motosiklet

Unudulmuş uçan avtomobillər – FOTOLAR

Baxış sayı: 1. 596

Elmi fantastik əsərlərdə hər şeyi bir andaca məhv edərək külə döndərən lazer şüası, insanlara qarşı yeni cəbhə açaraq onları məhv olma təhlükəsi qarşısında qoyan ağıla və qeyri-adi təfəkkürə malik olan robotlar, həmçinin yerdə olduğu kimi havada da özünü rahat hiss edən avtomobillər barədə çox yazılıb. Belə avtomobillər günümüzdəkilərdən ancaq havaya qalxaraq uçmağa imkan verən bir düymə ilə fərqlənirlər. Bu baxımdan 20-ci əsr uçan avtomobillərin yaradılması istiqamətində atılan addımlarla yadda qalıb.

Kertis avtoplanı

Fantastik əsərlərdə deyilənləri nəzərə almasaq, mühandis Qlen Kertis tərəfindən hazırlanan avtoplan dünyada ilk uçan avtomobil hesab edilir. 1917-ci ildə aviasiya üzrə tanınmış mühəndis Qlen Kertis Ford avtomobili əsasında özünün layihəsi ilə uçan avtomobil hazırladı. 3 qanadı olan uçan avtomobil 100 at gücünə malik idi. Avtomobilin öndəki iki təkəri kabinədəki rolun vasitəsi ilə müxtəlif istiqamətlərə dönürdü. Avtomobil yerdə və havada onun arxa hissəsində quraşdırılan pərlər vasitəsi ilə hərəkət edirdi. Bu maşin müəyyən qədər havaya qalxandan sonra yerə enirdi. Mütəxəssislərin də dediyi kimi onun uzun müddət havada uça bilməsi üçün nə isə çatışmırdı. Kertisin bütün cəhdlərinə baxmayaraq avtomobil yerdə olduğu kimi havada rahat uça bilmədi. Nəticədə tədricən o unuduldu.

Cessi Diksonun uçan avtomobili

Ötən əsrin 30-cu illərinin sonları, 40-cı illərinin əvvəllərində ABŞ-ın Alabama ştatında mühəndis Cessi Dikson tərəfindən uçan maşın hazırlandı. 40 at gücündə olan bu avtomobil saatda 100 mil(160 kilometr) sürətə malik idi. O havada istənilən istiqamətə dönə, çevrilə və manevr edə bilirdi. Amma bu avtomobilin də özünəməxsus çatışmazlıqları vardı və onun asanlıqla qəzaya uğraması təhlükəsi mövcud idi. Ona görə də bu uçan avtomobilin də istehsalı məqsədəuyğun bilinmədi.

CONVAIRCAR və ya “uçan təkərlər”

II Dünya müharibəsindən sonra da uçan avtomobillə bağlı işlər davam etdirildi. Bu müstəvidə də 1946-cı ildə CONVAIRCAR – “uçan təkərlər” adlı avtomobilin ilk sınağı keçirildi. Kiçik təyyarə avtomobilə qaynaq edilmişdi. Qanad, quyruq hissə və pərlər avtomobildən asanlıqla ayrıla və o yerdə adi avtomobil kimi hərəkət edə bilirdi. Uçan avtomobil 66 dəfə uçuş həyata keçirdi. Sonralar mühəndis-dizayner Ted Holl onu təkmilləşdirdi. Bu da ona havada və yerdə daha rahat hərəkət etməyə imkan verdi. CONVAIR kompaniyası ildə 160 000 min uçan avtomobil istehsal etməyi planlaşdırmışdı. Amma uçan avtomobilin növbəti sınaqları zamanı qəza baş verdi. Pilot maşını havaya qaldıran zaman yanacaq çəninin dolu olduğunu zənn etmişdi. Buna səbəb maşının və təyyarənin yanacaq miqdarını göstərən iki cihazdan birinə pilotun səhv baxması oldu. Pilot avtomobilin dolu yanacağının səhvən təyyarəyə aid olduğunu düşünmüşdü. Həqiqətdə isə təyyarənin yanacaq çəni boş idi. Bu da uçan avtomobilin qəzaya uğramasına səbəb oldu. Nəticədə CONVAIR uçan avtomobillərin istehsalının təhlükəli olacağı qərarına gələrək onun kütləvi şəkildə istehsalına başlamağa cəsarət etmədi.

AVE MIZAR uçan avtomobili

1971-ci ildə Kaliforniyadakı “Advanced Vehicle Engineers” kompaniyası uçan avtomobil yaratdı. Bu məqsədlə 1940-cı ildə sınaqdan çıxarılan “uçan təkərlər” modelinin təkmilləşdirilmiş variantından istifadə edildi. “Advanced Vehicle Engineers”-də çalışan bir qrup mühəndis yüngül matorlu Çeççna Çkaymaster təyyarəsini Ford Pinto avtomobilinin üstünə bərkitdilər. Nəticədə hibrid uçan avtomobil AVE Mizar modeli əldə edildi. Bu avtomobil də yerdə sürətlə hərəkət edirdi və nəticədə onun pərləri hərəkətə gələrək havaya qalxmasına imkan verirdi. Yerə eniş edərkən əyləc vasitəsi ilə uçan avtomobiln sürətini azaltmaq olurdu. Amma 1973-cü ildə hava uçuşu zamanı uçan avtomobilin sağ qanadı havada qoparaq yerə düşdü. Baş verən bu qəzadan sonra “Advanced Vehicle Engineers” kompaniyası uçan avtomobilin istehsalına başlamağa cəsarət edə bilmədi.

Hava super motosikleti

Uçan avtomobillərin müxtəlif səbəblərdən istehsalı qaydaya salınmasa da, onun təkmilləşdirilməsi üzərində işlər davam etdirilir. Bunun da nəticəsində “Kəpənək” adı verilən uçan hava super motosikleti meydana çıxdı. Uçan hava super motosikleti Cessi Diksonun uçan avtomobilindən azacıq fərqlənir. Super motosikletin quyruğundakı pərləri onun havada istiqamətini tənzimləməyə imkan verir. 2009-cu ildə onun ilk uğurlu sınağı keçirilib. Uzunluğu 2,1 metr olan bu uçan super motosikleti asanlıqla qarajda saxlamaq mümkündür. Bundan əlavə o asanlıqla sökülüb yığılır. Butterfly Aircraft LLC kompaniyası tərəfindən super motosiklet kütləvi şəkildə istehsal edilir. Pilot kimi təyyarə idarə etməyi bacaran və bununla bağlı sürücülük vəsiqəsi olan istənilən adam onu yerdə sürə və havaya qaldıra bilər. Uçan super motosikletin qiyməti 40 min dollardır.

Son illərdə isə dünyanın müxtəlif ölkələrində uçan avtomobillərin daha təkmilləşdirilmiş variantları yaradılıb. Onların bir çoxu uğurla sınadan çıxarılıb. Belə güman edilir ki, yaxın illərdə uçan avtomobillər insanların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevriləcək və onunla artıq heç kimi təccübləndirmək mümkün olmayacaq.

 

Əziz Mustafa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir