Ailələrdə ikinci qız uşaqlarının adına hesab açılacağı və həmin hesaba 10 min manat vəsait köçürüləcəyi ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramovun dediklərinə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli reaksiya verərək belə bir məsələnin müzakirə predmeti olmadığını bildirdi.
Bu gün Vüqar Bayramov məsələyə yenidən qayıdaraq öz “Facebook” statusunda bunları yazıb:
“2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi otən ilin dekabrın 22-də “Azərbaycan Respublikası əhali sakinliqi və demoqrafik inkişaf” üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdırlar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir.
Dünən isə mənə hər zaman oxuduğum 1news saytından zəng edildi və bu məsələ soruşuldu. Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasətu və əmək bazarının tənzimlənməsi şöbəsidir.
Mən ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər”.