Bəzi insanlar situasiyalarına şahid axtardığı üçün gəlir psixoloqa. Bəzi insanlarsa, tək başına düşünəndə yol tapmadığı üçün havalanıb gəlir, kimisi də öz eqosun tətmin etmək üçün, “Baax, heç tanımadığım adam belə məni haqlı çıxardı” deyə… Bu dəfəki qonağım mənə yalvarmaq üçün gəlmişdi. İlk dəfə idi ki, bu cür biriylə qarşılaşırdım. Açığı, seansı mənim profesionallığımdan çox, onun hissiyyatı yönəltdi deyə bilərəm.
– Sən hər şeyi lap başından bilirsən. Ona görə yanına gələndə yorulmayacağımdan elə arxayın oluram ki. Sən bu qısa müddətdə məni danışmadan anlamağı bacardın, amma o 13 illik evlilikdə məni danışsam belə anlamadı. Sən də deyirəm, sən canı, üzrlü say.
– (gülümsəyirəm) Bu otaq daxilində mən SƏN oluram zatən, özünə istədiyin kimi müraciət edə bilərsən (narahat olmasın deyə xüsusi bir çabaya girsəm, düşünürəm ki, gərginləşər, ona görə bu mövzuda dayanmağın vaxt itkisi olduğun işarə edib davam etməsinə şərait yaradıram.)
Bilirəm, sən belə şeylərə baxan adam deyilsən, ona görə o qədər psixoloq gəzib, sonda sənin yanında qərar tutmuşam. Çünki digərləri özlərini tərifləməklə mənə özümü əskik hiss etdirirdi. Nəisə ( reaksiya verməyəcəyimi bilib gülümsəyir.) Bilirsən, hərdən fikirləşirəm ki, mənim ərimin qarşısında ağıllı bir qadın olsaydı, indi onu barmağında oynadırdı. Mən nəinki ağıllı, heç qadın olmağı belə bacarmadım. Geridə qalan 13 ilə baxıram, mən bütün həyatımı “vəzifələrimi icra etmək” üçün yaşamışam. Həqiqətən, çox axmaqca görünə bilər, hətta elədir əminəm, amma mən bu günə qədər heç özümə dönərək baxıb “Görəsən, MƏN nə istəyirəm?!” deyə soruşmamışam. Amma özümdən başqa hamıdan, ağlınıza gələn hər kəsdən soruşuram bunu. Ərimdən bu gün nə yemək istədiyini, qızımdan hara getmək istədiyini, anamdan nəyə ehtiyacı olduğunu, rəfiqəmdən nə dərdi olduğunu və ona necə kömək edə biləcəyimi hər gün soruşuram az qala. Amma bir Allahın qulu məndən xəbər almır bunu! Mən kənardan çoxmu güclü, arsız, bivec görünürəm, doktor?! Niyə məni “adam yerinə” qoymurlar?! Mən də belə yanaşmanı görüb gülümsəməyə məcbur qalıram. Axı mən də insanam! Mənim də bezgin, yorğun hallarım, vaxtlarım olur. Nə vaxt ağzımı açıram ki, nəsə danışım, məsələn, anam deyir ki, sən heç e, sən öhdəsindən gələrsən, sən o bacınla maraqlan, onun bu aralar vəziyyəti çox pisdir. Və ya rəfiqəm başlayır ki, ay qız, sən bir dayan ee, xəbərin var filankəs filan probleminə görə filan addımı atıb. Ərim isə tamam fərqlidir. O ümumiyyətlə, dinləmək istəmir. Qazandığı pulun bizi dolandırdığın, bir qızımız olduğunu əsas gətirərək məni naşükür olmaqda ittiham edir. Ay başınıza dönüm, axı mən də ətdən və sümükdən insanam! Mənim də ŞƏXSİ ehtiyaclarım, dərdlərin, qırğınlıqlarım ola bilər. Niyə imkan vermirsiniz, mən də İNSAN olum?! Niyə məni fövqəl gücləri olan biri kimi görürsünüz ki, mən də belə olmağa məcbur qalıram. Əslində bu sorğulamadan görürəm ki, onların bir günahı yoxdur. Mən onlara özümü “dərd anası” kimi təqdim etmişəm. Mən onlara arxayınlıq vermişəm ki, QOXMA, MƏN ÖHTƏSİNDƏN GƏLƏRƏM! MƏNİ BOŞ VERİN!!! Onlar da haqlı olaraq elə ediblər. İndi bu etdiyimin altını çəkirəm. İnsan nə qədər özünə aid olmayan dərdlərə çarə axtarar?! Yorulmamışam e, onlar mənim canımdı, ürəyimdi, mən onlara hər şeyimi fəda edərəm. Amma yorulmuşam, fəda edəcək heç nəyim qalmayıb sanki… Və elə hey “özümdən xərclədiyim üçün” əksilmişəm. Və artıq ətrafımdakılar məni bəyənmir və ya özünə layiq bilmir. Məsələn, heç uzağa getməyək, elə ərim… Əminəm ki, qarşısında daha ağıllı bir qadının olmasını istəyər, hansı ki, o qadın onu istədiyi kimi yönləndirsin…
Belə..
Bəzən belə də olur, az olduğumuz üçün yox, həmişə özümüzdən verdiyimiz üçün əksilirik kimlərinsə gözündə. Güclü olmaq məcburiyyətində qalmış bütün adamlar xoşbəxtliyə o qədər ac olurlar ki, quru çörək qırıntısı qədər xoşbəxtlik gördükdə belə böyük sevinc yaşayırlar və bu HEÇ KƏS tərəfindən anlaşılmır…
Psixoloq Əfsanə Rüstəmova