stop

Ölkədən getmək hüququna “Stop” qoyulması hansı hallarda həyata keçirilir?

Baxış sayı: 356

Azərbaycan Respublikasının hər bir vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir və ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Lakin bəzi hallarda ölkədən getmək hüququ məhdudlaşdırıla bilər”. Bu sözləri hüquqşünas Xanlar Sətullayev deyir.

O bildirir ki, Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinə görə, Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

stop

beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək”.”Bundan əlavə, Məcəllənin 9.4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.Həmçinin Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.Ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qaydasında həyata keçirilir. Bu halda şəxs SMS, poçt və sair rəsmi mənbələr vasitəsilə məlumatlandırılır. Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Daxili İşlər Nazirliyi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində məlumat ala bilmək üçün elektron xidmət təqdim edir. İnternet üzərindən hər bir kəs şəxsi məlumatlarını daxil etməklə “stop” statusunu yoxlaya bilər.Bir nüansı da qeyd edim ki, CPM-nin 165-ci maddəsində “Başqa yerə getməmək haqqında iltizam” alınması təsbit edilmişdir. Belə ki, istintaqı aparan müvafiq orqan qətimkan tədbiri olaraq şübhəli və təqsirləndirilən şəxsdən bu iltizamı alır. Lakin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması birbaşa olaraq hüquq mühafizə orqanının göstərişi ilə həyata keçirilir. Şübhəli və təqsirləndirilən şəxsdən əlavə olaraq bu hal hətta cinayət işi üzrə şahid qismində cəlb olunmuş şəxslər barəsində də tətbiq edilir. Bu halda “stop” statusunu elektron qaydada yoxlamaq mümkün olmur.Ona görə də, şəxsin əgər hər hansı cinayət hadisəsi ilə əlaqəsi olmuş və ya cinayət prosesində iştirak edən şəxs kimi tanınmışdırsa (şahid, tərcüməçi və s.) sərhəddə ölkədən çıxışının məhdudlaşdırılması halı ilə rastlaşma ehtimalı böyükdür. Bu halda vətəndaş səyahətə çıxmazdan əvvəl Dövlət Sərhəd Xidmətinə barəsində ölkədən çıxışına məhdudiyyət ooyulub-qoyulmaması ilə bağlı sorğu göndərə bilər. Vətəndaşların müraciətləri haqqında qanunun 10.4-cü maddəsinə görə, Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə (15 iş günü) baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.Haqqında qanuna zidd olaraq tətbiq edilmiş “stop” şəxsə zərər vurduqda məhkəmə qaydasında kompensasiya tələb edə bilər” – deyə o, əlavə edir.

 

Müəllif: Söylü Ağazadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir