cizgi filmi

Cizgi filmləri uşaqlara hər zaman müsbət təsir edirmi?

Baxış sayı: 540

Övladlarımızın  düzgün təlim-tərbiyəsi, sağlam inkişafı, intellektuallığı və savadlığı hər birimiz üçün çox vacibdir. Uşaqların  dünyagörüşünün formalaşmasına təsir edən  faktorlardan biri də məhz cizgi filmləridir. Müəyyən yaş dövrü var ki, uşaqlar  üçün bu filmlər daha aktual olur,  çox izlənilir. Bəs cizgi filmləri övladlarımızın inkişafı üçün nə dərəcə əhəmiyyətlidir?

Sosioloq Cavid İmamoğlu mövzu ilə bağlı bildirdi ki,  bütün uşaqlar cizgi filmlərini çox sevirlər. Xüsusən də müəyyən yaş dövrü var ki, o zamanlar bu tip filmlərə daha tələbkar olurlar. Cizgi filmlərinin uşaqlara təsiri isə inkaredilməzdir: “Cizgi filmləri və onların izlənməsinin həmişə müsbət nəticəsini görmək istəyiriksə, onda bir neçə mühüm şərtləri nəzərə alsaq daha yaxşı olar: uşağın yaşı, cizgi filminin hansı yaş üçün nəzərdə tutulması,  bu filmlərin keyfiyyəti və məzmunu, bəzən  valideynin də  övladla birgə izləməsi. Uşağın yaşı  çox önəmli məsələdir.  Bir yaşa qədər ümumiyyətlə, baxılmamalıdır, 3 yaşa qədər uşaqlar təxminən 5-7 dəqiqə, 4-6 yaş arasında olduqda isə vaxt maksimum 20 dəqiqəyə qədər artırıla bilər. Bu zaman bir dəfəyə deyil, səhər və axşam saatlarını bərabər dəqiqələrə bölə bilərsiniz.

cavid imamoglu

Cizgi filmlərinin hamısı heç də  uşaqlar və onların yaşları  üçün nəzərdə tutulmur. Bəzən məzmuna baxıram ki, bu, bir uşaq təfəkkürü üçün həddindən artıq mürəkkəb, yüklü və gərəksizdir. Uşaqların yaşına uyğun  olmayan  filmləri seyr etdirib, onlara mənfi təsir etməyin əhəmiyyəti yoxdur. Cizgi filminin məzmunu və keyfiyyəti də çox önəmlidir. İstəsək də, istəməsək də bu, artıq qəbul olunub ki, uşaqların təlim-tərbiyəsində  bir çox amillər rol oynayır. Bu amillər sırasında cizgi filmləri önəmli yer tutur. Ona görə də bu  cür filmlərin məzmunu sırf maarifləndirici, əyləncəli xarakter daşımalıdır. Həm film, həm də onun qəhrəmanları müəyyən mənada  müsbət səciyyə daşımalıdır. Uşaq onu izləyir, təqlid edir, onun kimi davranır. Valideynlərin övladları ilə birgə cizgi filmi izləməsi çox yaxşıdır. Çünki uşaq ola bilər ki,  seyr edərkən nəyisə müzakirə etmək istəsin, ancaq qarşısında, yanında heç kim olmasın. Bu baxımdan  valideynin iştirakı çox əhəmiyyətlidir. Həm də uşaqdan əvvəl cizgi filmlərin anonsuna valideynin baxması zəruridir. Uşaq  filmi özü seçdikdə, sadaladığım məqamları nəzərə almaya bilər. Lakin valideynlər ciddi şəkildə bununla maraqlanmalıdırlar. Təkcə valideynlər deyil,  körpələrin təlim-tərbiyəsi ilə məşğul olan hər kəs məlumatlanmalıdır. Övladınızın özünə adekvat film seçirsinizsə, onun izləmə vaxtına müəyyən məhdudiyyət qoyursunuzsa, bu zaman  bu cür filmlərin uşaqlar üçün heç bir mənfi təsiri də olmaz.”

Həmsöhbətimiz uşaqlarımızın xarici cizgi filmləri izləməsini yerli cizgi filmlərinin yetərsizliyi ilə əlaqələndirdi: “Əslində, son dövrlər bizdə Azərbaycan dilində cizgi filmləri demək olar ki, yoxdur. Verilişlər isə azdır. Bu zaman valideynlər xarici cizgi filminə üstünlük verirlər. Uşaqlar isə  getdikcə xarici dilə meyil edirlər. Məsələyə digər tərəfdən baxdıqda isə, uşaqlar xarici cizgi filmlərindəki rəngarəngliyi, peşəkarlığı, canlılığı, işıqlandırmanı görürlər və  bizim cizgi filmlərinə ondan sonra o qədər də meyil etmirlər. Uşaqlar artıq xarici dilə meyillənir, o dildə  danışır, o təfəkkürlə düşünür. Bu da valideyn və övlad arasına müəyyən səd çəkir. Hər halda yerli və keyfiyyətli  cizgi filmlərimiz çox olarsa,  təbliğ olunarsa, uşaqlarımız da bu istiqamətə meyillənər.”

Psixoloq, pedaqoq Zeynəb Eyyubova isə mövzu  ilə bağlı açıqlamasında qeyd etdi ki, uşaqlar nəzarətsiz şəkildə film seyr etdikdə, bu, onların beyninin  inkişafına və davranışlara mənfi təsir edir: “Cizgi filmlərinə böyüklər tərəfində nəzarət labüddür. Bu  filmlərin hər  birinin müəyyən məzmunu və əhəmiyyəti var. Düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir. Lakin bəzən elə cizgi filmləri nümayiş olunur ki, uşagın tərbiyəsinə mənfi təsir göstərir. Xüsusilə son illər çəkilən cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə tez-tez rast gəlinir. Ona görə də valideynlər uşaqlarının izləməsi üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi vacib məqamlara diqqət yetirməlidirlər.”

zeyneb eyyubova

Zeynəb Eyyubova, həmçinin əlavə etdi ki, cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir, mənasız dinamik hərəkətlər əvəzinə öyrədici və tərbiyəedici süjetlər olmalıdır: “Əlbəttə ki, uşaqların bilik və dünyagörüşünün artırılmasına xidmət edən kifayət qədər cizgi filmləri var. Cizgi filmləri aqressiya və zorakılığı deyil, mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir.”

Pedaqoq, cizgi filmlərinə çox vaxt ayrılmasını düzgün hesab etmir: “Uşaqlar çox kiçik zaman ölçüsündə cizgi filmini seyr etməlidirlər. Çalışmalıyıq ki, bağçadan, oyunlardan, həyət gəzintisindən sonraki vaxtı uşaqlar evdə valideynləri, bacı-qardaşları ilə keçirsinlər. Bu, onlarda həm ünsiyyəti, həm sağlam ailə düşüncəsinə, mehribanlığı, sevgini, diqqəti formalaşdıracaq.”

“Uşaqlarda 4 yaşından sonra müəyyən təqlid dönəmi başlayır. Evdə valideyn, bağçada müəllim, izlədiyi filmlərin qəhrəmanları hərəkətlərini özlərinə uyğun şəkildə təkrarlayırlar. Cizgi filmləri də  personajları da əsas təqlid hədəfləridir. Son zamanlar ən çox təqlid kimi seçilən isə “Maşa və Ayı” cizgi filmidir. Uşaqlar həmin obrazlar kimi davranırlar. Onların hərəkətini təkrar edirlər, onların bir sıra xüsusiyyətlərini mənimsəyirlər. Baxırsan ki,  bir sıra kobud, aqressiv  davranış  qavrayırlar. Bu da çox ürəkaçan məqam deyil. Buna görə də uşaqları mənfi xarakterli filmlərdən, onların izlənməsindən mümkün olduğu qədər uzaq tutmaq lazımdır”, -deyə psixoloq bildirdi.

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir