yemeye ne var

Kələmli peraşki belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 848

Uşaqdan böyüyə hər kəsin sevdiyi – Peraşki. Yəqin ki, sadə, kartoflu peraşkiləri indiyə kimi hər yerdə görmüsünüzü və dadına yaxşı bələdsiniz. Bəs kələmli peraşki necə? Bu gün “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında kələmli peraşkinin hazırlanmasından bəhs edəcəyik. 

 

Tərkibi 

2 stəkan isti süd (qaynar yox)

100 ml duru yağ

2 ədəd yumurta

6-7 stəkan un (1 stəkan az və ya çox istifadə oluna bilər)

2 ç/q quru maya

1/2 ç/q duz

2 x/q şəkər tozu

2 x/q qatı xama

 

İçlik

1 ədəd orta ölçülü kələm

2 ədəd böyük soğan

3 ədəd yerkökü

5 ədəd yumurta

2 x/q kərə yağı

KELEM PERASKISI

Hazırlanma qaydası:

Birinci xəmirimizi hazırlayaq. İlk əvvəl qaba 2 çay qaşığı maya, 1 stəkan isti süd və 1 xörək qaşığı şəkər tozu əlavə edib maya həll olunana kimi qarışdırırıq. Daha sonra mayanın özünə gələ bilməsi üçün 10-15 dəqiqə gözləyirik. Daha sonra 1/2 çay qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 2 ədəd yumurta, 2 xörək qaşığı xama və 100 ml duru yağ əlavə edib qarışdırırıq. Bütün ərzaqlar tam həll olunana kimi qarışdırırıq.  Bu qarışıma un əlavə edib, yoğurmağa başlayırıq. Təxminən 7-8 dəqiqə yoğurun. Xəmir şəkildəki kimi yumşaq alınmalıdır. Xəmirimizin gəlməsi üçün 1.5-2 saat gözləyirik. Xəmirimiz hazır olana kimi içliyi hazırlayaq. İçlik üçün lazım olan ərzaqlarımızı yuyuruq, təmizləyirik. Yer kökü, kələm, soğan və yumurtanı doğrayırıq. Tavaya kərə yağ qoyuruq (təxminən 2 xörək qaşığı) . İlk öncə soğanı 1-2 dəqiqə bişiririk. Daha sonra yerkökünü əlavə edirik. Kələmi isə daha sonra əlavə edəcəyik. Çünki kələm yerkökünə nisbətən daha tez bişir. Ona görə də birinci yer kökünü biraz soğanda bişirək. Kələmi əlavə etdikdən sonra yaxşı qarışıdırırıq və biraz da bişməsini gözləyirik. Hazır olunmuş qarışıma kvadrat formasında doğranmış yumurtanı, duz və istiot əlavə edib 1 dəqiqə bişiririk. İçliyimiz hazırdır. Xəmirimiz və içliyimiz hazır olduqdan sonra növbə gəldi peraşkilərimizi hazırlamağa. Xəmirdən çəkisi 30 qram olan kündələr hazırlayırıq. Təcrübəli xanımlarımız peraşkini necə bükəcəklərini əla bilirlər. Biz gənc qızlarımız üçün bükmə qaydasını izah etmək istədik. Aşağıdakı şəkildəki kimi ardıcıllıqla edə bilərsiniz. Peraşkini bükərkən əlinizi və bükdüyünüz masanının üstünü duru yağla yağlayın. Bu xəmirin yapışmaması üçün vacibdir. Bükdüyümüz peraşkilər bol duru yağda bişiririk. Peraşkilərimiz hazırdır. Hər hansı sualınız yaranarsa, şərh olaraq bizə yaza bilərsiniz. Bu reseptdən faydalandınızsa, peraşkilərinizin şəklini səbrsizliklə gözləyirik.

Nuş olsun!

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir