Dünən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atan yeniyetmə vəfat edib. Məlumata görə 16 yaşlı Aygün Eyvazova təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da,həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hadisə intihar mövzusunu yenidən gündəmə gətirib. Artıq sosioloqlar da SOS siqnalı çalaraq cəmiyyətimizdə intiharın “gəncləşdiyini” bildirirlər. Doğrudur, zaman-zaman məlum hallardan və onların önlənməsi isə bağlı maarifləndirici xarakterli məqalələr, düşüncələr tirajlanır. Amma effekti ya olmur, ya da az olur.
Maraqlıdır, bu cür dəhşətli olayların qarşısının alınması istiqamətində nə kimi qabaqlayıcı tədbirlər görülməlidir?
Sualımızı cavablandıran psixoloq Mədinə Rəsulzadə bildirir ki, intihar şəxsin öz qərarı ilə həyatına son qoymasıdır. Bu istək bioloji sosial faktorlardan yaranır:
“Psixoloji faktorlardan intihar şəxs təməl ehtiyaclardan məhrum olaraq yetişdikdə özünü göstərir. Bu zaman problemin kökü daha çox uşaqlıq dönəmi ilə bağlı olur. Bu təməl ehtiyaclar şəxsin valideynlərindən almalı olduğu duyğuları, dəyər, sevgi və dəstəyi görmədiyini göstərir. Bioloji faktorlar isə intihar edən insanın və ya intihara cəhd edən insanın beyin hormonlarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Sosial faktorların kökündə şəxslərin sosial mühitdən ailədən, dostlardan, tanışlardan aldığı travmalar dayanır. Şəxs sosial mühitdə istədiyi dəyəri görə bilmədikdə özünə qapanır. Özünə qapanma fərdi intihara sövq edən başlıca səbəblərdəndir. Statistikaya nəzər salsaq görərik ki, intihar coğrafiya ilə də bağlı məsələdir. Psixologiyanın yaxşı tədris olunduğu ölkələrdə intihar hadisələri daha az baş verir. İndiki halda insanlar hər hansısa məqsədə, hədəfə tutunmadığı üçün həyatdan asanlıqla imtina edə bilirlər. Azyaşlıların intihar hallarının qarşısını almaq istiqamətində valideynlərin etməli olduğu başlıca iş övladlarını duyğusal aclıqla böyütməmək, onların təməl ehtiyacları olan sevgi, dəyər və sayğı kimi hisləri onlardan əsirgəməməkdir. Ailədə bu cür hisləri görməyən fərdlərin cəmiyyətdən gözləntiləri olur və bu gözlənti qarşılanmadığında daxili çöküş yaşayırlar. Beləcə onlarada həyat eşqi sönür. Bunları uşaqlarımıza ötürərək yetişdirsək, cəmiyyət daha işıqlı gələcəyə doğru addımlayar”.
Qeyd edək ki, hər il dünyada 800 minə yaxın insan həyatına intiharla son qoyur. Statistikaya əsasən Azərbaycan intihar hallarının sayına görə dünyada 88-ci yerdədir.