Sosial evlərlə bağlı ikinci layihə reallaşdırılacaq. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev deyib. Qurum rəhbəri bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib:
“Statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır”.
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq:
“Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb”.
Layihə ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib ki, Agentlik tərəfindən təklif edilən üsullar normaldır və ipoteka şərtlərinə uyğundur:
“2017-ci il üçün nəzərdə tutulan 50 milyon ipoteka krediti məhz MİDA-ya ayrılıb. Qurum həmin vəsait hesabına tikintiləri icra edir. Bildiyimiz kimi, artıq sosial evlərin inşası ilə bağlı Yasamal rayonunda müvafiq ərazi ayrılıb. Həmin ərazidə 2000 mənzil sosial ev kimi uyğun qiymətlərə vətəndaşlara təklif olunacaq. İkinci layihə isə Hövsanda inşa ediləcək və 3000 mənzili əhatə edən bir şəhərcik tikilərək istifadəyə veriləcək. Təbii ki, Hövsandakı tikinti ilə bağlı da tender elan olunacaq. Məlumdur ki, sosial evlər ilkin mərhələdə güzəştli kateqoriyaya daxil olanlara, yəni şəhid ailələrinə, veteranlara, alimlərə və başqalarına təklif ediləcək.
Daha sonra isə bu kateqoriyalara daxil edilməyən gənc ailələrin sosial evlərlə təmin edilməsi prosesinə start veriləcək. 35 yaşına qədər gənc ailələr quruma müracət edərək sosial evlərdən yararlana bilərlər. Kredit müddətinin 30 il olması da müsbət haldır.
Əgər vətəndaş hansısa kommersiya bankından ipoteka əldə edə bilirsə, rahat şəkildə sosial evə yazıla bilər. Bu şərtlər həm “Yeni Yol Xəritə”sinə, həm Agentliyin əsasnaməsinə uyğundur”.