mektebli

Ağır çanta, ağır dərs yükü və yorulmuş məktəbli…

Baxış sayı: 1. 849

Milli Məclisin üç gün öncə keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov təhsil problemlərindən söz açıb. YAP rəsmisi məktəbli çantalarının ağırlığından şikayətlənib.

“Uşaq səhər saat 8-dən axşam saat 10-a qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu, 12-13 saat çəkir. Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta ”çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər”, – deyə o qeyd edib.

 

Çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir

Əslində, dəfələrlə sözügedən mövzuya toxunub. Çünki məktəblilərin dərs yükü, ağır çantaları həllini tapmayan problemlərdəndir. Öncə ondan başlayaq ki, V-VII siniflərdə həftəlik tədris yükü 56 saata qədərdir. Yalnız tədris fəaliyyətinə və onun statistik komponentlərinin öyrənilməsinə məktəblinin sərbəst vaxtının təxminən 68 faizi sərf edilir, yəni əlindən alınır. Bu qədər informasiya yükünün altına girmək isə hər bir yeniyetmə üçün uğurlu nəticə vəd etmir.

Daha bir detal isə bu ağır dərs yükü ilə yanaşı, məktəblilərin çiyninə düşən ağır çanta yüküdür. Mütəxəssislərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə (onurğa əyrliyi) səbəb ola bilər.

məktəbli ile ilgili görsel sonucu

İnkişaf etmiş ölkələrdə şagirdlərə evə dərs verilmir

Kompüter də uşaqların yüklənməsində mühüm vasitələrdən biridir. Normativlərə görə, birinci siniflər kompüterlə 10 dəqiqə, II-V siniflər 15, VI-VII siniflər 20, VIII-IX siniflər 25, X-XI siniflər birinci dəfə 30, müəyyən fasilədən sonra 20 dəqiqə məşğul ola bilərlər. I kursda oxuyanlar bir saat, yuxarı kurs tələbələri 2 saat 15-20 dəqiqəlik fasilələrlə kompüterdən istifadə edə bilərlər. Halbuki indi müasir şagirdlərin kompüter qarşısında keçirdiyi vaxtla normativ arasında ikiqat fərq var.

Dünyanın ən inkişaf etmiş ölkələrində ibtidai sinif uşaqlarına ev tapşırıqları verilmir. Kitablar çox vaxt sinifdə qalır. Kurikulumun tələblərinə görə, keçilən mövzu elə dərs prosesində öyrədilir.

Dünyanın əksər ölkələrində birinci növbədə gənclərin sosial müdafiəsi üçün 12 və ya 13 illik orta təhsil sistemi həyata keçirilir. Məsələn, Böyük Britaniyada təhsil müddəti 10-13 il, Fransa, İspaniya, Polşa, Yaponiya, Litva, Latviya, Estoniya və Moldovada 12 il, İtaliya, İsveçrə, Almaniyada 13 ildir. Ölkələrin yalnız 25 faizində orta təhsil 10-11 illikdir ki, Azərbaycan da bu qrupa daxildir. Tədris illəri artırılsa, mütənasib olaraq hər ilə düşən yük, hər günə düşən saatlar da azalar. Saat az olduqda, təbii ki, çantaya yığılan dərsliklər, iş dəftərləri, dərs vəsaitləri və ləvazimatlar da ixtisara düşər.

Ä°lgili resim

Dərs yükü çox, tətillər ondan da çox…

Amma məsələnin bir başqa tərəfi də var. Dünyada heç bir ölkə tətil günlərinin sayı məsələsində bizimlə rəqabət edə bilməz. Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil – martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədərsə ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. “Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

məktəbli ile ilgili görsel sonucu

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

Ümumiyyətlə, tətillərlə bağlı yeni “Təhsil haqqında” Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazır. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.

Ekspertlər hesab edir ki, qəbul imtahanları, şagird biliklərini yoxlama proqramları Azərbaycan məktəblilərinin orta məktəb proqramını mənimsəyə bilmədiyini göstərir. Bu, tətil günlərinin çoxluğu, dərslərin həddən artıq ağır olması ilə bağlı ola bilər. Tətillər o prinsiplə müəyyənləşməlidir ki, uşaqlar tədris olunan fənni mənimsəsinlər. Amma indiki tədqiqatlar göstərir ki, bu sahədə qüsurlar var. Yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınır. Azərbaycan təhsilində xaotik bir durum yaranır. Dərslərin 15 sentyabra keçirilməsi ilə əlaqədar 15 gün müddətinin harasa sığışdırılması məsələsi vardı. Dərs ilinin 15 sentyabra keçirilməsi məktəblərimizə yenilik gətirmədi. 1 sentyabr nostaljisini unutmağa gətirib çıxardı. Rasional yanaşsaq, uşaqlar daha çox evlərdə təhsil alırsa, tətillərin sayının azaldılması daha məqsədəuyğundur.

Daha bir detal yay məktəbləri ilə bağlıdır. Belə ki, Qərbdə yay məktəbləri olduğu üçün uşaqlar il boyu mənimsədikləri bilikləri həmin məktəblərdə möhkəmləndirirlər. Ölkəmizdə belə təcrübənin olmaması da uzunmüddətli tətillər zamanı uşaqlarda ətalətin yaranmasına səbəb olur. Necə deyərlər, yay vaxtı məktəblilər yüklənir, yay tətilində isə onların biliyinin təkrarlanması və bu fənni unutmaması üçün heç bir tədbir görülmür.

 

İlginc nümunə – Kanada təhsili…

Müqayisə üçün bir-iki xarici ölkənin orta məktəb təcrübəsini də yada salaq. Məsələn, Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində məktəblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat duyulur.

 

6 yaşında I sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən asılı olaraq 11 və ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar.

Məktəblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair (fizika, biologiya və bu qəbildən olan digər fənlər) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı, məktəblərdə kompüter vərdişləri, xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam etdirilir.

Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən katolik məktəblər hesab olunur. Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür.

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir.

Kolleclərdə əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir.

Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə – əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər.

Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir. Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir