is

Karantindən sonra işə necə adaptasiya olaq? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 291

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası səbəbindən təxminən iki aydır ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması əksər iş yerlərinin açılmasına və dolayısıyla da uzun müddətdir iş mühitindən uzaq qalan əksər insanların yenidən işə başlamasına zəmin yaratdı.  Amma xüsusi karantin rejimindən sonra işə qayıdış heç də hamı üçün eyni cür olmur. Məsələn, bəzi insanlar yenidən işə uyğunlaşmaqda bir qədər çətinlik çəkirlər. Bu uyğunlaşma isə hər bir insana görə fərqlidir. Bu daha çox insanların psixoloji tipindən asılıdır. İş prosesinə sürətli adaptasiya olunanlarla yanaşı, bunu özü üçün problem kimi görənlər də var. Bəs karantin müddətindən  sonra yaranmış “tətil sindromu”ndan  ən tez şəkildə necə xilas olmaq olar? İşə adaptasiya olmaq üçün nə edilməlidir?

GULNAR ORUCOVA

Hazırda bir çox insanın düşüncəsini məşğul edən bu problemdən çıxış yolunu tapmaq üçün müraciət etdiyimiz psixoloq Gülnar Orucova “Gencaile.az” saytına açıqlamasında karantin müddətinin uzun çəkməsi insanların iş üçün darıxmasına səbəb olduğunu dedi: “Əgər əvvəl işimizin çox olmasından, ailəmizə yetərincə vaxt ayıra bilməməkdən şikayət edirdiksə, karantin dönəmindən sonra iş həyatı üçün darıxdığımızı hiss etdik. Məhz bu səbəbdən heç də hamının adaptasiya prosesində çətinlik çəkdiyini demək olamaz. Amma təbii ki, istisnalar da var”

Psixoloq mövzu ilə bağlı açıqlamasında adaptasiya problemi ilə üzləşən insanlara məsləhətlər də verdi: “İlk iş günündə rəhbərliyin işçilərini bütün günü işlə yükləməməsi daha yaxşı olardı. Ümumiyyətlə,  işin birinci günündə əvvəldən yığılıb qalan, təcili görüləcək işləri təxirə salmaq məsləhətdir. Həmçinin iş saatı bitdikdən sonra qısamüddətli də olsa, gəzintiyə çıxmaq və ya yüngülvari idmanla məşğul olmaq tövsiyə olunur ki, bu da enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını alır. Eyni zamanda, iş otağında cüzi dəyişikliklər də işə, ofisə adaptasiya prosesini sürətləndirir. Məsələn, mən özüm də məzuniyyətdənqayıdarkən iş otağım üçün yeni fincan, yeni qələm və s. alıram ki, gözüm eyni şeyləri görməkdən yorulmasın.”

mehriban nesib

Mövzu ilə bağlı “Gencaile.az” saytına danışan sosioloq Mehriban Nəsib isə aşağıdakıları dedi: “Demək olar ki, bütün insanlar COVID-19 qlobal pandemiyasına – iqtisadi və humanitar böhrana hazır deyildi. Birdən-birə sanki dünya çalxalandı və insanlar evdə qalmağa məcbur edildilər. Əksəriyyət insanlar – hökümət və qeydi-hökümət, kommersiya, özəl, təhsil, səhiyyə və s. sahələrdə çalışan insanlar sevdikləri işindən, sənətindən məcburən uzaqlaşmalı oldu. İnsanlar sosial təcrid olmaya və evdə qalmağa nə qədər gec alışsalar da, indi pandemiya qaydalarının yumşaldığı bir vaxtda işlərinə yenidən qayidanda bir o qədər tez alışacaqlar. Əgər əvvəl insanlar (mən özüm də daxil olmaqla) işimizin çətinliyindən nə qədər çox şikayətlənirdiksə, indi hamımız o “bezdiyimiz” iş yerlərimiz üçün darıxmışıq və sevə-sevə işimizin başına dönəcəyik. Ancaq nə qədər də iş yerlərimiz üçün darıxsaq da onu qeyd etməyi lazim bilirəm ki, bir çoxumuz evdəki rahatlığa öyrəşmişdik və təbii ki, işdə belə konfortumuz olmayacaq. Ona görə yenidən iş həyatına dönməyimizə özümüzü hazırlamalıyıq. Əvvəl bir neçə gün təbii ki, özümüzü işlə tam yükləməməliyik, asan işlərdən başlamalıyıq. Ancaq yavaş-yavaş özümüzü yenidən bəzən maraqlı, bəzən gərgin olan iş həyatımıza uyğunlaşdırmalıyıq. Çünki iş həyatının işgüzar insanların həyatında çox böyük önəmi olduğunu yəqin kiç hamımız bilirik. Amma bununla yanaşı, unutmaq olmaz ki, karantin bitdikdən bir müddət keçdikdən sonra koronavirusun ikinci və ya hətta üçüncü dalğasının olacağı ehtimal olunur və odur ki, bütün qaydalara əməl etməyimiz çox önəmlidir. Harda çalışmağımızdan asılı olmayaraq iş yerlərimizdə normaya uyğun hərəkət etməyimiz lazımdır. Yəni karantindən sonrakı iş həyatına keçərkən ehtiyatlı olmalı və davamlı olaraq özümüzün və ətrafımızdakıların təhlükəsizliyini təmin etməliyik. Bundan başqa, əlbəttə ki, hökumət də karantini qaldırdıqdan sonra iş yerlərində işçilərin təhlükəsizliyini və rifahını daha effektiv şəkildə təmin edilməsi üçün işlər görməlidir. Ancaq hökümətdən daha çox biz özümüz özümüzü qorumaliyiq, yəni sosial uzaqlaşma (məsafə saxlamaq) yolu ilə bir-birimizin digər maraqlı tərəflərin təhlükəsizliyini təmin etməliyik. Düzdür ki, bu bizim mentalitetdə olan insanlar üçün bir qədər çətin olacaq, çünki biz dostlarımızla, yaxın bildiyimiz insanlarla qucaqlaşmaq və öpüşməyə alışmış insanlarıq, amma özümüzün və digərlərinin sağlığı naminə buna əməl etməliyik”.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir