Qumru Eyvazova

Əmək müqaviləsi olmadan çalışanların məhrum olduğu 10 imtiyaz – “VƏKİL BÜROSU”

Baxış sayı: 830

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işəgötürən onun iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi bağlamalıdır. Lakin bir çox hallarda rast gəlirik ki, yazılı surətdə əmək müqaviləsi bağlamadan fiziki şəxslərin əməyi istismar olunur, bununla da həm işəgötürən müvafiq vergilərin ödəməsindən yayınır, həm də həmin işçilər dövlət tərəfindən təsdiq edilmiş müxtəlif sayda imtiyazlardan məhrum olunurlar.

 

Bəs bu imtiyazların siyahısına nələr daxildir?

Əmək müqaviləsi olmadan işləyən şəxslərin məhrum olduğu hüquqlar və
imtiyazlar aşağıdakılardır:

1. Əmək Müqaviləsi olmadan əməyə cəlb olunan şəxslər gələcəkdə pensiya təminatından məhrum olunurlar;

2. Əmək müqaviləsi olduğu təqdirdə il ərzində ödənişli və ya ödənişsiz əmək məzuniyyətindən və Əmək məcəlləsində göstərilən digər növ məzuniyyətlərdən istifadə etmək hüququndan məhrum edilirlər;

3. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər;

4. Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə müavinət ala bilmirlər;

5. Əmək müqaviləsi bağlanmadıqda işçi hər hansı mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətlərdən məhrum edilir;

6. İşəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər;

7. Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər;

8. Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır;

9. Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir;

10. Banklar tərəfindən istehlak və ya ipoteka kreditlərin verilməsi zamanı işçiyə veriləcək krediti (borcu) ödəmək qabiliyyəti araşdırılarkən (“ASAN Finans” sistemi vasitəsi ilə məlumatların alınmasına dair sorğu göndərilərək) kredit istəyən şəxsin (işçinin) rəsmi qaydada təsdiqlənmiş gəlirləri olmadığı üçün ipoteka kreditinin verilməsində bank tərəfindn imtina ediləcək.

Ümumilikdə götürsək, əmək müqaviləsi ilə işləyən işçinin əmək müqaviləsinə xitam verilməsi əsasları da fərqlənir. Belə ki, yuxarıda da sadaladığımız kimi, müqaviləsiz işləyən işçi ilə işəgötürən istədiyi vaxt münasibətləri ləğv edə bilər. Lakin, müqavilə ilə işləyən işçinin əmək münasibətlərinə xitam verilməsi əsasları yalnız qanunvericiliyə müvafiq qaydada ola bilər.

Əlavə olaraq qeyd etmək olar ki, əmək müqaviləsi olmadan işləyən işçiyə işəgötürən tərəfindən başqa neqativ təsirlər də göstərilə bilər, onun əmək funskiyasına daxil olmayan işlərə cəlb edilməsi işəgötürən tərəfindən tələb edilə bilər. Həmçinin, istirahət günlərində, və yaxud bayram günlərində işçinin əvəzi ödənilmədən işlədilməsi hallarına da rast gəlmək olur ki, bu da birbaşa olaraq əmək qanunvericiliyinə zidd olan hal kimi səciyyələndirilir.

 

Vəkillər Kollegiyasının üzvüvəkil Qumru Eyvazova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir