Nermine Abbasova

Nərminə Abbasova: “Zərərli vərdişi olanlar da osteoporoz baxımından risk altındadırlar”

Baxış sayı: 497

Sümüklər bir endokrin orqan olmaqla mexaniki və əhəmiyyətli metabolik funksiyalara sahibdir. Həddi-buluğ dövründən başlayaraq skelet sistemi tam formalaşır. Bir stabilləşmə dövrü keçdikdən sonra, təxminən 40 yaşlardan başlayaraq hər iki cinsdə sümük kütləsində bir itki başlayır. Menopauza dövründə isə yumurtalıq funksiyasının kəsilməsinə bağlı olaraq sümük kütləsi, minerallar azalmağa başlayır, sınıqlar və artmış sümük sınığı riskləri ilə osteporoz dediyimiz vəziyyət yaranır. Beləliklə də insan yaşlandıqca önəmli bir sağlamlıq probleminə çevrilməkdədir”.

Bunu oxucularımızı metabolik sümük xəstəlikləri və osteoporozla bağlı məlumatlandırarkən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi. Nərminə xanım statistikaya diqqət çəkdi və ən çox rast gəlinən osteoporozdan danışdı:

“Bütün dünyada 60 yaşdan yuxarı qadınların üçdə biri, 80 yaşdan yuxarı qadınların isə üçdə ikisi osteporotikdir. Osteoporoz böyük yaşlı insanlarda baş verən sınıqların əsas səbəbi olmaqla, ən çox yayılmış sümük xəstəliyidir. Әn çox rast gəlinən qalça və fəqərə sınıqları şikəstlik və əlilliyin səbəbi olmaqla osteoporozun erkən diaqnostika və müalicəsinin önəmini ortaya qoyur. Çox vaxt diaqnostikası unudulan, sınıqlarla xəstəxanaya gətirilən osteoporoz xəstələri vaxtında diaqnoz olunarsa, ağırlaşmaların da qarşısı vaxtında alınmış olar. Diabetli xəstələr, hipotiroidzm, yaşlı, xüsusən, qadın cinsli pasientlər menopauza sonrası, steroid tərkibli və başqa xəstəlikləri üçün çeşidli dərman qəbul edənlər, ailə və yaxın qohumlarında tez-tez sınıq anamnezi olanlar, ankilozlaşdırıcı spondilit, revmatoid artrit, iltihabi bağırsaq xəstəlikləri olanlar, hipoqonodizm diaqnozu qoyulmuşlar, orqan transplantasiyası əməliyyatı keçirənlər, günəş işığı və açıq havada çox ola bilməyənlər, siqaret və alkoqol kimi zərərli vərdişi olan pasientlərimiz osteoporoz baxımından yüksək risk altındadırlar. Osteoporozun densitometriya müayinəsi ilə varlığı və dərəcəsi dəqiqləşdirilməlidir”.

 

 

Nərminə xanım bildirdi ki, osteoporozdan sonra ən çox rast gəlinən sümük ağrıları, sınıqlar, onkoloji risklər, nevroloji və kardioloji problemlərlə qarşımıza çıxan sümüyün Paget xəstəliyidir. Onun sözlərinə görə, bu xəstəlik üçün də vaxtında müalicə tədbirləri apararaq ağırlaşmaların qarşısını almaq mümkündür:

“Metabolik sümük xəstəlikləri skelet sistemində sınıq riskini artıran, elektolit, sümük, mineral maddələr mübadiləsinin hər növ pozğunluqlarına verilən bir ümumi ad, termin olaraq istifadə edilir. Hər bir sümük metabolik xəstəlikdə hemoqram, EÇS, CRP, kalsium, fosfor başda olmaqla bütün elektrolitlər, alkalen fosfataza, tireoid hormon paneli, cinsi hormonlar, qaraciyər, böyrək testləri, lipid profili və radioloji müayinələr- rentgenoqrafiya, sintiqrafiya, ehtiyac olduğu hallarda sümük biopsiyası edilərək tam diaqnoz dəqiqləşdirildikdən sonra müalicə haqqında düşünülməlidir. Vitamin D yetərsizliyi uşaqlarda raxitlik, böyüklərdə osteomalaziya xəstəliklərinin, eyni zamanda artıq osteoporozun başlıca səbəbi olmaqla qarşımıza çıxmaqdadır. D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox yerində əhəmiyyətli vəzifələri olan vitamin, eyni zamanda vacib bir hormonumuzdur. D vitamini yetərsizliyinin qarşısını almaq üçün kifayət qədər günəş şüaları və D vitamini ilə zəngin qidaların qəbul edilməsi vacibdir. D vitamini günəş şüalarının təsiriylə dəridə meydana gəlir. Gündəlik D vitamini ehtiyacı qollar, ayaqlar və üzün təxminən 20 dəqiqə gün işığına məruz qalmasıyla qarşılana bilər. Ehtiyac lazımi günəş işığı miqdarı, yaş, dərinin rəngi, məruziyyət müddəti digər tibbi problemlərə görə dəyişir. D vitamininin dəridə istehsalı yaşla getdikcə azalır. Dəri rəngi tünd olan kəslərdə, kafi D vitamininin dəridə meydana gəlməsi üçün xüsusilə qış aylarında uzun davamlı gün işığına ehtiyac vardır. Günəş qoruyucu kremləri istifadə edənlərdə dəridə D vitamini istehsalı əhəmiyyətli dərəcədə azalır. D vitamininin digər əhəmiyyətli qaynağı qidalardır. Bəzi qidalarda D vitamini təbii olaraq var. Bəzi ölkələrdə süd və süd məhsulları, çörək, yağlar, taxıllar D vitamini ilə zənginləşdirilməkdədir. Ölkəmizdə hələ belə bir tətbiq metodu yoxdur. D vitamini qida ilə alınan kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin edir. Bədəndə kalsium və fosfor tarazlığını təmin edir, sümük və əzələlərin sağlamlığı üçün çox lazımlıdır. İmmunitet sisteminə müsbət təsir edir. Hipertoniya, ürək xəstəlikləri, diabet, bəzi xərçəng və autoimmun xəstəliklərə qarşı qoruyucudur. D vitamini əskikliyi 3 ana səbəbdən qaynaqlanır – qeyri-kafi günəş şüası ilə birlikdə qidalarla qeyri-kafi D vitamini alışı, D vitamininin bağırsaqdan qeyri-kafi sorulması, qaraciyər və ya böyrək xəstəliyi olanlarda D vitamininin təsirli formasına çevrilə bilməməsi”.

 


Həkim onu da qeyd etdi ki, metabolik sümük xəstəlikləri bunlarla məhdudlaşmayıb, müxtəlif növ elektrolit pozğunluqları: hipokalsemiya, hiperkalsemiya, hipo- və hipermaqnezemiya, -fosfatemiyalar, osteogenezis imperfekta, osteopetrozis, onkogenik osteomalaziyaları da əhatə edir:

“Eyni zamanda, endokrinologiyanın vacib qolu olan qalxanabənzər ətraf vəzi xəstəlikləri də sümük metabolizması ilə sıx bağlı olduğundan hipo- və hiperparatiroidizm, paratireoid adenomları, psevdohipoparatiroidizmlər də bu sahə ilə məşğul olan həkimlərin diqqət mərkəzindədir. Xidmət sahəmizə aid olan hər növ metabolik sümük xəstəlikləri, qalxanabənzər ətraf vəzin problemləri, vitamin D yetərsizliyi, osteomalaziyalar, Peget xəstəliyi, çeşidli növ osteoporozların tam diaqnostikası və müalicəsi protokollara uyğun şəkildə aparılır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir