eli nagiyev

“Valideynlər bir övladını digərinə nümunə çəkirsə, o uşaqlar arasında münasibət pozulacaq”

Baxış sayı: 564

Müsahibimiz həkim psixoterapevt, klinik psixoloq Əli Nağıyevdir. 

 

– Əli həkim, nə üçün eyni ailədə, eyni valideynlərin tərbiyəsində böyüyən uşaqlar xarakter və davranışlarına görə bir-birindən fərqlənir? 

– Burada iki aspekt var. Bir var dünyəvi psixologiya aspekt, digəri ruhi psixoloji aspekt. İkinci daha geniş baxışdır. Ona görə də birinci ümumi klinik psixologiya aspektindən baxaq. Deməli, bir ailədən olan uşaqların fərqli tərbiyə almasının birinci səbəbi valideynlərin onlara münasibətdə yüklədikləri proqramdır. Məsələn, eyni evdə böyük olan uşaq və ondan 3 yaş kiçik olan uşağa baxaq. Uşaqlarda mənlik duyğusu 3 yaşına qədər formalaşır. Bu dövrdə onlar valideynlərin daha çox diqqət və sevgisilə əhatə olunurlar. Bu zaman ana digər uşağı dünyaya gətirməyə hazırlaşır və adətən bu dönəmdə böyük uşaq valideynləri tərəfdən hazırlanır ki, sənin bacın, yaxud qardaşın olacaq, ananın qarnına toxun və s. Bu, perinatal psixologiya cəhətdən savadsız yanaşmadır.

Ona görə, ikinci uşağın gəlişi birincidə şok halı yaşadır. Çünki onun dünyasında mərkəzdə özüdür, diqqət və qayğı onun üçündür. Uşaq düşünür ki, ikincinin doğumu bütün bunları onun əlindən alacaq və bu hal uşağın xasiyyətində dəyişikliyə səbəb olur. O  məsuliyyətli olmağa, özünü sübut etməyə başlayır. Mən daha yaxşıyam fikrini daşımağa başlayır, özündən başqa hamıya can yandırır, xüsusən böyüklərin fikri ilə hərəkət edir və olur “camaatın uşağı”. Kiçik uşaq isə bunun tam əksinə arxayın olur, nəyisə əldə etmək üçün heç vaxt aqressiv olmur, çünki ona hər şey rahat çatır. Bu səbəbdən xasiyyətlər də, dünyaya baxışlar da fərqlənir.

– Bəs ailədə 3, yaxud 4 uşaq varsa bu hal dəyişirmi?

– Bu zaman daha maraqlı bir şey baş verir. Birinci uşaq üçüncüyə meyllənir. Çünki ikinciyə qarşı daxili konflikti olur, kobud desək, üçüncü uşaq sanki ikincidən onun heyfini çıxır deyə, onunla daha yaxın olur. Bunlar fərdi, amma mürəkkəb qanunauyğunluqlardır. Əgər valideynlər perinatal psixologiyadan məlumatsızdırlarsa, belə hallar yaşanır. Yaxşı olardı ki, hamilə qadınlar üçün bu mövzuda seminarlar təşkil edilsin. Çünki doğuşətrafı psixologiyanı bilən qadın böyük övladını ikincinin gəlişinə düzgün hazırlayacaq. Belə olanda uşaq travma almayacaq və yeni gələn uşağa daha çox sevgi ilə yanaşa biləcək.

– Bəzən ailədə uşaqlardan biri daha uğurlu olur. Valideyn isə həmin uşağı daha çox diqqətdə saxlayır. Halbuki az uğurlu olana daha çox kömək və diqqət lazım deyilmi?

– Ümumiyyətlə, hər şeyin qarşısını psixoloji savadlanma ilə almaq olar. Valideyn bir övladını digərinə nümunə çəkirsə, o uşaqların arasındakı münasibət pozuldu deməkdir. Çünki onlar arasında bir-birinə qarşı şüuraltı aqressiya qalacaq. Valideynlər bunu edərkən çox ciddi səhv buraxırlar. Çünki deprivasiyaya uğramış uşaqların 70 faizi həmişə özünü sübut etməyə çalışır. Qalanları isə özlərinə qapanırlar. Böyük uşaqlar daha uğurlu olub gözə girməyə çalışırlar. Kiçiyə bunu nümunə çəkəndə isə kiçikdə özünəinamsızlıq yaranır. Valideyn bilməlidir ki, sevgi uşaqların bütün psixologiyasını şərtləndirir. Əsl uğurlu uşaqlar sevgi payından məhrum olmayan uşaqlardır. Yəni uğurluluq heç də ömür boyu ora-bura qaçıb nəsə əldə etmək deyil, əsl uğur rahat və xoşbəxt olmaqdır. Yəni rahatlıqla hər şeyi əldə etməkdir. İndiki dövrdə sanki insanları aqressiv şəkildə yarışmağı öyrədirlər. Halbuki həyatda yarışmaq yox, öz yerini tutmaq daha vacibdir.

– Təkuşaqlı ailələrdə valideynlərin davranışı və təkvalideynli ailələrdə uşaqların böyüməsi uşaqların psixologiyasına necə təsir edir?

– Təkuşaqlı ailələrdə uşağın narsist, özgüvənsiz böyümə ehtimalları çoxdur. Tutaq ki, on il övladı olmayan ailənin sonra bir uşağı dünyaya gəlir. Valideynlər başlayır həmin uşaqda təşvişə meyilli şəxsiyyət pozuntusu formalaşdırırlar. Misal, ora getmə yıxılarsan, bunu etmə pis bir şey olar və s. kimi. Yəni nə etsən, başına pis iş gələr. Bu uşaqlar daim həyəcan içində olurlar. Həmin uşaqlar 30 yaşına çatsa da, bu qorxuları qalır. Təkuşaqlı ailələrdə uşaqların psixi travmalarının çoxalma ehtimalı yüksək, sosiallaşma imkanları zəif olur, adətən özgüvənsiz olurlar. Paralel olaraq mərkəzdə mənəm, hər şey mənimdir düşüncəsi ilə böyüdülən tək uşaqlar da var. Bu səbəbdən valideynlərə səslənirəm ki, övladlarınızı bütləşdirməyin, bütlər sonra qurban tələb edəcək. O qurbanlar isə uşaqlarınızın şəxsi həyatındakı insanlar olur. Uşaqlarla bu cür davranış onları toksiki münasibətə meylli olan, bundan istifadə edən, hissiyatlardan kasad insan kimi formalaşdıra bilər. O demək deyil ki, təkuşaqlıların hamısı belə olur, amma bu ehtimal çox olur. Çünki təəssüflər olsun ki, valideynlərin psixoloji savadı arzuolunan səviyyədə deyil.

Boşanmış ailələrdə isə vəziyyət uşaqların yaşlarından asılıdır. Məsələn, uşaq erkən yaşlarda olarkən valideynləri boşanıb, onun birini heç görməyib və ya uşağı digər valideynə göstərməmək halları yaşanırsa, bu ailələrin uşaqlarında təbii ki, problemlər yaşanacaq. Uşağın qız və ya oğlan olmasına görə də problemləri fərqli olacaq. Oğlan uşağında atasız böyümək uşaqda özgüvənsizliyə gətirib çıxarır. Ancaq bu həmişə də belə olur deyə bir fikir də yoxdur. Əgər qız uşağıdır və atasız böyüyübsə, onda onun ömür boyu kişilərlə münasibətində problem yaşana bilər. Əks cinslə nəvaziş və münasibət qurmağı bacarmayacaq, uğurlu sevgi həyatı yaşaya bilməyəcək və s. Başqa bir misal, əgər bir neçə uşaqdırlarsa və tutalım 13-14 yaşda olanda valideynləri ayrılıbsa, tövsiyə edərdim uşaqlarla hər şey açıq danışılsın. Onsuz da evdə dava-dalaş görən on yaşdan yuxarı uşaqların çoxu valideynlərinin ayrılmağının tərəfdarıdırlar. Əslində bu müsbət haldır, çünki uşaqlar anlayır ki, valideynləri birgə yaşaya bilmir. Uşağın sağlam böyüməsi üçün ideal dərəcə olmalıdır. Yaxşı olar ki, boşanmadan sonra uşaq ən azı yeniyetməlik dövrünə qədər ana yanında qalsın, ata ilə isə həftədə ən azı bir, idealda iki dəfə görüşsün. Uşaqlar ata ilə daima telefon əlaqəsi də saxlamalıdırlar. Uşaq hər iki valideynindən yetəri sevgi payını aldıqda travmasız böyüyür.  Müəyyən yaşdan sonra isə uşağa ixtiyar vermək lazımdır ki, o hansı valideyni ilə yaşamaq istədiyini özü seçsin.

– Bəzən valideynlər sözlərilə uşağa təsir edirlər, yaxud uşaqları mental dəyərlərlə hədsiz yükləyirlər…

– Gəlin, belə danışaq. Bizim anlaqlı yaşımız var. Kimdən soruşsan, yaddaşında 5 yaş və sonrasını daha yaxşı xatırlayır. Anlaqlı dövrdən əvvəlki dövr ki var, 3 yaşa qədər hesab edilir. Bu dövrdə şüuraltının formalaşması üçün ən vacib dövrdür. Çünki anlaqlı olan vaxtı bizim nəyəsə tənqidi münasibətimiz olur.

Bizdə valideynlər mental dəyərləri özləri formalaşdırdıqları dəyərlərlə  qarışdırırlar. Mən, ümumiyyətlə, milli dəyər anlayışını psixologiya ilə fərqləndirirəm. Məntiqsiz dəyərə milli dəyər kimi baxmaq olmaz. Bu dəyər yox, dəyərsizlikdir. Bizim bəzi milli ailə prinsiplərimiz ki var, onlar dəyərsizlik kompleksidir. Misal, ərə getdin, gora getdin. Ərə getdin boşana bilməzsən və s. kimi yalnış dəyərlərdən uzaq olmaq lazımdır. Bəzi dəyərlər var ki, onlar qorunmalıdır. Sevgi dəyəri, qarşılıqlı hörmət dəyəri və s. Dəyər anlaşıyı belədir, mentallıq məntiq üzərində formalaşmalıdır. Yalançı menatllığın bir növü də bakirəlik ideologiyasıdır. Bu səbəbdən qadınlar ikinci dəfə ailə qura bilmirlər. Nəticədə məşuqə obrazına girməyə məcbur olurlar. Çünki mentallıq bu cürdür. Bütün bu  psixologiya beynimizə uşaqlıqdan yeridilir. Oğlan uşağına hər şey olar, qıza olmaz və s. Yalançı və həqiqi namus məsələsi bir-birindən ayrılmalıdır.

Sonda demək istəyirəm ki, yaxın əlli ildə indiki ailə dəyərləri qalmayacaq, insanlar yalnız sevgiyə görə bir yerdə olacaqlar, övladlar sevgi üzərindən tərbiyə olunacaq, nikahlar  müqavilə xətrinə qalacaq. Mən bunun tərəfdarıyam, yalnış ailə  dəyərləri deyil, həqiqi sevgi dəyərləri möhkəm olsun. Öndə gedən ölkələrdə nikah müqaviləsi var, nikaha qədər də insanlar bir yerdə yaşayıb bir-birini tanıyırlar. Onlar övlad dünyaya gətirməyi də planlı edirlər. Ailə planlaması var. Yaxın 50 ildə bizim toplum da buna hazır olmalıdır. Biz milli mentallığıımızda müsbət və məntiqi əsası olan adətləri yaşatmalıyıq.

 

Pəri ARİFQIZI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir