kasib

Yoxsulluğun feminizasiyası – Natəvan Abdulla yazır

Baxış sayı: 609

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışlarından birində ölkəmizdəki gender probleminə toxunub. Demoqrafiyanın vacib tərəflərindən biri olan əhalinin cinsi nisbəti məsələsinə diqqət çəkən nazir, cinsi nisbətin tarazlığının qorunmasında təbliğat işinin önəmli olduğunu vurğuladı. Nazir bildirdi ki, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi ilə arzuolunan nəticəni əldə etmək mükündür.

 

Bəs hazırda ölkəmizdə cinsi nisbət fərqi nə qədərdir?

 

Statistikaya görə, bir müddət əvvəl 100 qadına 118 kişi düşürdüsə, artıq bu nisbət dəyişib və indi 100 qadına 114 kişi düşür.

Cəmiyyətdə gender bərabərliyinin sosial, iqtisadi, siyasi və ekoloji baxımdan nə qədər önəmli olması ilə bağlı maarifləndirmə işində yaxından iştirak edən mətbuat qurumu olaraq biz, bu işi davam etdirməkdəyə çalışırıq. Həmçinin, digər mətbuat orqanlarında da zaman-zaman bu cür maarifləndirici yazılara yer verilir. Amma ilk dəfədir ki, bu il ölkəmizin ən böyük nazirliklərindən birinin bu təşəbbüsə canla-başla qoşulduğuna şahid oluruq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış video-çarx son günlərdə sosial şəbəkələrdə maraqla qarşılanıb. Video-çarxın məzmunu ondan ibarətdir ki, əksər iş verənlər işə götürmə zamanı qadın namizədlərin bilik və bacarığını yox, onların ailə məsuliyyətlərini nəzərə alaraq qərar verirlər. Əgər qadın evlidirsə, onun analıq məzuniyyəti haqqı, uşağın xəstələnməsi zamanı işdən icazə alma hallarının çox olacağı nəzərdə tutularaq qərar verilir. Yəni bəzi qurumlar məhz bu səbəblərdən namizədlər arasında daha çox kişilərə üstünlük verirlər.

Həyatın hər sahəsində əməyi olan qadınların professional iş dünyasına inteqrasiya olunması onsuz da yetərincə məşəqqətli prosesdir. Ailədaxili iş bölgüsünün aparılmaması, demək olar ki, bütün məişət işlərinin qadının üstünə atılması az deyilmiş kimi, əksər ailələrdə uşaqların təlim-tərbiyə prosesinə də əsasən analar nəzarət edir. Bütün bunlarla yanaşı, həm də akademik uğur qazanmaq, öz ehtiyaclarını təmin etmək və ailə büdcəsinə qatqısı olsun deyə bir tərəfdən də iş həyatını davam etdirməyə çalışırlar.

Bu baxımdan, iş verənləri qınamaq olarmı? Bir tərəfdə günlük iş norması yalnız ofisdəki öhdəliklərini icra etmək olan kişilər, digər tərəfdən hər gün bir neçə işi eyni vaxtda çatdırmaq məcburiyyətində olan qadınlar var. Burada problem təkcə iş verənlərin yanaşması yox, cəmiyyətin ümumilikdə qadına yanaşmasındadır. Buna görə də nazirliklər səviyyəsində aparılacaq birinci təbliğat gender bərabərliyi məsələsinə sosial tərəfdən yanaşmaq və cəmiyyəti ilk növbədə bu istiqamətdə maarifləndirmək olmalıdır.

Əmək və əməyin qarşılığını almaq məsələsinə toxunsaq, deyə bilərik ki, cəmiyyətimizdə qadınlar kişilərdən daha yoxsuldur. Bunu cənab nazirin açıqladığı rəqəmlər bir daha sübut edir. Nazir qadınların kişilərdə daha az maaş aldığını qeyd edərək qadınların məşğulluq xidmətləri ilə əhatələnməsinin vacibliyini vurğulayıb.

Məsələ burasındadır ki, qadınların şəhərlərdə müxtəlif imkanlardan yararlanaraq iş həyatına qatılmaları, gender bərabərsizliyi və ayrı-seçkilik şəraitində müxtəlif qazanclar əldə etmələri onları əvvəlkinə nəzərən daha azad etmir və kişilərlə bərabər vəziyyətə gətirmir.

Keçmişlə müqayisə etdikdə aydın görünür ki, cəmiyyətin qadınlara olan ənənəvi baxış bucağı çox da dəyişməyib. Bu gün hətta şəhərlərdə də biz qadınlara qarşı ayrı-seçkiliyin müasir versiyalarını və imkanların qeyri-bərabər olmasını müşahidə edirik. Bunlar arasında ən dəhşətlisi yoxsulluq içində yaşayan qadınların üzləşdiyi mənfi hallardır.

Şəhərləşmənin cəmiyyətimizin “maskulin” imicini bir qədər zəiflətməsinə baxmayaraq, qadınlar üçün xüsusilə iş yerlərində yeni problemlər ortaya çıxmağa başladı. Məsələn, statistika göstərir ki, ölkəmizdə qadınlar kişilərdən daha az məşğulluğa cəlb olunurlar. Eyni mənzərənin fərqli variantları da başqa ölkələrdə müşahidə olunur. Bir çox Asiya və Afrika ölkələrində ucuz işçi qüvvəsinə olan ehtiyac daha çox istismar edilən qadın əməyi hesabına ödənilir. Bu, zahirən qadın məşğulluğunun bolluğunu göstərsə də, əslində, qadınların yoxsulluğa daha çox məruz qaldığını və qadınlar arasında yoxsulluğun say baxımından artdığını göstərir. Qadınlar işləyə-işləyə yoxsullaşırlar. Buna “yoxsulluğun feminizasiyası” deyilir.

“Yoxsulluğun feminizasiyası” termini ilk dəfə 1976-cı ildə Amerikada qadınları müşahidə edən Diana Pearce tərəfindən işlədilib. Gəlir bölgüsündə artan bərabərsizlik nəticəsində yaranan yoxsulluq özünü daha çox qadınlar üzərində hiss etdirir. Pearcen müşahidələrinin nəticəsi olaraq bildirir ki, yoxsul əhalinin üçdə ikisini 16 yaşdan yuxarı olan qadınlar təşkil edir. Bu ifadə illər sonra, 1995-ci ildə 189 ölkənin iştirakı ilə Pekində keçirilən IV Ümumdünya Qadın Konfransının Bəyannaməsində və Fəaliyyət Platformasında da öz əksini tapdı.

Qeyd edək ki, həmin konfransda Azərbaycan 25 nəfər hökümət və 70 nəfər QHT nümayəndəsi ilə təmsil olunmuşdu.

 

Dünyada yoxsulların əksəriyyətinin qadınlar olduğu və bu nisbətin getdikcə artdığı vurğulanan konfransda bildirilmişdi ki, yoxsulluq təkcə aşağı gəlirli qrupu olmaqdan deyil, həm də gender bərabərsizliyindən qaynaqlanır. Bu halın xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük problem olduğu vurğulanmışdı.

Həmin konfransın üstündən düz 20 il keçməsinə baxmayaraq, gender baxımından fürsətlərin bərabərliyi hələ də ürəkaçan səviyyədə deyil. Eyni iş yükünə, eyni iş saatına rəğmən, çox vaxt qadınların əməkhaqqısının kişilərdən daha az olması halları müşahidə edilir. Bu da qadınların işlədiyi halda belə kasıblaşmasına, qarşı cinsdən asılı halda yaşamasına zəmin yaradır.

Bu problem təkcə ölkəmizdə deyil, dünya səviyyəsində müşahidə olunur. Bunun qarşısını almaq üçün ilk növbədə məsələyə obyektiv yanaşıb problemin səbəblərini görmək və hər birinin həlli istiqamətində səfərbər olmaq lazımdır.

Məsələn, aktivist-sosioloq Valentine Moghadama görə, dünyada yoxsulluğun qadınlar arasında artmasının üç əsas səbəbi var. Birincisi, qadınların hüquq və qabiliyyətlər baxımından əlverişsiz vəziyyətdə olmaqları, ikincisi, ağır iş şərtləri və aşağı əməkhaqqı, üçüncüsü isə cəmiyyətdəki mədəni, hüquqi maneələr və əmək bazarındakı əngəllər səbəbindən sosial-iqtisadi hərəkətliliyin qadınlar üçün məhdudlaşdırılmasıdır.

Bu gün ölkəmizdə gender əsaslı bərabərsizlik müxtəlif formalarda və bir çox sahədə özünü göstərir. Biz bu reallığı qadın cinayətlərində, məişət həyatında, təhsil imkanlarına çıxış şanslarının qeyri-bərabərliyində, iqtisadi resursların paylanmasında, həmçinin, yuxarıda qeyd edildiyi kimi, qadının əmək bazarındakı yerinə nəzər salanda aydın şəkildə görürük. Bunu ört-bas etməyin, ölkəmizdəki gender bərabərsizliyinin “şişirdildiyi” qədər böyük olmadığı iddiasına düşməyin heç kimə faydası yoxdur. Əgər biz bu gün cinsi nisbətin tarazlığının təmin olunması üçün çalışmasaq, bu qeyri-bərabərliyin yaxın gələcəkdə iqtisadiyyatımıza, ekologiyamıza, sosial həyatımıza və həyatın bir çox sahəsinə mənfi təsirlərini aradan qaldıra bilməyəcəyik. Gəlin etiraf edək ki, bir ölkənin hərtərəfli inkişafı üçün əsas şərtlərdən biri, bəlkə də, birincisi elə gender bərabərliyinin təmin olunmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir