penisillin

Ucuz penisillinin bahalı nəsli – antibiotiklər

Baxış sayı: 335

Bir neçə gün öncə Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən sonra vəfat edib. Rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb. Müəyyən olunub ki, azyaşlıya qızdırmaya görə naməlum adda iynə vurulub. Həkimlər ehtimal edir ki, körpə antibiotikin verdiyi şok effektindən dünyasını dəyişib.

Antibiotik təyinatı səbəbindən ölüm hallarının baş verməsi statistikasında ən yüksək rəqəm 2019-cu ilə aiddir. Həmin il dünyada 1,2 milyondan çox insan antibiotiklərə qarşı müqavimət səbəbindən həyatını itirib. Bir çox hallarda ölümcül xəstəliklərlə mübarizədə əvəzsiz vasitə hesab edilən antibiotiklər həkim təyinatı olmadan kor-koranə alınar və qəbul edilərsə insan orqanizminə faydadan çox zərər verir.

 

Dövrünün xilaskarı – Penisillin

Antibiotiklərin bir çox növü var, təyinatı orqanizmdəki bakteriya infeksiyasını müalicə etməkdir. Antibiotiklərin əcdadı Penisillin 1929-cu ildə Aleksandr Fleminq tərəfindən kəşf edilib. 1940-cı illərdə kommersiya miqyasında satışa buraxılanda insanlar ona möcüzə kimi baxırdı, çünki infeksiya bir çox insanın ölümünə səbəb olmuşdu. Penisillinin kəşfi dünya təbabətini kökündən dəyişdi. Bu ilk antibiotik idi. Onsuz bir çox xəstəliklər əlacsız olardı və insan ömrünün orta uzunluğu müasir dövrdəkindən xeyli aşağı olardı. İkinci Dünya Müharibəsində milyonlarla əsgərin həyatı məhz penisillinə görə xilas edildi.

İnfeksiyanın yerinə və növünə görə fərqli antibiotik təyin edilir. Məsələn daxilə qəbulu ya damar yolu, ya ağızdan olur, eləcə də qulaq və gözə damladaraq, həmçinin krem halında dəriyə çəkilərək antibiotik qəbul etmək mümkündür.

Tərkibində 1 qram tseftraksion preparatı olan Rusiya istehsalı antibiotiklərin bir ədədi 80 qəpikdir, amma eyniadlı firma istehsalı antibiotikin içində eyni miqdarda olan ədədi ən ucuz halda 3-4 AZN-dən başlayır. 10 günlük antibiotik müalicəsi ənənəvi yolla 8 manat edirsə firma preparatları ilə bu məbləğ ən yaxşı halda 3-4 dəfə artır. İki seçim arasındakı fərq odur ki əgər xəstə ənənəvi antibiotiklə normal halda 5 günə sağalmalıdırsa firma antibiotikləri bu prosesi tezləşdirir. Xəstə düşünür ki ənənəvi dərmanın gücü çatmadı, amma firma dərmanı xəstəliyə qalib gəldi. Lakin sağalma müddətinin tezləşdirilməsi orqanizm üçün zərərlidir.

 

Qızdırma zamanı antibiotik təyin edilərsə…

Antibiotikin ciddi təsirlərini diqqətdə saxlamaq, təyinatsız qəbulunun qarşısını almaq və insanları onunla bağlı məlumatlandırmaq üçün 2012-ci ildən bəri 18 noyabr tarixi antibiotik günü kimi qeyd edilir. Adi qrip və soyuqdəymədə belə istifadə etməyi adət halına çevirən insanları məlumatlandırmaq üçün antibiotiklərin insan orqanizminə verdiyi zərərlər barədə elmi konfranslar keçirilir, məqalələr hazırlanır. Antiobiotik təyinatına ehtiyac olan xəstəliklərdə düzgün istifadə edilməyən bu preparat lazımı dozada istifadə edilmədiyi təqdirdə ciddi fəsadlara yol açır.

Qızdırma zamanı antibiotiklə müalicə yolverilməzdir, amma o qızdırmaya səbəb hər hansı bir infeksiyadırsa antibiotik təyin edilə bilər. Antibiotik qəbulunu yalnız doza çərçivəsində etmək lazımdır, əks halda yüksək doza bədəndə antibiotikə müqavimət yaradaraq təsirini minimuma endirər.

Doğrudur, penisillin kəşf edildikdən illər sonra fərqli adlarda, fərqli markalarda bir çox antibiotik istehsal edildi. Tibb dünyası yeni antibiotiklər istehsal etmək məcburiyyətindədir, çünki bakteriyalar həddindən artıq ağıllıdır. Bakteriayalar özlərində antibiotiklərə qarşı müqavimət yaradırlar. Cəmiyyətdə antibiotik istifadəsi nə qədər çoxdursa müqavimət də bir o qədər artıqdır. Xüsusilə də səhv və lazımsız zamanlarda istifadə edilən antibiotik buna səbəb olur.

 

Hər 3 pasiyentdən birinə təyin edilir

Ölkəmizdə hər 3 reseptdən birinə antibiotik yazılır, həkimlərin əksəriyyəti təyin etdikdə pasiyentdən indiyədək neçə doza antibiotik qəbul etdiyini soruşmur. Antibiotiklərin nə zaman, hansı xəstəlikdə, neçə doza və nə qədər müddətə istifadə edilməsi çox vacib məsələdir, əks halda fəsad yarada bilər və getdikcə antibiotikə qarşı müqavimətə səbəb ola bilər ki, bu da xəstəliklərin tüğyan eləməsinə təkan yaradar. Həkim antibiotik təyin edəndə pasiyentinə qəbul qaydalarının vacibliyini, kor-koranə qəbul edilməməsini başa salmalıdır. Eyni zamanda hər həkim antibiotik yazdığı xəstənin daha əvvəllər antibiotik qəbul edib-etməməsini öyrənməlidir.

Antibiotik təyin ediləndə öncə yoxlamaq üçün test edilməlidir, xəstəyə çox az miqdarda tətbiq edərək orqanizmə təsiri yoxlanmalıdır. Antibiotiklər sağaltdıqları qədər zərər də verə bilir. Xüsusilə də bağırsaq mikroflorasını məhv edir, göbələk infeksiyasına səbəb olur. Allergik reaksiyalar verə bilir, qaraciyərə və böyrəyə zərər verir. Ən vacib təsiri isə orqanizmin təbii maddələr mübadiləsini pozaraq həzm sistemini alt-üst etməsidir. Lazımsız və uyğunsuz təyin edilən antibiotiklər xəstəliklə mübarizə etmir, əksinə orqanizmin antibiotiklərə müqavimətini artırır.

Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur. Tətbiq edildiyi əksər hallarda antibiotik gərəksiz olur. Antibiotik təyin edilən hər 3 pasiyentdən birinin buna ehtiyacı yoxdur, antibiotik təyin edilənlərin demək olar ki, 30 faizi onu düzgün istifadə etmir. Dünyada ən çox antibiotik istehsal və istifadə edən Çində hər il 80 min insan antibiotikdən istifadə zamanı ölür.

Hər il dünyada 25 min insan antibiotiklərdən düzgün istifadə etmədiyi üçün ölür. Səhv istifadəsi bağırsaqlara, beyinə, ürəyə, böyrək və qaraciyərə pis təsir edir. Bir çox pediatr yuxarı tənəffüs yollarının infeksiyasına antibiotik təyin edir, bu Avropa ölkələrində qətiyyən belə deyil. Bizdə aptekdən reseptsiz almaq olur, amma Avropada yox.

 

Həkimsiz əsla!

Hər bir xəstəliyin klinik gedişindən asılı olaraq antibiotikə ehtiyac olub-olmaması sualı ortaya çıxır və bu qərarı ancaq həkim verməlidir. Xəstəlik törədicilər müxtəlif antibiotiklərə həssas olurlar. Həssaslığı isə laborator müayinədən sonra dəqiqləşdirmək olur.Yəni gözü yumulu antibiotik təyini düzgün deyil. Virus xəstəliklərində isə ümumiyyətlə antibiotik təyin olunmur. Təəssüf ki, bir az qızdırma olan kimi valideynlər uşağa özləri antibiotik verirlər. Buna ehtiyac olmadığına görə lazımsız dərman qəbulunun fəsadları qaçılmaz olur.

Peditr Mahir Əsədov deyir ki, əgər valideyn deyirsə uşağın boğazı ağrıyır, bu qətiyyən angina anlamını vermir: “Çünki boğaz ağrısı adi soyuqdəymədən də ola bilər və bu halda antibiotikə ehtiyac yoxdur. Anginalarda isə antibiotik təyin olunur və bu qərarı yalniz həkim verir. Bəzi antibiotiklərin təyinatında yaş limiti var. Yəni bəziləri 8, bəziləri isə 14 yaşa qədər təyin olunmur. Hamilə və süd verən qadinlarda antibiotik təyinatında çox ehtiyatli olmaq lazımdi. Bu halda da qərarı yalnız həkim verir. Bu məsələdə aptek işçilərinin də günahkar olduğunu etiraf etmək lazımdır”.

Qeyd edək ki, bir qrup antibiotiklərdən ev şəraitində istifadə etmək olmaz. Ümumiyyətlə, antibiotiklərdən özbaşına istifadə qətiyyən yolverilməzdir. Həkim bizə bu halda yaranacaq fəsadları da dedi: “Birinci, allergik reaksiyalar ola bilər. Bəzən hətta “anfilaktik şok” deyilən çox təhlükəli fəsad verir. Bu hal bəzən ölümlə nəticələnir. Biz bunun acı nəticəsini ötən il anasının iynəsindən şoka girib ölən gənc oğlanda da gördük.

İkinci, disbakterioz-mədə-bağirsaq pozğunluqları yarada bilər. Bu problem son vaxtlar çox geniş yayılıb. Üçüncü, kandidoz-göbələk xəstəliyi. Bu problem də “özfəaliyyətin” nəticəsində yaranır. Dürdüncü, bəzi antibiotiklər qulağa, qara ciyərə və böyrəyə toksiki təsir göstərir. Yəni bu orqanları sıradan çıxarır. Beşinci, qanda hemoliz yaradırlar, yəni qanı parçalayırlar. Bu kimi fəsadları çox sadalamaq olar. Bütün xoşagəlməz hallardan sığortalanmaq üçün həkim təyinatı olmadan antibiotklərdən istifadə etməmək məsləhətdir”.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir