymurdular. Hətta altdan mal alarkən bir az alver etmək, yəni qiyməti aşağı salmaq olardı.

Yadımdadır, gəncəli dostlarım danışardılar, o vaxtlar həmin şəhərdə dükanlarda hətta qiymət malın üstündə yazılsa belə “neçəyədir” soruşmaq az qala ayıb sayılırdı, gərək “neçəyə verirsən” soruşaydın.

Amma rəsmi endirimlər də olurdu. Ticarət Nazirliyi ildə iki-üç dəfə malları ucuzlaşdırırdı. Təbii ki, ancaq sovet məhsullarını. Ona görə də aradabir çay qaşığından tutmuş soyuducuyadək istədiyin şeyi çox ucuz qiymətə ala bilərdin. Bir dəfə bəxtim gətirdi, cəmi bir qırmızı “onluğ”a tozsoran, “VEF-Spidola” radiosu ilə on cüt ağ kətan şalvar əldə etmişdim. O vaxtlar jeans hələ yoxdu, kətan şalvarlar yayda geymək üçün çox rahat və möhkəmdi.

Vaxt keçdi, zaman döndü, ticarətin şəkli də xeyli dəyişdi. Artıq endirimlər gündəlik həyatımızın bir parçasına çevrilib. Bəs əslində endirimlər necə olmalıdır?

Bu sualı şərh etməyi xaricə gedib-gələn, turizmə və deməli, ticarətə yaxından bələd olan bir tanışdan xahiş etdim.

Avropa ölkələrində ən böyük endirimlər adətən bayramqabağı, yəni Milad bayramı, pasxa, müstəqillik günü vя s. ərəfəsində olur. Bayramlardan sonra da sahibkarlar böyük endirimlər vasitəsilə bayram mallarını xırıd etməyə çalışırlar. Bunu nəzərə alan postsovet ölkələrin vətəndaşları Avropa səfərlərini bayramlardan sonrakı günlərə salırdılar. Yerli camaat isə bu endirimlərə maraq göstərmir, çünki onlar mövsümi bazarlığa öyrəşiblər, keçmiş sovet adamları üçünsə əsas məsələ ucuzluqdur. Bundan başqa mövsüm qurtaranda qarşıdakı mövsümdə lazım olmayacaq malları əldən salmaq üçün də xeyli endirimlər tətbiq olunur.

Bununla yanaşı, məsələn, dükan bağlananda da, əgər təzəsi açılmayacaqsa, bütün malları qısa zamanda satıb qurtarmaq və dükanı zərərsiz bağлamaq üçün endirimə əl atırlar. Kiçik çeşiddəki mallar dükanda qalanda sahibkar onu qalıq mal dükanları olan stocklara təhvil verir. Stocklardan da belə mallar bizim second hand-lərə yol tapır. Yaxud dükan yeni açılanda da endirimin başqa növü tətbiq olunur, yəni promotion məqsədilə məsələn, iki mal alana hədiyyə kimi birini də verirlər. Onu da deyim ki, Qərb ölkəляриндя endirim məsələsində yalan-filan yoxdur, çünki sahibkar əslində heç bir zərər çəkmir, əksinə, dükanda yeni mallar üçün yer açılır, yeni mövsüm ərəfəsində mal çeşidi dəyişdirilir.

Bizdə isə endirimlər az qala ilboyu davam edir. İri dükanların əksəriyyəti “70%-ə qədər endirim” sayağı elanları ilə hamımızın gözünə girməyə can atır. Lakin bu kimi elanların yalnız alıcını şirnikləndirmək vəzifəsini yerinə yetirdiyi üzə çıxır. Bundan beş il əvvəl paytaxtın Fəvvarələr meydanındakı bahalı dükanlardan birində (indi o dükan yoxdur) 150 dollara açıq rəngli jeans şalvar və gödəkçə aldım. Üstündən 10 gün keçmiş həmin dükanda “sale” elanını görüb içəri girdim. Gödəkçələr qurtarmışdı, şalvar isə əvvəlki kimi 90 dollara, amma bu dəfə “50% endirim” ilə satılırdı. Həmçinin keçən dəfə “gözaltı” etdiyim, amma pulum çatmadığı köynək və kostйуmlаrыn də qiyməti əvvəlki kimidi. Bu barədə sual verdiyim satıcı qızlar cavab verməyə söz tapmadılar. Endirim məsələsindən agah olanların dediyinə görə, endirim müddətində dükan sahibləri ortada görünməməyi üstün tutur, görünəndə isə endirimin gerçək olduğuna az qala Qurana əl basaraq and içirlər. Endirimi təsdiqləyən hər hansı sənəd istəyən kimi də dərhal “kommersiya sirri” söhbətini ortaya atırlar. Özü də deyilənə görə, bu sirrə istinad etməyə qanuni hüquqları varmış. Çox heyf.

Endirimin başqa variantı da var: dükanın fasadını bəzəyən endirim elanlarına uyub içəri keçən müştəriyə bildirirlər ki, həmin endirim ancaq bir-iki mala, yaxud bir qıraqdakı uşaq kalqotqalarına aiddir. Yuxarıda göstərilənləri nəzərə alsaq, xaricdəki endirim izdihamlarının əksinə olaraq dünən Bakı dükanlarında yüksək endirim elanlarına baxmayaraq tək-tük alıcılara rast gəldiyim heç də təəccüblü görünmür. Görünür, paytaxtımızın əhalisi həmin o endirim elanlarını artıq ciddi qəbul etmir. Digər tərəfdən yüksək endirim tətbiq edənlər daha çox bahalı satış dükanlarıdır, paytaxt əhalisinin əksəriyyəti isə bazarlıq üçün daha çox ticarət mərkəzlərinə, yaxud şəhərdəki yeraltı keçidlərə üz tutur. Burada satıcıları dilə tutub “dil tapmaq” daha asandır.

Biz azərbaycanlılar tarixən mahir ticarətçi sayılmışıq. Bəs doğrudanmı gözə kül üfürmək üçün endirim elanları yapışdırmaq, həqiqi endirim vaxtı, bayramqabağı günlərdə isə əksinə, qiymətləri at belinə mindirmək ticarətin təməl qanunları sayıla bilər? Üstəlik təqaüdlər bir az qalxan kimi qiymətləri də artırırıq. Qərb ölkələrində isə hətta zərgərlik məmulatlarına da sadəcə dəbə uyğun gəlmədiyi üçün əldə qalıb yük olmasın deyə endirimlər tətbiq olunur.

Azərbaycanda endirimlərin əksər hallarda yalan olduğunu mütəxəssislər də təsdiqləyir. Məsələn, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov, Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bu barədə dəfələrlə mətbuata bildiriblər. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin əməkdaşları da vaxtaşırı endirim elanları vasitəsilə müştərini aldatmaq hallarını ifşa edirlər. Amma çifayda, vəziyyət dəyişmir ki, dəyişmir.

 

Əli Səidov