Qumru Eyvazova

Əcnəbilərin Azərbaycanda yaşamalarının şərtləri – “VƏKİL BÜROSU”

Baxış sayı: 2. 051

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən çox) yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yerini dəyişdikdə, o, yeni yaşayış yerinə gəldiyi gündən 5 iş günü müddətində yeni yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatda olduğu mənzilin sahibinə məxsus başqa mənzildə müvəqqəti yaşadığı halda, onun yaşayış yeri üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

pasport

Əcnəbi ölkəyə gəldiyi andan 15 gün müddətində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytının elektron xidmətləri, “Elektron hökumət” portalı və elektron poçt vasitəsilə elektron formada qeydiyyata alınması üçün müraciət etməli və ya şəxsən regional miqrasiya şöbələri və ya “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasına görə dövlət rüsumu ödənilmir. Azərbaycan Respublikasına viza ilə gələn əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qalma müddəti vizada göstərilən ölkədə olma müddəti ilə müəyyən edilir. Ölkəyə vizasız daxil olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədə 90 günə qədər qalması tələb olunur. Beləliklə, ölkədə müvəqqəti olma müddəti başa çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddəti ya uzatmalıdırlar, yəni göstərilən müddətə 22 iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkəni tərk etməlidirlər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddəti 1 aya qədər, 1 aydan 2 aya və 2 aydan 3 ayadək uzadıla bilər. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər: həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohum olduqda; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olduqda və qanunla nəzərdə tutulmuş digər hallarda. Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 3 ay, 6 aya qədər və 1 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində olma, yaşama və ya oradan keçmə qaydalarının pozulması, yəni bir yerdən digər yerə gedərkən yaşayış yeri və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edilməməsinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 300 manatdan 400 manatadək miqdarda cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir