13652370_1066757363411440_685130285_n

“Qidalanmamızda hansı dəyişikliklər etməliyik” – DİYETOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 7. 961

Necə qidalanmalıyıq ki, sağlam qalaq? Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımında ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

– Diyetoloq Leyla Zülfüqar özü necə diyeta saxlayır? Necə qidalanır?

– Ümummiyətlə, “diyeta” sözü yunan dilindən hərfi tərcümədə “sağlam həyat tərzi” deməkdir. Bir diyetoloq olaraq, təbii ki, mən bu işin predmetlərinə sadiq olmalı və doğru bəslənməliyəm. Belə də edirəm, düzgün qidalanıram, ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Məlumat üçün deyim ki, Azərbaycanda ilk olan “Diyetoloq Leyla ilə sağlam bəslən, arıqla” kitabının müəllifiyəm. Həmin kitabda bu barədə ətraflı bəhs etmişəm.

Bütün günü işdə oluram. Bununla əlaqədar digər aktiv hərəkətlərə, idmana vaxt olmur. Heç vaxt idmana getməmişəm, eləcə də insanlara piyləri parçalamaq üçün təqdim etdiyim pəhrizləri öz orqanizmim üçün etmirəm. Bilirsiniz niyə? Çünki mən bir neçə il öncə bir sağlıqlı qidalanma proqramı təyin etmişəm və ardıcıl olaraq buna əməl edirəm. Qidalanma proqramını əvvəldən düzgün qurmaq lazımdır ki, sonra niyə kökəlirəm deyə düşünməyək. Mən əsasən yemək rejiminə əməl edir, vaxtında qidalanıram. Bəzən işimlə bağlı olaraq qidalanmamda müəyyən səhvlər olur ki, bu da kökəlməyə səbəb ola bilər. Ancaq burda qızıl qaydalar var ki, hansı qida ilə hansını yesəm, kökəlmə verməz və düzgün formada qala bilərəm. Hətta işimlə əlaqədar olaraq stressdən uzaq dura bilmirəm, bu da kökəlməyə səbəb olur. Amma düzgün qidalanmamla bunun öhdəsindən gələ bilirəm.

– Diyetoloq yağlı tikəyə yalnız baxmaqla kifayətlənir? Yoxsa nə istəsə yeyir?

– Baxır, yağlı tikəyə, yəni onun hansı ətdən hazırlandığına və həcminə. Bu arada ən yağlı balıqlardakı – qızıl balıqda, okean balığında və bizim milli balığımız Xan balığında olan yağlardan qorxumuz olmamalıdır. Ətin tərkibində də, balıqda da çox faydalı yağlar var. Sadəcə, ətin düzgün bişirilməsinə diqqət etmək lazımdır. Deyək ki, balıq kababını, quzu ətinin kababını tikə formada diyetoloq da yeyə bilər və bunlar mənim sevdiyim qidalardandır (gülür – V.M.).

– Leyla xanım, qidalanma ənənələrinə görə Şərqlilərlə, özümüzü də bu mənada şərqli hesab etsək – bizimlə qərblilər arasında başlıca fərqlər nələrdir?

– Bu, çoxdandır gözlədiyim sualdır. Çox ciddi fərqlər var. Bir şərq alimi İbn Sina əsrlər öncə deyirdi ki, “Nə yediyini de, kim olduğunu söyləyim”. Bu, olduqca dərin bir kəlamdır. Bəli, biz nə yeyiriksə, oyuq. Avropalılar həm də qidalanma mədəniyyətlərini formalaşdıraraq mədəni xalqlar kateqoriyasına daxil olmuş oldular. Qidalanma çox vacibdir, biz nə qədər sağlam qidalanırıqsa, o qədər də sağlam düşünə bilərik. Sağlam düşüncəyə sahib olan insan yaxşı təhsilə, yaxşı mədəniyyətə sahib olacaqdır.

Avropalılar yeməkləri doğru bişirirlər. Məsələn, onlarda bizdəki kimi şirinçay mədəniyyəti yoxdur. Bizdə bu tərz uzun dönəmdir davam edir. Şirinçay qida növü yoxdur, belə tərz olmamalıdır, bu, sağlam qidalanma prinsiplərinə ziddir. Avropada belə şey yoxdur. Və ya başqa predmet: Kərə yağının əridilmiş formada qəbulu tərzi yoxdur. Ən inkişaf etmiş Avropa ölkələrində də kərə yağı istifadə olunur, ancaq çiy formada. İllərlə davam edən elmi araşdırmalarda Qərb alimləri o qənaətə gəliblər ki, əksər xəstəliklərin etioloji faktorunda düzgün qidalanmama dayanır. Kərə yağını əridərək saxlamaq bizim adət-ənənəmizdir. Nənələrimiz kərə yağını əridib, bankalara yığıb saxlayıb, sonra istifadə edib. İndi də davam edir bu ənənə. Bu əridilmə kərə yağını işlənmiş yağa – trans yağa çevirmək deməkdir.1465864_240261812805498_1791496594_o

Ancaq Qərbin də qidalanması başdan-ayağa nümunəvi deyil. Onların yaratdığı fast-foodlar artıq bütün bəşəriyyət üçün bəlaya çevrilib. Artıq meqapolis şəhərlərinin hamısının bəlasıdır bu qidalanma forması. Amerikada piylənmənin əsas səbəbi fast-food-lardır, bizdə isə şirniyyatlardan asılılıq. Müqayisə etsək, bizdə yanlışlıq illərcə formalaşan ənənələrə, streotiplərə söykənir, onlarda isə müasir texnologiyanın yaratdığı yeni şəraitdə tez-bazar qidalanma formasına. Onlar inkişaf etdikcə qidalanmada reformlar aparıblar, ancaq içərisində yanlışlıqlar da olub, biz isə ümumiyyətlə qidalanma tərzimizdə islahatlar aparmamışıq. 20 il öncə necə qidalanırdıqsa, yenə o cür qida qəbul edirik. Nəzərə almalıyıq ki, biz də dünyaya açılırıq, meqapolis həyat tərzi  formalaşır və bu, o deməkdir ki, bizi hələ yeni problemlər də gözləyir. Bizdə keçmiş qidalanma tərzi qalır, heç bir yenilik etmirik, üstəgəl, tərkibi təmiz olmayan, paketlənmiş qidaları, fast food və qazlı içkiləri də rasionumuza daxil edirik. Bütün bunlar isə ağır xəstəliklərə aparan piylənməyə səbəb olur.

 

– İndi isti yay günlərini yaşayırıq. Yəqin ki, bu mövsümün də xüsusi qidalanma tərzi olmalıdır. Nələri nəzərə almalıyıq? Hansı qidalardan imtina etməliyik? Və hansılara üstünlük verməliyik?

– Əlbəttə, hər mövsümün özünəxas bəslənmə qaydası var. Yayda necə qidalanmalıyıq? Çiy tərəvəzlərdən bol istifadə oluna biləcək salatlara və meyvə salatlarına üstünlük verilməlidir. Yəni tutaq ki, hansısa meyvələrin qatıq və ya yoqurt içərisinə doğranılaraq yeyilməsi yaxşı olar. Və ya iki turş meyvənin, məsələn, göyərti ilə birgə qəbul edilməsi tövsiyə olunandır. Yayda bol xəmirli və ətli yeməklərin hazırlanması arzuolunan deyil. Ağ undan istifadəni minimuma endirmək lazımdır, xüsusilə yay aylarında.

Maye itkisinə qarşı detokslu çaylar, detokslu şorbalar və qatıqlı detoks içkiləri  qəbul etmliyik – məsələn, ayran.

– Arıqlamaq istəyənlər çoxdur yəqin ki…

– Bəli, arıqlamaq istəyənlər, təbii ki, çoxdur. Bu tendensiya getdikcə daha da genişlənir, bəlkə də ona görə ki, sağlam qidaların sayı, həcmi azalır, sağlam qidalanma səviyyəsi aşağı düşdüyü üçün kökəlmə problemi də artır. Buna görədir ki, arıqlamaq istəyənlərin sayı kökəlmək istəyənlərdən daha çoxdur.

– 1 ay ərzində nə qədər çəki salmaq olar?

– Bu, individual məsələdir. Əgər bir insanın 100 kq çəkiyə düşməsi lazımdırsa, – təəssüf ki, elə pasientlərimiz var ki, 200 kq-a yaxın çəkiləri var, – onların aya 20 kq çəki itirməsi normaldır. Adam var ki, piylənmənin heç birinci drəcəsində də deyil, tutaq ki, 10 kq artığı var, o insan həmin kilonu iki aya da verə bilər.

12963642_591894354308907_6694384765243463732_n

– Boyumuza görə çəkini necə tənzimləməliyik. Formul nədən ibarətdir?

– Çəkimizin normal olub-olmadığını müəyyən etmək üçün tətbiq olunan formul boyun boya vurularaq əldə olunan rəqəmin çəkiyə bölünməsidir. 20-dən aşağı olan çəki aşağı çəkidir, 20-dən 25-ə qədər olan normal, bundan yuxarı çəki indeksində olanlar isə ağır çəkidir, bu, artıq piylənmədən xəbər verir.

– Qadın və kişi qidalanmasında fərqlər olmalıdır, yoxsa bu mənada cinsi ayrıseçkilik yoxdur?

– Qadın və kişi orqanizm təbii ki, fərqli olduğu üçün hər iki orqanizmi müxtəlif hormonlar idarə edir. Bu, özünü qidalanmaya yanaşmada da göstərir. Məsələn, yumurta kimi vacib qidanı kişilər həftədə üç dəfə istifadə edə bildiyi halda, qadınlar istənilən qədər qəbul edə bilər.

Estrogen hormonu qadınlar üçün vacib olduğu halda, kişi orqanizmi üçün az tələb olunur. Bu hormanu yüksəltmək üçün fitoestrogenlər ağırlığı olan qidalara ustinluk verə bilərik ki, bu zaman biz qadın orqanizminin hormonal statusunu tonus altında saxlamış oluruq. Hormonal pozğunluğu olan xanımlarda bu pozğunluğu müvafiq proqramla aradan qaldırmaq mümkündür.

– Uzunmüddətli pəhrizin fəsadları ola bilərmi?

– Bəli, ola bilər. Qeyri-sağlam arıqlamanın fəsadları qaçılmazdır. Məsələn, belə halda bir çox xəstəliklər qazanıla bilər.  Bu, əzələ itkisi ilə nəticələnə bilər ki, heç də arzuolunan hal deyil. İnsan vaxtından əvvəl qocala bilər. Buna biz fotoqocalma deyirik. Eyni zamanda qeyri-düzgün pəhriz nəticəsində saç və ya dırnaq tökülməsi baş verə bilər. Dəridə müəyyən problemlər üzə çıxa bilər. Orqanizm ona lazım olan maddələri qəbul etməmiş olur və beləcə, qeyri-sağlam arıqlamış olur.

– Orucluq ayı yenicə sona çatıb? Ancaq bu sual həmişə maraqlıdır: orucun nə kimi faydaları var? Bəzi həkimlər onun faydası ilə bərabər zərərləri barədə də danışır…

– Orucluq ayı çox faydalı, həm də pəhriz ayıdır. 11 ayın sultanı olan bu ay həm də bu dövr ərzində orqanizmimizi yüklədiyimiz toksinlərdən, şılaqlardan təmizlədiyimiz aydır. Bədənə verdiyimiz bu istirahət nəticəsində aylarla toplanan toksinlər və şılaqların orqanimzdən çıxması ilə nəticələnir. Məsələn, qaraciyər bu müddət ərzində imnoqlobinləri daha çox sintez edir. Ac qaldığımız saatlarda qaraciyər özünü yeniləyir, hüceyrələrin bərpası baş verir.

Əlbəttə, orucun faydası zərərindən çoxdur. Burda bir məqam var: Gün ərzində orqanizmə az qida daxil olduğundan orqanların işləməsində ləngimə baş verir. Metobalizmin sürəti ləngidiyindən biz bu dönəmdə özəl bəslənməni tövsiyə edirik. Ramazandan sonra da metobalizni tədricən sürətləndirmək üçün bu cür xüsusi qidalanmaya üstünlük verilməsi məsləhətdir.

– Oxucumuz soruşur ki, o, normal qidalanır, normal yatır, 31 yaşı var, boyu 1.79-dur, çəkisi isə 65 kq. Bu, normaldırmı?

– Əgər bu kişi fiziologiyasıdırsa, bu çəki çox azdır. Bu böy və yaşda olan adamın çəkisi 75 kq-a qədər olmalıdır. Yox, əgər qadındırsa, normal çəki indeksindədir əslində, ancaq bir 31 yaşlı xanım üçün əgər bədən tipi orta-iri yapımlıdırsa, 1-2 kq əlavə oluna bilər.

– Başqa bir oxucumuz soruşur ki, boyu 1.85-dir, çəkisi 75 kq, yaşı isə 28-dir Çəkisini qorusunmu, yoxsa pəhriz saxlasın?

– Xanımdırsa, çəkisi çoxdur, pəhriz saxlamalıdır. Yox əgər pasiyent kişi fiziologiyasıdırsa, bu, normal çəkidir.

Söhbətləşdi: Vüsal

Gencaile.az

1551686_377102175788127_7144451199628312731_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir