oskurek

Xroniki öskürəyin səbəbləri

Baxış sayı: 62

Öskürək orqanizmin müdafiə mexanizmidir. Xəstəlik zamanı öskürək nəfəs yollarında yığılan artıq seliyi və ziyanlı maddələri xaric etməyə kömək edir.

Lakin bəzən öskürək çox uzunmüddətli olur (8 həftədən artıq). Buna tibbdə “xroniki öskürək” deyilir. Xroniki öskürək xəstəlik deyil, bu müxtəlif pozulmaların simptomudur. Xroniki öskürək uzun müddət ərzində keçməyən öskürəkdir. Bu çox yayılmış problemdir.

Xrobiki öskürəyin ən yayılmış səbəbləri arasında:

– Siqaret çəkən insanların əksər hissəsi xroniki öskürəkdən əziyyət çəkir. Siqaret tüstüsü bronxlara çox mənfi təsir edir – bronxların daralmasına və bronxların xroniki iltihabına səbəb olur. Bu səbəbdən siqaret çəkən insanların əksəriyyətində xroniki bronxit aşkar olunur. Digər siqaret tüstüsünün təziri ilə bağlı olan problem – bronxların xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik zamanı bronxlarda daralma baş verir. Nəticədə xəstədə xroniki öskürək, təngnəfəslik, havanın çatmaması hissi yaranır. Bir çox hallarda xəstələr bu simptomları ürək xəstəlikləri ilə əlaqələndirirlər.

– Astma xəstəliyi xroniki öskürəyin əsas səbəblərindən biridir. Astma zamanı xəstənin bronxlarında daralma və iltihab baş verir. Astma xroniki öskürək, xırıltı nəfəsalma, boğulma tutmaları ilə müşahidə olunur.

– Reflyüks xəstəliyi də xroniki öskürəyin səbəbi ola bilər. Bu xəstəlik zamanı mədə şirəsinin bir hissəsi qida borusuna və qırtlağa düşür. Nəticədə nəfəs yollarının spazmı əmələ gəlir ki, bunun nəticəsində insan öskürür. Reflyüks xəstəliyinin digər simptomları arasında: qıcqırma, ağızda turş dad.

– Burun ciblərinin iltihabları (rinit, sinusit) də xroniki öskürəyin səbəbi olur. Bu zaman selik burun boşluğundan qırtlağın axra divarından tökülərək nəfəs yolları qıcıqlandırır və iltihaba səbəb olur.

– Bəzi dərman preparatların qəbulu da (xüsusilə hipertoniya zamanı istifadə olunan dərmanların – məsələn, kaptopril və s.) xroniki öskürəyə səbəb olur.

– Xroniki öskürəyin səbəbi həmçinin ağ ciyər şişləri də ola bilər.

– Yad cismin nəfəs yollarına düşməsi də xroniki öskürəyə səbəb olur. Bu hal daha tez-tez uşaqlarda müşahidə olunur.

– Ürək xəstəlikləri və ürək çatışmazlığı zamanı da xroniki öskürək digər simptomlarla yanaşı qeyd olunur.

Əgər xroniki öskürək fonunda öskürək zamanı qan, irin ifraz olunursa, bədən hərarəti artırsa, insan özünü çox zəif hiss edir, tez-tez tərləyirsə, təngnəfəslik inkişaf edirsə, dərhal həkimə müraciət edin.