saxtababa ve qar qiz

Şaxta baba, şaxta can, hardasan bu vaxtacan?!

Baxış sayı: 3. 496

Artıq paytaxtın görkəmli yerlərində və parklarda Şaxta baba və Qar qızlarına rast gəlmək mümkündür. Bir çox yerlərdə yolkalar da artıq quraşdırılıb yekunlaşdırılmaq üzrədir. Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar – Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib. Bildirilir ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir. Belə ki, Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. “Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur”.

Qeyd edək ki, Şaxta baba və Qar qız olmaq üçün hələlik quruma müraciət olunmayıb. Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər dekabrın 25-dən başlayaraq işləyə bilərlər. Dövlət rüsumu ödəyənlər şəhər və parklarda Şaxta baba və Qar qız kimi 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcəklər.

 

Bayram, şənlik və tədbirlərin təşkili ilə məşğul olan Natalya Brovina bildirir ki, uğurlu Yeni il şənliyinin keçirilməsi üçün Şaxta baba və Qar qız seçimi çox önəmlidir. Onun sözlərinə görə, dekabrın 31-də evlərə sifarişlə gedib uşaqları təbrik etmək və ya uşaqlar üçün müxtəlif Yeni il şənliklərinin keçirilməsindən ötrü Şaxta baba və Qar qız olmaq çox məsuliyyətli işdir. “Animatorlar, bu personajlar şənlikdə olan uşaqların yaş qrupuna uyğun davranmalıdır. Çünki bağça uşaqları, ibtidai sinif uşaqları və yuxarı sinif şagirdləri bir-birindən çox fərqlənirlər. Əsasən də şənliklər restoranlarda keçirilirsə, bu zaman valideynlərin tələbləri fərqlidir. Valideynlərin tələbləri ondan ibarət olur ki, Şaxta baba və Qar qızın geyimləri, aksessuarları çox gözəl olmalıdır. Onlar məhz Yeni il mövzusunda olan nağıl qəhrəmanlarını xatırlatmalıdırlar. Belə ki, Yeni il şənliyi nağıllarla assosiasiya olunur”.

N.Brovina qeyd edir ki, Şaxta baba və Qar qızın Yeni il mövzusuna uyğun maraqlı şənlik proqramları olmalıdır: Adətən onlar oyunlar, viktorinalar, hədiyyəli müsabiqələr keçirirlər. Çox vaxt bu oyunları valideynlərin özləri oynayır. Çünki bu uşaqların bayramı olduğu kimi həm də böyüklərin bayramıdır. “Şaxta baba və Qar qız uşaqlar və böyüklərlə oyunlar oynamağı bacarmalıdır. Ən əsası improvizasiyadır. Yeni il şənliyi zamanı müxtəlif situasiyalar yaranır, bəzən uşaqlar özləri oynamaq istədikləri oyunları təklif edirlər. Bu səbəbdən də Şaxta baba və Qar qız bayramda baş verə bilən bütün hadisələrə hazırlıqlı olmalıdır. Onlar çox şən olmalı və əyləndirməyi bacarmalıdırlar. Yalnız uşaqları güldürüb sevindirməyi deyil, böyükləri də şənləndirməyi bacarmalıdırlar”.

Həmsöhbətimizin dediyinə görə, bu gün animatorlar çox aktualdır: “Çünki bayramda, əsasən də Yeni il bayramında evə sifarişlə Şaxta baba və Qar qız gələndə tamam bayram ab-havası yaranır, istər-istəməz insanların əhvalı yüksəlir, bayram adi günlərə bənzərlikdən çıxır, əsl bayram olaraq yaddaşlarda qalır. Əsasən də bu uşaqlar üçün sevindirici olsa da, böyüklərin də nağıllara ehtiyacı var. Çox vaxt olur ki, animatorları yalnız uşaqlar üçün deyil, böyüklər üçün təşkil olunan şənliklərə də çağırırlar. Belə şənliklərdə də animatorlar oyunlar və müsabiqələr keçirir, çünki böyüklər bayramlarda uşaqlara çevrilir, uşaqlığını xatırlayır və uşaqlar kimi onlar da oyun oynamaq istəyirlər”.

Qeyd edək ki, Şaxta baba və Qar qız sifarişi fərqli qiymətlərədir. 100 manatdan 200 manata qədər pul ödəyərək şəxslər evlərinə animatorları sifariş edə bilər.

 

Psixoloq Aydan Nəzərova deyir ki, Şaxta baba və ya Qar qız seçərkən görünüşcə buna uyğun və istedadı olan insanlar seçilməlidir: “Hər adamı Şaxta baba qoymaq olmaz. Yeni il personajlarından Şaxta babanın üzərinə daha böyük məsuliyyət düşür. Bu səbəbdən də onun seçiminə xüsusi yanaşılmalıdır. Səsi, intonasiyası, davranışı uzaqlardan gələn xeyirxah, uşaqları sevindirən, hədiyyə bağışlayan, qışı gətirən bir obraz yaratmalıdır. Şaxta baba və Qar qız uşaqları sevən insanlar olmalıdır ki, onları əyləndirə, şənləndirə bilsin. Sanki həmin anda hər ikisi də uşaq olmalıdır. Uşaqları hiss edib duymalı və müsbət enerjini uşaqlara ötürməlidir”.

Onun sözlərinə görə, çox vaxt görürsən ki, Şaxta baba və Qar qız şənliyi çox sönük aparırlar. “Uşaqlar onlarla şəkil çəkdirmək üçün növbəyə düzülürlər. Sanki onlar sadəcə maket rolunu oynayırlar. Fon olaraq Şaxta baba və Qar qız görə bilərik. Amma onları personaj, obraz olaraq da nağıl qəhrəmanı kimi görməliyik, yəni onların daxili aləmi, aktyorluq bacarıqları, bu rolu necə oynamaları daha önəmlidir. Yeni il şənliyindən Şaxta baba və Qar Qızın bizimlə necə davrandığı önəmli olur”.

Image result for Psixoloq Aydan Nəzərova

Nəzərovanın dediyinə görə, ildən-ilə hər şey yenilənir, müasir zamana uyğunlaşdırıldığı kimi Şaxta baba və Qar qız da dəyişir, əvvəlki Şaxta baba və Qar qızı kimi deyillər. Amma onların obrazındakı əsas xüsusiyyətlər saxlanılıb”.

Mütəxəssisin dediyinə görə, Şaxta babanın ancaq qış mövsümündə şaxtadan, qardan düzəldiyi anlamı bizdə uşaqlıqdan formalaşdırılıb: “Biz uşaq olarkən bizdən həmişə soruşardılar ki, Yeni ildə Şaxta baba sənə hədiyyə nə gətirsin? Biz uşaq ikən həqiqətən də inanırdıq ki, Şaxta baba və Qar qız var, Şaxta baba bizə hədiyyə gətirəcək. Günümüzdə olan uşaqlarımıza baxanda, əksər uşaqların Şaxta babaya inanmadığını görərik. Düzdür, elə uşaqlar var ki, Şaxta babaya inanır. Şaxta babaya arzularını yazırlar. Uşaqlar üçün sevindirici bir hadisədir. Uşaqlar Şaxta baba ilə qışın gəlişini hiss edir. Şaxta baba və Qar qız uşaqlarda bu sehri, nağılları canlandırmaq üçün hər zaman xüsusi geyimdə, qrimdə olmalı, aksesuarlarla bəzədilməlidirlər. Şaxta babanın yanaqları bir qayda olaraq qırmızı olur və biz uşaqlara bunu belə izah edirik ki, Şaxta babanın yanaqları şaxtadan donduğu üçün qırmızı rəngdədir”.

Müsahibimizə görə, çox vaxt valideynlər deyirlər ki, Yeni ildə gecə Şaxta baba sənə hədiyyə gətirib yolkanın altına qoyacaq: “Valideynlərin bu cür deməyinin tərəfdarı deyiləm, çünki bununla uşaqda paranoid fikirlər oyadırıq. Uşaqlar gecə yatmaq istəmir və narahat qalır ki, görəsən Şaxta baba gələndə onu görə biləcəklərmi. Yaxşı olar ki, ev əhlindən kimsə Şaxta baba paltarını geyinib hədiyyəni gətirsin. Bu, həm Şaxta babanı görə bilmədiyi üçün uşağı narahatlıqdan, məyusluqdan qurtarar, həm də bayram sevinci bəxş edər”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir