QUMRU EYVAZOVA

Ər arvad bir birlərinin əmlakını idarə edə bilərmi? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 846

Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onların birgə mülkiyyətidir. Ər-arvadın əmlakına ər-arvadın hər birinin əmək fəaliyyətindən, sahibkarlıq fəaliyyətindən və əqli fəaliyyətinin nəticələrindən əldə etdiyi gəlirlər, aldıqları pensiyalar, müavinətlər, habelə xüsusi təyinatı olmayan digər pul ödənişləri (Yardım, xəsarət və ya sağlamlığa başqa ziyan vurması nəticəsində əlilliklə əlaqədar zərərin ödənilməsi üçün ödənilən məbləğlər və s.)daxildir.

Ər-arvadın ümumi əmlakı, həmçinin ər-arvadın birgə gəlirləri hesabına əldə edilmiş daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, səhmlər, depozitlər, kredit təşkilatlarına və ya digər kommersiya təşkilatlarına qoyulmuş kapitaldakı paylar və onların əldə etdikləri hər hansı digər əmlaklarda onların hansının adına alınmasından asılı olmayaraq, nikah dövründə əldə edilmiş sayıldığından, onların birgə mülkiyyəti kimi hesab edilir.

Bəzi hallarda, ər və yaxud arvad onun gəliri hesabına əldə edilmiş əmlakı sonradan nikah pozularkən bölündüyü zaman iddia edir ki, bu əmlak məhz onun gəliri hesabına əldə edildiyindən qarşı tərəfə bu əmlakdan pay düşməməlidir. Lakin qüvvədə olan qanunvericilik, daha dəqiqliyi ilə desək, Ailə Məcəlləsi bu məsələyə başqa cür yanaşır. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Buna görə də, ər arvadın bu hissədə iddiası rədd edilmiş sayılır.

 

Birgə mülkiyyət dövründə əldə edilmiş ər-arvadın adına alınan əmlak hansı qaydada ər-arvad idarə edir?

Ailə Məcəlləsinin 33.1 və 33.2.-ci maddələrində deyilir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Digər maddədə deyilir ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

Bütün bu maddələrdən də görünür ki, istər daşınmaz, istərsə də daşınar əmlak olsun, adına əmlak olan mülkiyyətçi ər və yaxud arvad digər tərəfin bu əmlakdan istifadə etməsinə icazə verməlidir.

 

Daşınar əmlak sayılan avtomobil ər və yaxud arvadın adınadırsa, nikah şəhadətnaməsini təqdim etmək kifayətdirmi?

Əgər birgə nikah dövründə ərin və yaxud arvadın adına alınmış avtomobil mövcuddursa, onun idarə edilməsinə də mülkiyyətçi tərəf razılıq verməlidir. İndiki halda isə bu razılıq etibarnamə ilə təsdiqlənir. Lakin vətəndaşlar elə düşünürlər ki, əgər onlar nikah şəhadətnaməsini Dövlət Yol Polis İdarəsinin əməkdaşına təqdim edərlərsə, o zaman bu hal onların sənədlərinin qaydasında olması kimi qəbul ediləcəkdir. Lakin qanunvericiliyi bilməmələri səbəbindən belə hallarda onlar problemlər yaşayırlar. Çünki nikah şəhadətnaməsinin olması, ərin və yaxud arvadın mülkiyyətindən tərəflərin istifadə etmə hüququnun yaranmasına dəlalət etmir. Elə məhz buna görədir ki, qanunvericilik bunu xüsusi olaraq vurğulayır. Yəni, notarial qaydada təsdiq edilmiş etibarnamənin olması mütləqdir.

Ümumiyyətlə ər və arvadın əmlakının qanuni rejimi barədə Ailə Məcəlləsində xüsusi olaraq ayrıca fəsil ayrılmışdır və burada bütün verilən suallara cavab tapmaq mümkündür.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir