images (2)

“Dövlət çevrilişləri artacaq”- astroloq Səbuhi Rəhimli-MÜSAHİBƏ

Baxış sayı: 5. 192

Tanınmış astroloq Səbuhi Rəhimli Gencaile.az-a eksklüziv müsahibəsində qarşıdan gələn 2015-ci il üçün bir çox əhəmiyyətli proqnozlar verib. Astroloq proqnozlarla yanaşı keçi ilinin ümumi xarakteristikasından və bu ildə bizi gözləyən yeniliklərdən danışıb. Gencaile.az saytı olaraq müsahibəni sizə təqdim edirik.

Qarşıdan gələn 2015-ci il nə ili hesab olunur?  Qoyun ili deyirlər, amma keçi olduğunu iddia edənlər də var.

–         Son vaxtlar oxucularımız da bizə daha çox bu sualla müraciət edirlər.  Ümumiyyətlə ilin necə adlandırılması o qədər də böyük əhəmiyyət kəsb etmir. Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəkət və can sağlığı gətirsin. O ki qaldı sualın konkret cavabına, müraciət etdiyimiz astroloji mənbələrin böyük əksəriyyətində il Keçi adı ilə səciyyələndirilir: “Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanırıq. Amma yenə də təkrarlayıram: adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur.

–         Keçi ilinin ümumi xarakteristikası nələrdir?

–         Keçi cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir. İnsanların mənəvi əzablara mübtəla olduğu indiki zamanda min yerdən ümid gözlənilir. Siyasi-ictimai xadimlərdən, icraçılardan, digər məmurlardan gözləntilər sıfır həddinə yaxın olduğu üçün az qala kütləvi şəkildə hər kəs əlacı mistikada, ilahiyyatda və astrologiyada arayır. Möcüzə gözləyənlər də az deyil. Bu səbəbdən də bir il digəri ilə əvəzlənən ərəfədə əlavə güc yığıb sanki donmuş ümidlərini yenidən isidirlər. Biz də üzərimizə düşən vəzifəni yerinə yetirib, həyatımızın astroloji tərəflərini oxuculara çatdırırıq. Bacardığımız qədər çalışmışıq ki, qarşıda duran ilin ümumi mənzərəsini verməklə insanlarımızda təsəvvür yaradaq, yeni ilin oyun qaydalarını, xarakterini və tarixi rakursunu onlara təqdim edək. Beləliklə…Qarşılamaqda olduğumuz Keçi (Qoyun) ili 2015-ci il fevralın 19-da Bakı vaxtilə səhər saat 04.47-də başlayacaq. İlk öncə bilməliyik ki, bu ərəfəyə təsadüf edən dövrlərdə ictimai-siyasi proseslər adətən böhranlı müstəviyə keçir: insanlar arasında haqq-ədalətə, qanuna, rəhbərlərə, ümumiyyətlə, xoş gələcəyə inam azalır. Keçi ilində bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər də geniş vüsət alır. Təsadüfi deyil ki, tarixə düşən böyük ixtişaşların, inqilab və çevrilişlərin əksər hissəsi də məhz Keçi illərinə təsadüf edir. Əlbəttə ki, bütün bunlar məlum dövrün mənfi cəhətləridir. Bəs bu dövrün ürəkaçan əlamətləri hansılardır? Astroloji təyinatlar bu ərəfədə ən müxtəlif sahələrdə yeni liderlərin əmələ gələcəyini, insanların öz xilas yolunu dində tapacağını, okkultik elmlərin (magiya, astrologiya, müxtəlif öndeyimlər, ekstrasensura və s.) inkişaf edəcəyini, incəsənət aləmində əsaslı dönüşün baş qaldıracağını göstərir. Bəli, nəyəsə nail olmaq istəyənlər gərək bu iki ziddiyyət arasında müsbət seçim etsinlər. Nəzərə almaq lazımdır ki, Keçi cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir. Keçi ilində təlim-tərbiyə, əxlaq məsələləri ön plana çəkilməlidir. Mənəvi dəyərləri, milli sərvətləri qorumaq ilin başlıca vəzifəsinə çevrilməlidir. Bir amili də unutmaq olmaz ki, bəhs etdiyimiz illərdə təhsil səviyyəsi bir qədər aşağı düşür. İnsanlarda oxumaq, bilik əldə etmək həvəsi səngiyir. Bu isə istər-istəməz gənclərin əyləncə və şoulara meyl etməsinə səbəb olur. Burada əxlaqın mənfi müstəviyə keçəcəyi də istisna olunmur. Ona görə də, 2015-ci ili qarşılayanlar sadaladığımız amilləri daima diqqət mərkəzində saxlamalıdırlar. Bir qayda olaraq Keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar. Qədim Çin astrologiyasına görə, Keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı – tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Ailədən tutmuş ictimai-siyasi proseslərə qədər əsas diktə müəllifləri də məhz zərif məxluqlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələr minimum səviyyəyə enir. Gəlin, yaxın tarixə nəzər salaq: XX əsrin Keçi illərində (1907, 1919, 1931, 1943, 1955, 1967, 1979, 1991) böyük müharibələrə az təsadüf olunub. Məsələn, 1907-ci ildə Rusiya inqilabı sakitləşib, ilk dünya müharibəsi də məhz Keçinin gəlişinə az qalmış (1918) yekunlaşıb. 1943-cü ildə Avropanın və SSRİ-nin əksər hissəsini işğal edən almanlar tədricən geri çəkilməyə, məğlubiyyətlə üzləşməyə başlayıblar. Qalan Keçi illərində də nəzərəçarpacaq qırğınlar törədilməyib. Hətta 1991-ci ildə İraqa qarşı aparılan “Səhrada tufan” əməliyyatı da müharibə həddində olmayıb. Amma 2003-cü ilin Ağ Keçi ilində İraqla savaş bir qədər böyükmiqyaslı oldu. Həmçinin həmin il dünya siyasətində köklü dönüş baş qaldırdı. Ümidvarıq ki, qarşıda duran Keçi ili ən pis halda dünya maliyyə böhranı ilə başa çatacaq. Oxucularımıza bildirək ki, Keçi ilinin xarakterində gizli tərəflər də çoxdur. Özündə çoxlu sirlər ehtiva edir. Bu dövrlər həm də özünün qəfil dönüşləri ilə yadda qalır. Hər şeydən öncə siyasətdə və maliyyə sahəsində ehtiyatlı olmaq lazımdır – yalnız fərdlər deyil, ölkələr də. Təəssüfləndirici bir halı da qeyd etmək yerinə düşər. Adətən bu illərdə intiharların, qətl və oğurluq hallarının sayı kifayət qədər artır. Lakin bu siyahıya zorlama, terror aktları və digər genişmiqyaslı məsələləri aid etmək düzgün olmazdı. Digər illərlə müqayisədə Keçi dövranı izdivaclarla daha zəngin olur. Toy-nişan, elçilik, məhəbbət tanışlıqları ilboyu vəfalı və sədaqətli gənclərimizin xilas mənbəyinə çevrilir. Uşaqların daha çox və daha sağlam dünyaya gəlməsində də Keçinin əsaslı rolu olur.

–         Daha öncəki keçi  illərində nələr olub?

–         Astrologiyada Keçi əsasən incəsənətin himayədarı kimi səciyyələndirilir. Buna baxmayaraq tədqiq etdiyimiz tarixi hadisələr arasında bu sahəyə aid bir faktla da üzləşmədik. Amma dünyanın bir çox ölkələrində, xüsusən də türk dünyasında baş verən böyük olaylara kifayət qədər təsadüf etdik. Və əldə etdiyimiz nəticələr heç də bədbinləşməyə əsas vermir. Gəlin bu xronologiyanı birlikdə izləyək: Osmanlılar Krımı fəth edib (1475); Krım türkləri Moskvanı fəth edib (1571);Vezuvi vulkanının püskürməsi nəticəsində 4 min nəfər həlak olub (1631); Sankt-Peterburq şəhərinin əsası qoyulub (1703);  Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib (1811);  Liberiya müstəqillik əldə edib (1847); Şeyx Şamil Həcc ziyarəti zamanı vəfat edib (1871);  Bakı-Tiflis dəmiryol xətti açılıb (1883); Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub (1883);Radio ixtira olunub (1895); Beynəlxalq Nobel mükafatı təsis olunub (1895);

Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər (1895); İlk vertolyot Fransada havaya qalxıb (1907); “Bəhlul” jurnalı dərcə başlayıb (1907);  “Səadət” xeyriyyə cəmiyyəti fəaliyyətə başlayıb (1907); Məşhur aktyor Hüseyn Ərəblinski öldürülüb (1919); Qars ermənilər tərəfindən işğal olunub (1919);

“Molodyoj Azerbaydjana” qəzeti nəşrə başlayıb (1919);  Əfqanıstan istiqlaliyyət qazanıb (1919);  İngilis qoşunları Bakını tərk edib (1919); Bakı Dövlət Universiteti yaradılıb (1919);  Yaponiya qoşunları Mancuriyan işğal edib (1931); Tehranda Çörçill, Ruzvelt və Stalin arasında ikinci Dünya Müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib (1943); Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb (1943); Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarıb (1943); * Livan müstəqilliyini elan edib (1943);  Azərbaycan Respublikasının banisi M.Ə.Rəsulzadə Ankarada dünyasını dəyişib (1955);  Kaliforniyanın Anahaym şəhərində “Disneylənd” parkı açılıb (1955);  Dünyada ilk dəfə olaraq SSRİ-də “RDS-37” adlı hidrogen bombasını sınaqdan keçirib (1955);  Sudan Müstəqillik əldə edib (1955);  Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub (1967);  İsrail Şərqi Qüdsü işğal edib (1967);  Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb (1967);  İranda İslam İnqilabı qələbə çalıb (1979);  Sovet Ordusu Əfqanıstanı işğal edib (1979); SSRİ-nin sonrakı taleyinin həllinə yönələn ilk və sonuncu ümumittifaq referendumu keçirilib (1991); Azərbaycanın dəyərli ziyalıları və ictimai xadimləri Aydın Məmmədov və Dilarə Əliyeva faciəli surətdə həlak olublar (1991); Hindistanın baş naziri Raciv Qandi öldürülüb (1991);  Praqada Varşava müqaviləsinə xitam verilib (1991);  Ermənilər Dağıstan ərazisində Moskva-Bakı qatarında partlayış törədib (1991);  Azərbaycanın say-seçmə oğulları Qarabağın Qarakənd səmasında, müəmmalı vertolyot qəzasında həlak olublar (1991);  Dağlıq Qarabağın Muxtariyyət statusu ləğv olunub (1991);  Türkiyədə ilk kürd dilli qəzet “Rojname” nəşrə başlayıb (1991); Kərkicahan qəsəbəsi işğal olunub (1991);  Azərbaycanın Dövlət Müstəqilliyi qazanıb (1991); Nelson Mandela Cənubi Afrikanın başçısı olub (1991); Azərbaycanda ilk prezident seçkiləri seçilib (1991);  Haitidə dövlət çevrilişi baş verib (1991);  Boris Yeltsinin fərmanı ilə Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırılıb (1991);  SSRİ-də ilk müstəqil telekanal – ANS fəaliyyətə başlayıb (1991);  SSRİ dağılıb (1991);  Azərbaycan Respublikasının Dövlət Bayrağı təsdiq edilib (1991);  ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib (2003);  Güney Azərbaycan türkü Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb və bu, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb (2003);  Prezident seçkilərinin nəticələrinə etiraz olaraq “Azadlıq” meydanına toplaşan minlərlə nümayişçiyə hökumət qüvvələri tərəfindən divan tutulub, ölkə müxalifətinə qarşı repressiyalar başlayıb (2003)…

–         Bəs keçi ilinin simvolları hansılardır?

–         İlin müddəti 19.02.2015-07.02.2016

–         İlin planeti Yupiter

–         İlin uğurlu ayları mart, dekabr

–         İlin uğursuz ayları iyun, sentyabr

–         İlin düşərli günü bazar ertəsi, cümə axşamı

–         İlin ağır günü çərşənbə, şənbə

–         İlin düşərli təqvimləri 3, 4, 6, 7, 9, 11

–         İlin numeroloji rəqəmi 8

–         İlin uğurlu saatları 06:00-08:00 14:00-16:00 22:00-00:00

–         İlin uğursuz saatları 02:00-04:00 10:00-12:00 18:00-20:00

–         İlin aparıcı bürcləri Oxatan, Balıqlar

–         İlin aparıcı işarələri Keçi, Pişik, Qaban

–         İlin rəngi göy, yaşıl, bənövşəyi

–         İlin daş-qaşı sapfir, ametist, zümrüd

–         İlin metalı sink

–         İlin çiçəyi

–         nərgiz, qərənfil

–         İlin talismanı nal, düyün

–         İlin aktiv əraziləri Kiçik Asiya, Rusiya, İtaliya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Braziliya və Meksikadan başqa), ərəb ölkələri

–         Ümumiyyətlə Keçi ilinə aid nə  kimi proqnozlarınız var?

–          Milli Məclisdə deputatların minimum 40 faizi yeniləcək

–          Müxalifətdə hədsiz fəallıq yaranacaq

–         15-ə yaxın icra hakimiyyəti başçısı dəyişdiriləcək

–          “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ən yaxşı halda mart ayına qədər həbsdə qalacaq.

–          Əli İnsanovun əfvi üçün Novruza qədər şans var.

–          Müsavatdaxili çəkişmələr səngiyəcək, yeni qurultay və başqanlığa seçim olmayacaq.

–         Qarabağda hərbi üstünlük yenə də bizdə olacaq. Amma hansısa ərazinin azad olunması baş verməyəcək.

–         İŞİD problem 2015-də həllini tapmayacaq, hətta tutduğu ərazilərin miqyası bir az da genişlənəcək.

–          Son 40 ilin ən dəhşətli vulkanları baş qaldıracaq.

–         Dövlət çevrilişləri artacaq.

–         Tektonik silahlar işə düşəcək.

–          Rusiya sanksiya və maliyyə böhranına qarşı yalnız apreldən müqavimət göstərə biləcək. Həmin aydan neftin qiyməti tədricən qalxmağa başlayacaq.

–         2015-də Fələstin dövlət kimi hələ dünya birliyi tərəfindən tanınmayacaq.

–          İranda çoxsaylı terror, rəsmilərə qarşı sui-qəsdlər baş verəcək.

–         Türkiyədə hakimiyyətə qarşı güclü müqavimət başlayacaq.

–         Bəşər Əsəd rejimi dəyişməyəcək.

–          İsraildə hökumət əleyhinə böyük etiraz aksiyaları başlayacaq.

–          Yerin altından çoxsaylı və sensasion məbədlər, şəhərlər, xəzinələr çıxacaq.

–          Terrorun xarakteri dəyişəcək, daha çox kütləvi tədbirlər olan yerlərdə baş verəcək.

Söhbətləşdi: Səbinə Məmmədova