Valideynlərin ən çox narahat olduğu mövzulardan biri uşaqların qidalanmasıdır. “Heç nə yemir”, “yalnız bir neçə yeməyi qəbul edir”, “yeni qidaları dadmaq istəmir” kimi şikayətlər demək olar ki, hər ailədə müəyyən dövrdə səslənir. Bu vəziyyət bəzən yaşa uyğun inkişaf xüsusiyyəti olsa da, bəzi hallarda daha ciddi qidalanma problemlərinin ilk əlaməti ola bilər.
Kiçik yaşlı uşaqlarda yemək seçiciliyi kifayət qədər geniş yayılmış davranışdır. Xüsusilə 2-6 yaş dövründə uşaqlar yeni dadlara qarşı ehtiyatlı yanaşa, müəyyən qidalardan imtina edə və yalnız sevdikləri yeməkləri tələb edə bilərlər. Bu mərhələ əksər hallarda normal inkişaf prosesinin bir hissəsi hesab olunur. Lakin valideynlərin diqqətli olması vacibdir, çünki adi seçiciliklə qidalanma pozuntusu arasındakı sərhəd hər zaman aydın görünmür.
Əsas fərq ondadır ki, seçici yemək davranışı uşağın sağlamlığına və inkişafına ciddi təsir göstərmir. Uşaq müəyyən qidaları rədd etsə də, ümumilikdə kifayət qədər qidalanır, boy və çəki göstəriciləri normal inkişaf edir. Yemə pozuntuları zamanı isə qida qəbulu o qədər məhdudlaşa bilər ki, bu, uşağın fiziki inkişafına, gündəlik fəaliyyətinə və emosional vəziyyətinə təsir etməyə başlayır.
Valideynləri narahat etməli olan məqamlardan biri uşağın qəbul etdiyi qidaların sayının həddindən artıq az olmasıdır. Əgər uşaq uzun müddət ərzində yalnız bir neçə növ qida qəbul edir və yeni qidalarla tanış olmaqdan qəti şəkildə imtina edirsə, vəziyyət daha ətraflı qiymətləndirilməlidir. Xüsusilə bu məhdudiyyət qida qruplarının böyük hissəsini əhatə etdikdə diqqətli olmaq lazımdır.

Digər mühüm göstərici yemək zamanı yaranan güclü emosional reaksiyalardır. Bəzi uşaqlar müəyyən qidaları gördükdə ağlayır, əsəbiləşir, hətta qusma refleksi göstərə bilirlər. Belə reaksiyalar sadəcə yeməyi sevməməkdən daha artıq bir problemin mövcudluğunu göstərə bilər.
Qidalanma çətinlikləri uşağın boy və çəki artımına təsir etdikdə də mütəxəssis dəstəyi vacib olur. Tez-tez halsızlıq, vitamin və mineral çatışmazlığı əlamətləri, inkişaf tempində geriləmə müşahidə olunursa, səbəbin araşdırılması lazımdır.
Təcrübədə tez-tez rast gəldiyimiz hallardan biri də sensor həssaslıqlarla əlaqəli qidalanma problemləridir. Bəzən valideynlər uşağın yemək seçməsini inadkarlıq kimi qiymətləndirirlər. Halbuki problem qidanın özündə deyil, onun yaratdığı hissiyyat təcrübəsində ola bilər. Uşaq müəyyən qidaların teksturasına, qoxusuna, temperaturuna və ya ağız daxilində yaratdığı hissə qarşı həssaslıq göstərə bilər. Məsələn, bəzi uşaqlar yalnız yumşaq qidaları qəbul edir, digərləri isə əksinə, xırtıldayan qidalara üstünlük verir. Belə hallarda qidalanma davranışının arxasında sensor emal xüsusiyyətləri dayanır.
Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağı məcbur etmək, yemək üzərindən təzyiq yaratmaq və ya cəzalandırmaqdır. Təəssüf ki, bu yanaşmalar problemi həll etmək əvəzinə daha da dərinləşdirə bilər. Uşaqda yeməyə qarşı narahatlıq artır və qidalanma prosesi ailə daxilində stress mənbəyinə çevrilir.

Qidalanma ilə bağlı çətinliklər müşahidə edildikdə ilk növbədə vəziyyətə sakit yanaşmaq, uşağın davranışını müşahidə etmək və səbəbləri anlamağa çalışmaq vacibdir. Əgər problem uzun müddət davam edir, uşağın inkişafına təsir göstərir, gündəlik həyatda məhdudiyyətlər yaradır və ya yemək zamanı güclü emosional reaksiyalar müşahidə olunursa, psixoloq, pediatr və ya sensor inteqrasiya üzrə mütəxəssisə müraciət etmək faydalı ola bilər. Erkən qiymətləndirmə və düzgün dəstək həm uşağın sağlam inkişafına, həm də ailənin gündəlik həyatının daha rahat təşkil olunmasına kömək edir.
Gültəkin Səhhət
Psixoloq, sensor inteqrasiya üzrə təlimçi
(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)











































































































































































Mən oğlumun yemək seçməsini sadəcə ərköyünlük hesab edirdim