Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər bu günlərdə məktəb forması, çanta, dəftər-kitab və digər ləvazimatların hazırlanmasına xüsusi diqqət yetirirlər. Ancaq uşağın məktəbə hazırlığı yalnız maddi ehtiyacların təmin olunmasından ibarət deyil. Uşağın yeni rejimə, qaydalara, məsuliyyətə, müəllimə və həmyaşıdlarına psixoloji baxımdan hazır olması da ən azı çantasının hazır olması qədər vacibdir.
Xüsusilə məktəbə ilk dəfə gedəcək uşaqlar üçün bu, tamamilə yeni bir mərhələdir. Uşaq bağçadan və ya ev mühitindən fərqli olaraq daha çox qaydanın olduğu, müəyyən məsuliyyət daşıdığı və uzun müddət ailəsindən ayrı qaldığı bir mühitə daxil olur. Buna görə də məktəbə başlamazdan əvvəl uşağın yalnız “dərsə” deyil, bu yeni həyata hazırlanması lazımdır.
Uşağa məktəbi qorxulu məsuliyyət kimi təqdim etməyin
Bəzən valideynlər uşağı məktəbə həvəsləndirmək istəyərkən fərqinə varmadan onun gözündə məktəbi qorxulu bir yerə çevirirlər.
“Orada artıq uşaq kimi davranmaq olmaz”, “Müəllim səni danlayacaq”, “Dərslərini oxumasan, pis olacaq”, “Məktəbdə hamı səndən daha yaxşı oxuyacaq” kimi ifadələr uşağın daxilində məktəblə bağlı narahatlıq yarada bilər.
Uşaq məktəbi cəza və təzyiq yeri kimi deyil, öyrənəcəyi, yeni insanlar tanıyacağı və bacarıqlarını inkişaf etdirəcəyi bir mühit kimi qəbul etməlidir.
Valideynin istifadə etdiyi dil burada çox əhəmiyyətlidir. “Məktəb başlayır, artıq böyümüsən, hər şeyə özün cavabdehsən” deməkdənsə, “Yeni şeylər öyrənəcəksən, çətinlik çəkdiyin məqamlar olsa, birlikdə həll edəcəyik” mesajı uşağa daha çox təhlükəsizlik hissi verir.
Uşağın narahatlığını “boş şeydir” deyərək kiçiltməyin
Məktəbə başlamazdan əvvəl uşağın müxtəlif sualları və narahatlıqları ola bilər:
“Müəllim mənə əsəbiləşsə nə olacaq?”, “Sinifdə dost tapa biləcəyəm?”, “Mən dərsi başa düşməsəm necə?”, “Anam məni nə vaxt götürəcək?”
Bəzi valideynlər bu suallara “Bunları niyə düşünürsən?”, “Heç nə olmayacaq”, “Qorxmağa nə var?” deyə cavab verirlər. Halbuki uşağın hissini inkar etmək onun narahatlığını aradan qaldırmır.
Əksinə, uşağın narahatlığını dinləmək və konkret cavab vermək lazımdır. Məsələn, “Səni ən çox nə narahat edir?”, “Gəl bunu birlikdə düşünək”, “Əgər belə bir vəziyyət olsa, nə edə biləcəyini sənə izah edim” kimi yanaşmalar uşağın özünü daha güvənli hiss etməsinə kömək edir.
İlk günlərdə mükəmməllik gözləməyin
Məktəbə başlayan uşağın ilk gündən hər qaydaya tam əməl etməsi, dərsdə uzun müddət diqqətini saxlaması, bütün tapşırıqları düzgün yerinə yetirməsi və dərhal sosial mühitə uyğunlaşması real gözlənti deyil.
Uşaq yeni mühitə uyğunlaşmaq üçün zamana ehtiyac duyur.
İlk həftələrdə müəyyən yorğunluq, diqqətin tez yayınması, səhərlər məktəbə getmək istəməmək, evə gəldikdən sonra daha əsəbi və ya həssas olmaq müşahidə edilə bilər. Bunların hamısını dərhal “ərköyünlük”, “tənbəllik” və ya “intizamsızlıq” kimi qiymətləndirmək düzgün deyil.
Valideyn ilk növbədə uşağın bu dəyişikliklərə necə uyğunlaşdığını müşahidə etməlidir.

Uşağı digər uşaqlardan müqayisə etməyin
“Müəllim dedi ki, filankəs artıq hamısını bilir”, “Bax, dostun səndən yaxşı yazır”, “Sən niyə onun kimi sakit otura bilmirsən?” kimi cümlələr uşağın motivasiyasını artırmır.
Əksinə, müqayisə uşağın özünəinamını zəiflədə və məktəblə bağlı mənfi emosiyaların formalaşmasına səbəb ola bilər.
Hər uşağın inkişaf tempi, diqqət müddəti, öyrənmə üsulu və uyğunlaşma sürəti fərqlidir. Valideynin əsas müqayisəsi uşağın başqaları ilə deyil, özünün əvvəlki vəziyyəti ilə olmalıdır.
“Keçən həftə bunu edə bilmirdin, indi artıq bacarırsan” kimi yanaşma uşağın öz inkişafını görməsinə imkan verir.
Uşağa kiçik məsuliyyətlər verin
Psixoloji hazırlığın vacib hissələrindən biri də uşağın gündəlik məsuliyyətlərə alışmasıdır.
Məktəbə başlamazdan əvvəl uşaq öz çantasını hazırlamaqda, məktəb əşyalarını yerinə qoymaqda, geyimlərini səliqəyə salmaqda və müəyyən sadə işləri müstəqil yerinə yetirməkdə iştirak edə bilər.
Burada məqsəd uşağın bütün işləri tək görməsi deyil. Məqsəd onda “Mən bunu bacara bilərəm” hissini formalaşdırmaqdır.
Valideyn uşağın hər işini onun əvəzinə gördükdə qısa müddətdə işi asanlaşdırmış olur, amma uzunmüddətli perspektivdə uşağın müstəqilliyinin inkişafını ləngidə bilər.
Rejimi birdən-birə dəyişməyin
Yay aylarında gec yatmağa və gec oyanmağa öyrəşmiş uşağın məktəb başlaması ilə bir gündə erkən rejimə keçirilməsi onun üçün əlavə stress yarada bilər.
Buna görə də yuxu və oyanma saatlarını məktəb başlamazdan əvvəl tədricən dəyişmək daha məqsədəuyğundur. Eyni zamanda yemək, oyun, ekran istifadəsi və istirahət saatlarının da müəyyən ardıcıllığa salınması uşağın yeni rejimə uyğunlaşmasını asanlaşdırır.
Uşaq üçün əvvəlcədən məlum olan gündəlik rutin təhlükəsizlik hissi yaradır. Növbəti mərhələdə nə baş verəcəyini bilmək uşağın narahatlığını azaldır.
“Məktəbdə özünü qoru” mesajını düzgün verin
Uşağın məktəbdə özünü ifadə etməsi və ehtiyaclarını böyüyə çatdırması da psixoloji hazırlığın bir hissəsidir.
Uşağa öyrətmək lazımdır ki, nəsə xoşuna gəlmədikdə “Mən bunu istəmirəm”, “Mənə belə davranmağını istəmirəm”, “Mənə kömək lazımdır” deyə bilər.
Həmçinin uşaq bilməlidir ki, müəllimə, valideynə və ya etibar etdiyi başqa bir böyüyə narahat olduğu məsələni danışmaqdan çəkinməməlidir.
Burada məqsəd uşağı məktəbdə baş verə biləcək bütün mənfi situasiyalarla qorxutmaq deyil. Əksinə, ona çətin vəziyyətdə tək olmadığını hiss etdirməkdir.

Uşağın səhv etməsinə icazə verin
Məktəb həyatının ilk mərhələsində uşaq çoxlu səhvlər edə bilər. Səhv yazacaq, dəftərini qarışdıra bilər, hansısa qaydanı unuda bilər, tapşırığı düzgün anlamaya bilər.
Valideynin reaksiyası burada uşağın gələcək öyrənmə münasibətinə ciddi təsir göstərə bilər.
Səhvə görə uşağı utandırmaq əvəzinə, səhvi öyrənmənin bir hissəsi kimi təqdim etmək lazımdır.
“Bu dəfə alınmadı, gəlin bir daha yoxlayaq” cümləsi “Sən bunu da bacarmadın” ifadəsindən tamamilə fərqli emosional mesaj verir.
Məktəb haqqında uşağın fikirlərini dinləyin
Dərs ili başlayandan sonra “Bu gün neçə aldın?”, “Müəllim nə dedi?”, “Kim səndən yaxşı oxudu?” sualları ilə kifayətlənməkdənsə, uşağın məktəbdə yaşadığı emosiyaları da soruşmaq lazımdır.
“Bu gün səni ən çox nə sevindirdi?”, “Səni narahat edən bir şey oldumu?”, “Kiminlə oynadın?”, “Bu gün özünü necə hiss etdin?” kimi suallar uşağın məktəb həyatını daha yaxından anlamağa imkan verir.
Bəzən uşaq dərsləri ilə bağlı heç bir problem yaşamasa da, sosial münasibətlər, müəllimlə ünsiyyət və ya özünü ifadə etmək məsələsində çətinlik çəkə bilər. Bunu yalnız uşağın danışmasına imkan verdikdə görə bilərik.
Uşağa əsas mesajı əvvəlcədən verin: “Sən tək deyilsən”
Məktəbə hazırlıq prosesində uşağın eşitməli olduğu ən vacib mesajlardan biri budur: “Nə çətinlik yaşasan, mən sənin yanındayam.”
Bu, uşağın hər problemini valideynin həll etməsi demək deyil. Əksinə, uşaq bilməlidir ki, çətinliklə qarşılaşdıqda onu dinləyən, dəstəkləyən və çıxış yolu tapmasına kömək edən biri var.
Məktəb uşağın həyatında yalnız akademik biliklərin əldə edildiyi mərhələ deyil. Bu dövrdə uşaq müstəqillik, məsuliyyət, sosial münasibət, özünü ifadə etmək və çətinliklərin öhdəsindən gəlmək kimi çoxsaylı bacarıqlar qazanır.
Ona görə də yeni dərs ilinə hazırlıq yalnız çanta almaq, forma seçmək və dəftərləri düzməklə bitmir. Ən vacib hazırlıqlardan biri uşağın daxilində “Mən bacara bilərəm, səhv edə bilərəm, öyrənə bilərəm və ehtiyacım olduqda kömək istəyə bilərəm” düşüncəsini formalaşdırmaqdır.
Uşağın məktəbə psixoloji hazırlığı məhz bu güvən hissindən başlayır.
Mənsurə Qəhrəmanova
Psixoloq-pedaqoq, Uşaq İnkişaf Mütəxəssisi
Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrəsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin psixoloqpedaqoqmq adlı instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)











































































































































































