“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında oxuculatımızı bu dəfə Özbəkistan mətbəxi ilə tanış edəcəyik.
Orta Asiyada çox populyar olan Özbəkistan mətbəxinin ən məşhur yeməyi Özbək plovu hesab olunur. Bu plovun hazırlanmasında ən diqqətçəkən məqam ətlə yanaşı, kökdən də istifadə olunmasıdır. Yerli mətbəxdə həmçinin heyvalı plov, kovatak plov kimi plov növləri də geniş yayılanlardandır.
Özbək yeməkləri çox kalorili olması ilə diqqət çəkir. Həmçinin soğandan çox, souslardan isə demək olar ki, heç istifadə olunmamasını qeyd etmək olar. Ən maraqlı məqam isə ətin sümüklə bişirilməsidir. Bunun səbəbi isə yerli əhalinin ətin suyunun şəfalı olmasına inanmasıdır.
Xəmir yeməkləri də yerli əhalinin ən sevimli yeməkləri sırasındadır. Məsələn, su buxarında bişirilən mantı çox sevilir.
Özbəkistan mətbəxində “Maş horda” və “Mastava” kimi şorbalardan da çox istifadə olunur.
Özbəkistan süfrələrini meyvəsiz təsəvvür etmək mümkünsüzdür. Üzüm, ərik, şaftalı, armud, alça, albalı, heyva və əncir kimi ölkə daxilində yetişdirilən meyvələrə daha çox üstünlük verən özbəklərin yeməkdən öncə də, sonra da çay içməsi vurğulanmalıdır.
Aydan Kərimli