dayanacaq

“Avtobus da, dayanacaq da, kart da var, ödəmə terminalı isə…” – Bakı dayanacaqlarından reportaj

Baxış sayı: 691

“Bu, ona oxşayır ki, maşının var, benzinin yox… Özünü öldürsən də gedən deyil. İndi bizim avtobuslarımız var, dayanacaqlarımız da, kartlarımız da…, amma heç bir ”ostonovka”da ödəmə aparatı yoxdur ki, pul vuraq gedək. Belə biabırçılıq olar?”

Bunu deyən Bakı sakini Vüqar Mürsəlov “Bakubus” avtobuslarının olduğu dayanacaqlarda ödəmə aparatlarının olmamasından narazılıq edən yüzlərlə sərnişindən biridir. Onun sözlərinə görə, şəhərin əksər dayanacaqlarında ödəmə aparatları yoxdur.

Nəticədə sərnişinlər çarəsiz vəziyyətdə qalırlar. Əgər kartda pul qurtarıbsa avtobusa minə bilmirsən. Bu zaman ya başqa sərnişinə 30 qəpik verib onun balansındakı gediş haqqından istifadə etməlisən, ya da yaxınlıqda metro varsa düşüb oradakı ödəmə aparatından yükləməlisən. Ancaq “Bakubus”un şəhərin metrodan kənar olan digər ərazilərdəki dayanacaqlarında ödəmə aparatı tapanlar sevinirlər. Vüsalə adlı sərnişin də bizimlə söhbətində danışır ki, dayanacaqların çoxunda bu problem yaşanır və Bakı Nəqliyyat Agentliyi tərəfindən zamanında məsələ yoluna qoyulmayıb: “Bu nə məntiqsizlikdir? Hansı dayanacağa baxırsan, ödəmə aparatı yoxdur. Yaxşı, birdən kartımı vururam, məlum olur ki, içi boşdur, avtobusun içində pis vəziyyətə düşürəm, evə necə gedim? Ətrafda da heç yerdə ödəmə aparatı qoyulmayıb, ya kiməsə yalvarmalısan, ya da taksi çağırmalısan. Bir var ki, bəzi dayanacaqlarda belə problem olsun, bir də var əksəriyyəti bu gündədir. Məsələn, elə ərazilər var, orada sürücü deyir ki, eybi yox, otur, qabaqda hansısa dayanacaqda aparat olsa ödəniş edərsən. Amma belə yerlər tapmaq çətindir”.

Söhbətləşdiyimiz digər sərnişin – Ramin deyir ki, adicə yaşadığı Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyasına qədər azı 8-9 dayanacaq var: “Mən bir-bir dayanacaqları saymışam, hamısına baxmışam, heç birində ödəmə aparatı yoxdur. Təsəvvür elə ki, o başdan bu başa bir aparat da qoymayıblar. ”Neftçilər”də düşürsən, yan-yana iki dayanacaq qoyulub, onlarda da aparat yoxdur, gərək metro stansiyasına düşəsən, girişdə qoyulan aparatdan pul vurasan. Heç olmasa nümunə üçün yol boyu bir dayanacaqda aparat olsaydı, cəhənnəm…”

Sərnişinlər bildirirlər ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə dayanacaqlarda quraşdırılan və intervalı göstərən monitorlar da işləmir. Onların sözlərinə görə, BNA-nın tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Sistemi bu cihazların işlək vəziyyətə gətirilməsinə cavabdeh idi və həllinə söz verilmişdi. Amma nəinki avtobusların gəlmə vaxtnı göstərən həmin monitorlar işləmir, adi ödəmə aparatları da tapılmır ki, karta pul yükləyəsən. Sərnişinlər şikayətlənirlər ki, “Bakubus” avtobuslarında gediş kartla tətbiq olunubsa, zəhmət çəkib ödəmə aparatlarını da onların dayandığı yerlərdə qoysunlar.

“Çox adam əziyyət çəkir. Yazıq sürücülər də kömək edə bilmirlər. Əllərində imkan yoxdur ki, sərnişindən nağd 30 qəpik alıb yerinə vursunlar. Şəhərdə yüzlərlə dayanacaq var, əlbəttə, hamısını təmin edə bilmirlər, amma yarısına aparat qoyulmalıdır”, – deyə təqaüdçü Fikrət kişi belə deyir. Onun fikrincə, bir çox ölkələrdə belə problemlər arxivə qovuşub. Ümumiyyətlə, ödəmə terminalları cəmi 51 məntəqədə yerləşdirilib. “BakuBus” MMC-nin bir müddət əvvəl problemlə bağl verdiyi açıqlamada vətəndaş günahkar çıxarılır. Deyilir ki, dayanacaqların çoxunda ödəmə terminalları quraşdırılıb, olmayanlarda da marşrut xətlərinin üstündə olan köşklərin 70%-dən kartları əldə etmək və ya balansı artırmaq mümkündür. Sitat: “Dünyanın heç bir yerində bütün dayanacaqlara terminal quraşdırılmalıdır deyə bir qanun yoxdur. Vətəndaş bu kimi halları nəzərə alıb kartına kifayət qədər pul oturtdurmağa vərdiş etməlidir”. Amma bu işi görməli olan qurumlar da dayanacaqların heç olmasa yarısında terminalları quraşdırmağa vərdiş etməlidir. Vətəndaşı təqsirkar çıxarmaq, kartına kifayət qədər pul vurmaq kimi məsləhət vermək əvəzinə beynəlxalq praktikaya gözucu nəzər yetirmək olar. Ən azı Bakıxanovdan “Neftçilər”ə qədər olan bütün dayanacaqları görmək kifayətdir…

 

 Emil SALAMOĞLU
Fotolar müəllifindir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir