toy

Gənclərimizin evlilik qorxusu: Sosial problemlər

Baxış sayı: 1. 420

Son illərdə ölkəmizdə ailə quranların sayı azalmaqdadır. Bununla yanaşı, boşanmalar da sürətlə artır. Təbii ki,  evlənməyə meylliliyin azalmasında müxtəlif anillər rol oynayır ki, bunun da başında sosial problemlər durur.

 

Həkim Vaqif Qarayev hesab edir ki, gənclər arasında evlənməyə meylliliyin azalması əsasən sosial problemlərlə bağlıdır. Onun fikrincə, burada nikahdanöncə tələb olunan tibbi arayışın rolu çox cüzidir: “Hətta analizində sifilis çıxanlar da evlənir. Yəni tibbi problemlər evlənmə faizində çox azlıq təşkil edir. Düşünürəm ki, evlənməyə daha çox sosial problemlər mane olur”.

Müsahibimizin sözlərinə görə, evlənməyə meylliliyin azalmasında tibbi səbəblər də rol oynaya bilər. Tibbi problemlərə əsasən cinsi zəiflik, cinsi yolla keçən infeksiyalar, ağıl zəifliyi və bəzi irsi-genetik xəstəliklər, kobud fiziki əlillik və s. aid edilir.

Image result for evlənmək

Həkim-radioloq Aynurə Muradovanın sözlərinə görə, gənclərin evlənməyə meylliliyinin azalmasının bir çox səbəbləri var.  Bura sosial, iqtisadi, tibbi səbəblər daxildir. Ancaq gəncləri qorxudan əsl səbəb uğursuzluğa düçar olmaqdır: “Bu gün hər bir gənc “evlənsəm, birdən boşanaram” düşüncəsiylə yaşayır. Bilirik ki, boşanmaların əsas səbəblərindən biri də  ailədə övladın dünyaya gəlməməsi – sonsuzluqdur. Eyni zamanda, xanımlarımız evlənməyə hazırlaşarkən USM müayinəsindən keçməyə ehtiyat edirlər. Səbəb isə uşaqlıqlarının ana olacaq ölçüyə uyğun olmaması qorxusudur. Oğlanlar isə “məndə hansısa infeksion xəstəlik çıxa bilər” qorxusuyla həkimə getməkdən çəkinirlər”.

O da gənclərin evlənməyə meylli olmamasının əsas səbəbini işsizlik və sosial problemlərlə əlaqələndirir.

Related image

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, gənclər arasında evliliyə meylliliyin azalması əsasən gənclərdə ailə dəyərlərinə olan inamın azalmasından irəli gəlir. Ətrafda uğursuz ailələrin sayı artdıqca, gənclərdə ailə qurub uğursuzluğa düçar olmaq düşüncələri də artır: “Digər bir məsələ var ki, əvvəllər insanlar daha gənc yaşlarında ailə qururdular, burada isə valideynlərin təsiri daha çox olurdu.  Amma hazırda gənclər bir qədər valideynlərinə qarşı çıxmağa başlayıblar. “Hələ mən evlənmirəm. Müəyyən yaş dövrü var, o zaman evlənəcəyəm”. Buna görə də valideynlər övladlarının seçimlərinə daha az qarışırlar”.
Sosioloq bildirir ki, gənclərin ailə qurmasına əngəl yaradan məsələlərdən biri də sosial problemlərdir, əsasən də evsizlik və işsizlik. İndi gənclər evləri olmadan ailə həyatı qurmaq istəmirlər. “Ailəyə inamsızlıq, uğursuz ailələrin artması, valideynlərin daha az qarışması, sosial problemlər gənclərin evliliyə olan meylini azaldır. İndi gənclər gəncliklərini istədikləri kimi yaşadıqdan sonra ailə barədə düşünürlər. Digər tərəfdən, kişilərimizdə qızlara sanki bir inamsızlıq yaranıb”.

Related image

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, “gənclər evlənməyə meylli deyil” fikri yanlışır. Dediyinə görə, bu gün gənclərin oxumaq, özlərini dərk etmək maraqları var ki, bu da çox normaldır. Onun bildirdiyinə görə, hər bir gənc evlilik üçün özlərini, öz məsuliyyətlərini dərk etməli, həyata baxışlarını möhkəmləndirilməlidirlər. “Bir gənc qarşı tərəfdən nə istədiyini bilsə, məqsədyönlü olsa, o zaman onun quracağı ailə də sağlam ailə olar. Ailənin, cəmiyyətin, hətta ehtirasın təzyiqi ilə qurulmuş ailələrdən necə məsuliyyətli şəxs yetişdirmək olar? Ailə qurmaq məsuliyyət deməkdir. Bu məsuliyyəti isə yalnız özünü dərk edənlər daşıya bilər”.

Müsahibimizin dediyinə görə, bəzən cəmiyyətdə elə düşüncə formalaşır ki, boşanma yoxdursa, deməli, ailə var. “Əslindəsə bu, belə deyil. Ailədə qarşılıqlı sevgi, dostluq, hörmət və qarşılıqlı anlaşma varsa, o ailədir. Bu gün ailə həyatı quran hər bir şəxs düşünməlidir ki, “bu insan  övladıma necə ata-ana ola bilər? Necə övlad yetişdirə bilərəm?” Bu sualı özünüzə verin və cavabını almağa tələsməyin”.

Bu gün gəncliyin özünü dərketmə prosesini keçdiyini deyən F.Mehmanqızı hesab edir ki, bu isə həm vətənimizin gələcəyi, həm də gələcək ailələr üçün uğurlu nailiyyətdir.

 

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir