menzil dizayni

“Evində təmir-tikinti, bərpa işi gedən qonşular bir-birinə qarşı “dözümlülük” nümayiş etdirməlidirlər”

Baxış sayı: 369

Bir müddət əvvəl Bakının Bilgəh kəndində qonşular arasında ağır mübahisənin olduğuna şahid olduq. Qonşu qonşunun rahatlığını pozur, həyətində yanğın çıxarır, ağaclarını qoparır. Hüquqları pozulan qonşu da deyir ki, polisə müraciət edib və polis hadisə ilə bağlı heç bir tədbir görməyib. Bir müddət əvvəl mən də qonşularla problem yaşadım. Əvvəllər kənd məktəbinin direktoru olmuş qadın qapıma heyvanlar üçün yemək tökürdü. Yeməklərin qoxusuna ətraf küçələrdən sahibsiz itlər “köç” edib qapıma məskən salmışdı. Ancaq qadın qapının üzərinə quraşdırdığımız kameranın varlığından xəbərsiz idi. Eyni zamanda qadın digər evini kirayə verdiyi üçün kirayəşinləri mənim evimə gedən yolda avtomobillərini saxlayırdı. Mən evimə getmək üçün kirayə qalan qonşunu tapmalı, avtomobilini yolumdan çəkdirməliydim. Dəfələrlə qonşuma iradımı bildirsəm də, başa düşmək istəmirdi. Mən də polisə müraciət etmək məcburiyyətində qaldım. Amma mənim yaşadığım kəndin polisi problemimi hələ ki, həll etmiş görünür. Ümumiyyətlə, qonşular arasında problemlər tez-tez müşahidə edilir. Digər bir qonşumun 4 mərtəbəli evinin pəncərələri də mənim həyatıma baxır. Hətta keçən ilə qədər evin sahibi pəncərədən bizim həyətdəki “addım”larımızı izləyirdi. Ta ki, bu da bir mübahisə mövzusuna çevrilənə qədər. Bəzən insanlar elə düşünür ki, “burada mənəm, Bağdadda kor xəlifə”…

Hüquqşünas Ramil Süleymanov bildirir ki, dövlət qurumları,Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” də tikinti ərazisinə gələrək, mülkiyyətçidən tikinti normalarının və qaydalarının tətbiqini tələb etməlidir.

 

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yanaşı torpaqlar olarsa, torpaq sahələrinin relyef səviyyələrinə görə bununla bağlı hündürlük nəzərə alınır və torpağın təkindən hündürlük nəzərdə tutulur. Əgər hər hansı bir şəxs mülkiyyətin olduğu zaman və ya yeni mülkiyyətçi gəldiyi zaman o lahiyəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının konkret olaraq, burada məlumatlandırmaq icraatı tətbiq edildiyi üçün icra hakimiyyətinə müraciət edildiyi zaman torpaq sahəsində daha öncədən yerləşən mülkiyyətçi haqqı çatır. Bunun üçün də ərizə ilə müraciət edilməli və yeni mülkiyyətçinin lahiyəsi ilə tanış olunmalı və onun pəncərələrinin və yaxud da onun evinin quruluşunun – yəni yeni mülkiyyətçinin pəncərələrinin və yeni mülkiyyətçinin evinin quruluşunu şəxsin özünün evinə uyğun tikilməsi və yaxud da ki, onu narahat eləyən hallarla bağlı müraciət edib, lahiyənin dəyişdirilməsi ilə bağlı çıxış edə bilər. Əgər müvafiq icra hakimiyəti orqanı bu məlumatı verməkdən imtina edərsə, şəxsin ixtiyarı çatır ki, icra hakimiyyətini cavabdeh qoymaqla ona qarşı inzibati məhkəmədə iddia qaldırsın və müvəqqəti təminat tədbiri tətbiq etməklə yeni mülkiyyətçinin lahiyəsinin tikintisinin dayandırılması barədə qərarda qalsın.

Bu da onun hüquqlarına toxunacaq hissəyə qədər davam edir. Əgər yeni mülkiyyətçinin hər-hansı bir pəncərəsi, balkonu, terası köhnə mülkiyyətçiyə şəxsin yerləşdiyi yer üzrə onun şəxsi hüquqlarına, şəxsi həyatına müdaxilə formasında təzahür edəcəksə o zaman şəxsin icazəsi var ki, yeni mülkiyyətçiyə qarşı iddia qaldırsın və lahiyənin dəyişdirilməsiylə bağlı məhkəmədən qərar alsın”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov qeyd edib ki, əvvəldən mövcud olan “yaxşı” qonşuluq münasibətləri sonradan mənfi anlamda “dözülməz” vəziyyətə gəlib çatırsa, bu Azərbaycan Respublikasının mülkü məcəlləsinin 170-ci maddəsinə uyğun olaraq tənzimlənir. 170-ci maddəyə görə, ikitərəfli təsirlər törəyə biləcəyi halda hər bir torpaq sahəsi daşınmaz əmlakın qonşu sahəsi əmlakı sayılır. Qonşu torpaq sahələrinin, daşınmaz əmlak mülkiyətçilərinin qanunda nəzərdə tutulmuş bir-birinə qarşı hüquqları və vəzifələri vardır. Onlar bir-birilərinə qarşı hörmətlə davranmağa borcludurlar. Əgər hər hansı bir təmir tikinti və ya hər hansı bir yenidən qurma işi gedərsə, bu zaman qonşular bir-birinə qarşı dözümlülük nümayiş etməlidirlər. Nəticə etibarilə, bu da artıq qonşu təsirinə dözmək vəzifəsini özündə ehtiva edir.

“Qonşulardan birinin digərinə qarşı onun mülkiyyətindən gələn pis qoxunun, rütubətin, su axıdılması və digər xoşa gəlməyən neqativ hallarla bağlı məhkəməyə müraciət etməli, həmin neqativlərin aradan qaldırılması öhdəliyinin qonşunun üzərinə qoyulması ilə bağlı məhkəmə qərarı almalı və yaxud hüquq-mühafizə orqanlarından bu hərəkətlərin dayandırılmasını tələb etməlidir.

Eyni zamanda qonşunun neqativ davranışları digər qonşuya pis təsir edəcəyi halda, əgər səs-küy salınarsa, ucadan mahnı oxunarsa, musiqi alətlərindən uca səslə istifadə olunarsa, televiziyadan və ya maqnitofondan gur səslə istifadə olunarsa, məişətdə səs-küy olarsa və s. başqa formalarda təzyiqlər və pozuntular olarsa, şəxs Daxili İşlər orqanına müraciət etməlidir. Bununla bağlı araşdırılma aparılır və ilkin olaraq, həmin qonşuya birinci xəbərdarlıq tətbiq olunur. Növbəti addımda həmin qonşuya qarşı 150 manatdan 200 manata qədər inzibati qaydada cərimə tətbiq olunur. Bu pozuntuları törədən şəxs vəzifəli şəxs olarsa və davranışı qəsdən edərsə, həmin şəxslərin cəriməsi iki min manatdan iki min beş yüz manata qədər tətbiq olunur”-deyə hüquqşünas bildirib.

 

P.S. Belə… Əgər qonşunuz sizin hüquqlarınızı pozursa, hüquq-mühafizə orqanlarına müraciət edin. Artıq əvvəlki kimi insanlar bir-birinin hüququnu tanımır.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir