Əslində, kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biri də gənclərdir. Gənclər bir dövlətin, bir millətin özül sütunudur. Gənclik öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdriklər gənclərin gələcəyə körpü olması barədə danışıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların timsalında təbliğ ediblər, bütün dövlətlər gənclərə kapital qoyur ki, gələcəyini qarant altına ala bilsin.
Ölkəmizdə də gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.
Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramları və Sərəncamlar gənclər strategiyasını müəyyənləşdirir
Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi müasir Azərbaycan gəncliyinin dünya standartlarına uyğun təhsil almasına, təcrübə qazanmasına zəmin yaradır.
Həmçinin, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb. Prezidentin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”ı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” da təsdiq edildi.
Ümumiyyətlə, gənclərlə bağlı bütün məsələlər dövlətin prioritet məsələsi olmalıdır. Ona görə də sadaladığımız bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Dövlətin bir amalı var, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək ən vacib məsələdir. Bu yöndə təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarını öyrənmələrinə şərait yaratmaq kimi vəzifələr də var.
Gənclər nə istəyir?
Bu gün gənclərin ən vacib üç əsas ehtiyacı var. Enerjisini çıxarmalı, özünü ifadə etməli, həmyaşıdları ilə ünsiyyət ehtiyacını ödəməlidir. İnsan həyatı boyu ən yüksək enerjiyə gənclik illərində sahib olur. Həyat boyu insanlar ən çox gənclik illərində dinamik olur, daha çox aktiv olurlar, daha çox özlərini göstərmək istəyirlər. Yemək yeyirsə, geyimlə təmin olunursa, dostları ilə sosiallaşırsa bir gəncin bütün ehtiyacları ödənmiş olmur. Elə ehtiyaclar var ki, fiziki, elə ehtiyaclar da var ki mənəvi boşluğu doldurmaq üçündür.
Sosiallaşmaq ehtiyacı yarandıqda və gücləndikdə insan bu ehtiyacını ödəmək üçün vasitə, yol, çıxış axtarır. Sağlam mühit tapa bilmədikdə isə gənclər qeyri-sağlam mühitə üz tutur. Çünki o mühit sağlam deyil, zərərli vərdişlərlə zəngindir, amma gənci həmin an o mühitin sağlam olub-olmaması narahat etmir, onu maraqlandıran ehtiyaclarının ödənilməsidir. Bu yolda zərərli vərdişlərə yiyələnir, zərərli yoldaşlıqlar qurur, amma fərqində olmur. O anlaşılmaq, başa düşülmək istəyir, amma bunun üçün yalnış yer seçir.
Bu dövrdə gənclər özünü təsdiq etmək istəyirlər. Dünyanı, həyatı, hadisələri və insanları anlamağa başladıqca, özləri haqqında nəticə çıxarmaq, öz yollarını tapmaq, bütün bunları insanlarla bölüşmək, insanlara öz fikirlərini və özlərini göstərmək istəyirlər. Çünki əksər gənc məktəbdən, universitetdən, dərsdən kənarda öz fikirlərini, hisslərini, istedad və qabiliyyətlərini ifadə etmək imkanı tapa bilmir. Ona görə də gənclərə meydan vermək, şərait yaratmaq bir cəmiyyət üçün ən vacib iş olmalıdıır.
Gənclik gələcək üçün nə vəd edir?
Bütün cəmiyyətlərdə gənclər o cəmiyyətin gələcəyi deməkdir. Milllətçilik ideallarında millətin gələcəyi onlara tapşırılırdı, sosializm öz gələcəyini bu ideyalara sadiq gənclərdə görürdü. İndi də dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəlddir, temperamentlidir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadiq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadiqdirlər.
Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı dövrün bizim yaşadığımız zamandan çox fərqli olacağı gerçəyidir. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, bizim bildiklərimizdən çox fərqli olacaq. Onlar yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, övladımız innovativ gələcəyə öz mədəniyyətinə, adətinə vətəninə bağlı fərd kimi getsin. Bu yolda dövlət də təhsil proqramları ilə öz gənclərinin yanındadırsa o gələcəyin uğurlu olacağına indidən təminat var deməkdir.
Lalə Mehralı