Nermine Abbasova

Nərminə Abbasova: “Ağrılar xəstəliyin dərəcəsinə görə müxtəlif olur”

Baxış sayı: 657

Tibbi ədəbiyyatda Osqud-Şlyatter xəstəliyi osteodistrofiyanın bir forması kimi göstərilir. Xəstəlik dizdə – qamış sümüyünün diz oynağı hissəsində yaranır. Adətən 12-18 yaşlı uşaq və gənclərdə rast gəlinir. Dizin aşağı hissəsində yaranan şiş ağrılı olur və uşağın idmanla məşğul olmasına çətinlik törədir.

Mövzumuzla bağlı oxucularımızı məlumatlandıran

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, Osqud-Şlyatter xəstəliyinin yaranmasının bir neçə səbəbləri var:

Onlardan birincisi uşağın boy artımı ilə bağlıdır. Başqa sözlə, uşağın inkişaf dövründə ortaya çıxa bilər. Digər səbəblərdən biri fiziki yükləmələrdir. Çox vaxt idmanla intensiv məşğul olan uşaqlar Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkirlər. Oğlan uşaqları qızlara nisbətən idmanla daha çox məşğul olduqlarından xəstəlik onlar üçün daha xarakterikdir. Xəstəlik sümüklərin böyümə dövründə özünü göstərə bilər. Statistikaya görə, idmanla məşğul olan hər 5-6 uşaqdan birində bu xəstəlik müxtəlif formalarda müşahidə olunur. İdmandan uzaq olanlarda isə bu rəqəm 3-5 faizdir.

Osqud-Şlyatter xəstəliyin yaranma səbəblərindən danışan həkim qeyd etdi ki, uşaqlarda boy uzanması birbaşa sümüklərin inkişafa ilə bağlıdır:

Qamış sümüyünün oynaqlarla birləşdiyi hissəsində xüsusi böyümə zonaları var. Həmin zonaların hesabına sümük uzununa böyüyür və uşaqda boy artımı müşahidə olunur. Böyümə zonasında sümüklərin üzəri qığırdaqla örtülüb və sümüklə möhkəm birləşməyib. Sümüyün uzanma prosesində qığırdaqların sümükdən qopa bilmə ehtimalı var. Fiziki hərəkətlər zamanı bu qopma özünü daha tez büruzə verir. Nəticədə qığırdağın sümükdən aralanan hissəsində maye yığılır və ağrılar başlayır. Uşağın orqanizmi bu qopmanı özü bərpa etməyə çalışır. Yekunda böyüyən sümük hüceyrələri boş zonaya doğru çoxalmağa başlayır ki, bu da dizin aşağı hissəsində sümük çıxıntısının yaranmasına, paralel olaraq ağrılara səbəb olur.

Sözügedən xəstəliyin qamış sümüyünün osteoxondropatiyası olduğunu vurğulayan Nərminə xanım bildirdi ki, Oskud-Şlyatterin yaranmasının iki əsas səbəbi var. Onlardan biri fiziki yükləmələr olduğu halda, digəri həmin nayihənin zərbələrə tuş gəlməsi və zədələnməsidir:

 

 

“Qamış sümüyünün xüsusi böyümə zonaları var. Böyümə zonaları qığırdaqlardan ibarətdir və sonradan sümükləşir. Fiziki yükləmələr və zərbələrin hesabına qığırdaqlar tez zədələnə bilirlər. Nəticədə hüceyrə artımı normanı aşır ki, bu da dizin aşağı hissəsində çıxıntı əmələ gəlməsinə səbəb olur. Vaxtında müalicə aparılmazsa və uşaq idmanla məşğuliyyətə davam edərsə, nəticəsi ağır ola bilər. Ağrılar xəstəliyin dərəcəsinə görə müxtəlif olur. Bəzi hallarda yüngül, əksər hallarda isə kəskin və dözülməz ağrılar müşahidə edilir. Xəstəlik olduğu anda idmanla məşğuliyyət ağrıların şiddətlənməsinə gətirib çıxarır. Ağrılardan və dizin aşağı hissəsində əmələ gələn çıxıntıdan yana diz nayihəsində şiş əmələ gələ bilər.

Həkim deyir ki, adətən Osqud-Şlyatter xəstəliyi uşaqların ancaq 1 ayağında yaranır. Dərəcəsindən asılı olaraq isə xəstəlik bir neçə həftədən bir neçə aya kimi davam edir:

Xəstəlik “yoxa çıxdıqdan” sonra dizin aşağı hissəsində, qamış sümüyünün üzərində çıxıntı qalır. Amma bu çıxıntı uşağın gələcək fəaliyyətinə mane olmur. Qısası, Osqud-Şlyatter xəstəliyi uşağın boyunun artması dövrünə təsadüf edir, adətən idmançılarda rast gəlinir və boy artımı ləngidikcə “yoxa çıxır”.

Həkim Osqud-Şlyatter xəstəliyinin diaqnostika və müalicəsindən də bəhs edib. Bildirib ki, xəstəliyi müəyyən etmək üçün rentgen müayinəsindən keçmək lazımdır:

 

 

MRT diaqnostikası daha yaxşıdır. Bu halda sümüyün, qığırdağın və əzələlərin vəziyyəti daha yaxşı görünür. Xəstəliyin dərəcəsindən asılı olaraq müalicə təyin olunur. Təcrübəli həkimlər rentgen və MRT müayinəsi olmadan belə Osqud-Şlyatter xəstəliyini simptomlarına görə təyin edə bilirlər. Amma bütün hallarda müayinə lazımdır. Bayaq qeyd etdiyim kimi, xəstəliyin dərəcəsini müəyyən etmək üçün rentgen müayinəsi mütləqdir. Əgər xəstəlik ilkin mərhələdədirsə, tez və ağrısız müalicə olunur və müəyyən müddətdən sonra tam sağalır. Ağırlaşmış formadadırsa, müalicə prosesi bir qədər uzun çəkir.

Ailə həkimi Osqud-Şlyatter xəstəliyinin müalicəsində həkimlər tərəfindən təyin olunmuş müalicə üsulu sırasına müəyyən dərman preparatları, fizioterapiya, zərbədalğa terapiyası, idman gimnastikası, müəyyən fiziki hərəkətlər, üzgüçülük və sairin daxil olduğunu vurğuladı:

“Bununla yanaşı, üstəlik, müalicə müddətində fiziki yükləmələr yasaqdır. Yəni, uşağı sevimli idman növündən müəyyən müddətə uzaqlaşdırmaq, ayağa rahatlıq vermək vacibdir. Aparılan müalicələrin nəticəsindən asılı olaraq uşaq bir müddət sonra idmanla məşğul ola bilər.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir