Anlayış.Yoğun bağırsağın üç aydan artıq davam olunan funksional pozğunluqları kompleksinə qıcıqlanmış yoğun bağırsaq və ya yoğun bağırsağın qıcıqlanması sindromu deyilir. Xəstəlik 30-40 yaşlar arasında, əsasən qadınlarda rast gəlinir. Əhali arasında sözügedən patologiyanın yayılması 14-48% arasında tərəddüd edir.
Etiologiya. Bağırsağın qıcıqlanması sindromunun etioloji amilləri şərti olaraq yeddi qrupa bölünür:
– sinir-psixi amillər və psixi-emossional situasiyalar;
– yemək rejiminin pozulması;
– rasionda lazımi qədər ballast maddələrin, bitki mənşəli hüceyrə və liflərin olmaması;
– az hərəkətli həyat tərzi; bağırsağın boşalması üçün lazımi sanitar-gigiyenik qaydalara riayət edən şəraitin, tualetin olmaması;
– cinsi orqanların və sidikçıxarıcı yolların xəstəlikləri;
– endokrin pozğunluqlar (dismenoreya, klimaks, premenstrual sindrom, hipotireoz, piylənmə, şəkərli diabet və s);
– keçirilmiş kəskin bağırsaq xəstəlikləri və disbakterioz. Patogenez. Xəstəliyin patogenezi mərkəzi, vegetativ və yerli neyro-humoral və endokrin sistemlərin, bağırsağın funksiyalarını nizamlayıcı fəaliyyətinin pozulması ilə sıx əlaqədardır. Genetik meyllilik fonunda etioloji amillərin təsiri altında visseral reseptorların hissetmə və oyanma fəaliyyətləri dəyişilir və eyni zamanda qastrointestinal endokrin sisteminin (qastrin, sekretin, xolesistokinin, motilin, somatostatin, vazoaktiv intestinal polipeptid, pankreatik polipeptid, neyrotenzin, mədənin ləngidici polipeptidi və s) disbalansı baş verir. Əmələ gəlmiş visseral hiperhəssaslıq hiperalgeziya və allodiniya ilə özünü büruzə verir. Birinci halda ağrının hiss olunma dərəcəsi artır və ikinci halda isə ağrının təsiri altında bağırsağın funksiyaları pozulur. Son vaxtlar qastrointestinal endokrin hormonlarla bərabər, endogen opioid peptidlərin, yəni enkefalinlərin bağırsağın motorik və sekretiv funksiyalarının nizamlanmasında olan rolu aydınlaşdırılmışdır.
Beləliklə, genetik meyllik və zəif rezistentlik fonunda sosial, ekoloji, məişət, psixi, emossional, sanitar-gigiyenik amillərin təsiri altında keçirilmiş xəstəliklər və travmalardan sonra mədə-bağırsaq sistemində mərkəzi, vegetativ və yerli neyro-endokrin requlyasiyanın pozulması, visseral reseptorların hissetmə və oyanma fəaliyyətinin disbalansı nəticəsində bağırsağın motor və sekretor funksiyaları pozulur.
Təsnifat: Qeyd etmək lazımdır ki, bağırsağın qıcıqlanması sindromu 1999-cu ildə Roma şəhərində beynəlxalq qastroenteroloji işçi qrupu tərəfindən qəbul olunmuş və müvafiq meyarlarla səciyyələndirilmişdir. Bağırsağın qıcıqlanması sindromu indiyə qədər mövcud olan kolonopatiya, spastik kolit, funksional ishal və ya qəbizlik, kolodiskineziya kimi terminləri əvəz etmişdir.
Ümumiyyətlə, bağırsağın funksional pozğunluqlarının, daha doğrusu xəstəliklərinin dörd tipi ayırd edilir:
– qıcıqlanmış bağırsaq sindromu, hansı ki, abdominal diskomfort və ağrıdan ibarətdir;
– qarnın funksional olaraq köpməsi, yəni funksional köpmə;
– funksional qəbizlik;
– funksional diareya.
Bağırsağın qıcıqlanması sindromu, xəstəliklərin sonuncu 10 saylı beynəlxalq təsnifatında K58.0-K58.9 rubrikası üzrə verilmişdir. Xəstəliyin diareya, qəbizlik və ya ağrı və meteorizmlə müşayiət olunan variantları vardır.
Klinika. Bir qayda olaraq, simpatikotoniya və ya vaqotoniyanın üstünlüyü olan şəxslərdə, tədricən qarında diskomfort, ağrı, ishal və ya qəbizlik əlamətləri meydana çıxır. Bu əlamətlər getdikcə proqressivləşir və hər dəfə streotip olaraq təkrar olunur. Xəstələrin şikayətləri dəyişkən və çox saylı olur və yuxu vaxtı keçib gedir. Şikayətlər abdominal, vegetativ, psixogen və digər xəstəliklərə oxşar olmaqla sayca çox, müxtəlif və lokalizasiyaya görə dəyişkən olur.
Xəstəliyin əsas klinik əlamətlərinə aşağıdakılar aiddir:
– abdominal ağn və ya diskomfort, hansı ki, defekasiyadan sonra azalır və ya keçib gedir, rahatlıqla (komfortla) əvəz olunur;
– gündə üç dəfədən çox olmaq şərtilə qarnın işlənməsi qeyd edilir və ya həftədə üç dəfədən az olmaqla qəbizlik mövcud olur;
– abdominal ağrını və diskomfortunu ishal və ya qəbizlik müşayiət edir;
– kalın xaricolma aktının gərginləşməsi, ləngiməsi və ya sürətJənməsi, imperativ defekasiyaların olması;
– meteorizm və kalla seliyin xaric olunması.
Bağırsağın qıcıqlanması sindromunun klinik mənzərəsində abdominal ağrı, meteorizm, ishal, qəbizlik və sair halların olmasına baxmayaraq, obyektiv müayinədə, instrumental və laborator tədqiqatlar zamanı patoloji dəyişikliklər tapılmır. Xəstəlik getdikcə proqressivləşmir, malabsorbsiya sindromu ilə ağırlaşmır. Abdominal ağrının gün ərzində üç dəfədən çox olan duru və ya sulu ishal, və ya həftədə üç dəfədən az olaraq qəbizliklə müşayiət olunması, kalla seliyin xaric olunması mədə-bağırsaq sisteminin üzvi zədələnmələrinin yoxluğu ilə səciyyələnir.
Diaqnostika. Bağırsağın qıcıqlanması sindromunun diaqnostikası abdominal diskomfortun, ağrının, ishal və ya qəbizliyin, meteorizmin digər üzvi patologiyalarsız illərlə davam olunmasına və proqressivləşməsinə əsaslanır. Onun diaqnozu digər ona oxşar xəstəliklərin inkar olunması yolu ilə dəqiqləşdirilir. Xəstəliyin diareya ilə müşayiət olunan forması aşağıdakı xəstəliklərlə diferensiasiya edilir:
– malabsorbsiya sindromu;
– xronik pankreatit, mədəaltı vəzin xərçəngi;
– atrofik qastrit;
– qaraciyərin sirrozları;
– enterogen disaxaridazanın çatışmazlığı;
– seliakiya;
– divertikulyoz;
– bağırsaq şişləri;
– limfositar və kollagen kolitlər;
– Kron xəstəliyi və s.
Xəstəliyin qəbizliklə müşayiət olunan formasını bağırsağın poli-pozundan, divertikulyozundan, kolorektal xərçəngdən, kiçik çanaqda cərrahi müdaxilələrdən sonra əmələ gəlmiş bitişmələrdən, qadınlarda endometriozdan ayırd etmək gərəkdir.
Müalicə.Bağırsağın qıcıqlanması sindromunun müalicəsi pəhrizdən, dərman müalicəsindən, fizioterapiyadan və sanatoriya-kurort müalicəsindən ibarətdir. Xəstəyə ümumiyyətlə piyli yeməklər, sitrus meyvələri, soğan, sarımsaq, turp, çuğundur, qazlı mayelərin verilməsi məhdudlaşdırılır. Xəstəliyin qəbizliklə müşayiət olunan variantında sıyıqlan, bitki yağları, kobud buğda çörəyi ilə, ət bulyonun da hazırlanmış tərəvəz supları, yerkökü və çuğundur qarışığı, kefir, qatıq, qaymaq, turş süd verilir. Xəstəliyin diareya ilə müşayiət olunan gedişində cır mərsin, qaragilə, mərcanı, tünd çay, kofenin qəbul olunması tövsiyə olunur. Ağrı və meteorizmlə müşayiət olunan təsadüflərdə rasiondan paxlalı qidalan, kələmi, qara çörəyi, südü, göbələkləri, giləmeyvələri, ədviyyatları məhdudlaşdırmaq məsləhətdir.
Nərminə Abbasova
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)