internet

Sosial şəbəkə ailə möhkəmliyinə zərbə vurur?

Baxış sayı: 2. 146

Bəşəriyyət nə qədər inkişaf etsə də, boşanma mədəniyyəti, yaxud mədəniyyətsizliyi problemi günü bu gün də öz aktuallığını saxlayır. Az qala hər gün bu mövzuda bir və ya bir neçə xoşagəlməz, hətta üzücü, faciəvi xəbər eşidirik. Altını da çox vaxt ailədəki azyaşlı uşaqlar çəkir.

Söhbət yalnız Azərbaycandan getmir. Müşahidələr göstərir ki, məsələn, qonşu Türkiyədə də bu xüsusda vəziyyət ürəkaçan deyil.

Bu arada Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib. Ölkənin baş naziri Akılbek Japarov bununla bağlı deyib: “Bəzi qadınlar qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar”.

Düzdür, baş nazirin təşəbbüsü hələ parlament tərəfindən qanuniləşməyib, amma istənilən halda maraqlı təklifdir.

Bəs bu, işin xeyrinə ola bilərmi? Niyə məhz boşanan qadınlara qadağa qoyulmalıdır? Bu cür inzibati yasalar çıxış yoludurmu?

Ümumiyyətlə, boşanma mədəniyyətinin qıtlığı və ya yoxluğu niyə ən çox müsəlman-türk toplumlarına xasdır? “Şərq mentaliteti” deyilən bir amil varmı? Sosial şəbəkələr doğrudanmı ailə institutuna, ailə möhkəmliyinə təhlükədir?

Bu suala cavab tapmaq üçün PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı ilə həmsöhbət olduq və o mövzuyla bağlı aşağıdakıları qeyd etdi: Sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsi sonra ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarır. Azərbaycanda da bu hallarla tez- tez rastlaşırıq. Ünumiyyətlə, sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edib. İnternetdəki mənfi məlumatlar, insanların psixologiyasına zərər vurur. Bunun qarşısı yalnız doğru maarifləndirmə yolu ilə alınmalıdır. Azərbaycanda sosial şəbəkədən istifadə mədəniyyəti formalaşdırmalıyıq.”

almara Melikova

Ekspert sosial şəbəkələrin insanlara təsirinin ikitərəfli xarakter daşıdığını deyir: “Bu vasitə ilə hətta indi evlənmə də aktualdır. Günümüzdə sosial şəbəkələr vasitəsilə tanış olub ailə quranlar da az deyil. Digər bir tərəfi isə ailədə boş yerə qısqanclıqlar yaratmasıdır. Hətta, bundan başqa formada istifadə edənlər də çoxdur. Statistikaya görə isə, sosial şəbəkələrin səbəb olduğu boşanmalara da çox az halda rast gəlinmir.

Psixoloqun sözlərinə görə, əgər ailədə problem varsa, çözülmürsə, boşanmaya qərar verdikdən sonra, boşandıqdan 5-6 ay sonra, insanın psixoloji durumu, düşüncələri sakitləşdikdən sonra başqası ilə tanış olmağa qərar vermək daha doğru olar.Ancaq günümüzdə bəzən kişi və qadınlar eyni zamanda bir neçə nəfərlə danışır, özləri üçün sanki “ehtiyyat variant” saxlayırlar. Bu isə, heç də yaxşı nəticələnmir.

Mütəxəssis hesab edir ki, insanları sosial şəbəkələrdən və digər internet resurslarından məhrum etmək vəziyyətdən çıxış yolu deyil: “Kiməsə qadağan etmək olmaz ki, sən internetdən istifadə etmə. Elə imsanlar var ki, telefonu əlindən alsan,bununla onların psixoloji durumları gərginləşir və  başqa telefon taparaq istədiklərini davam etdirirlər. Bu da bir asılılıqdır. Sadəcə, ailə qurarkən tələsməməli, qarşılıqlı münasibətlərində dəyərlərə önəm vermək lazımdır.”

M.Almara Ağaqızı sosial şəbəkələrin  bəzən ailə modelinə müsbət təsiri olduğunu da deyir: “Ailəvi tədbirlərin işıqlandırılması ailə daxilində münasibətlərin yaxşı olmasına şərait yarada bilər. Burda da yenə ehtiyatlı olmaq lazımdır. Yaxud qohumlar arasında ünsiyyət saxlamaq üçün internet yaxşı vasitədir. Istər böyük  Istər kiçik  ailə üzvlərinin Sosial şəbəkələrdə hədindən artıq vaxt keçirilmələri doğru deyil.Daha çox ailə, uşaqla ünsiyyətdə olunmalıdır. Bəzən buna görə ailələrdə ünsiyyət azliğı olur, munasibətlərdə soyuqluq olur,hətta ev əhlinin yuxu rejimi də pozulur. Ana uşağıyla maraqlanmalı, uşaq yatandan sonra sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur.”

 

Təqdim etdi: İlahə Atəş




8 şərh “Sosial şəbəkə ailə möhkəmliyinə zərbə vurur?

  1. Mahal

    Britaniyalı hüquqşünaslar boşanmaların səbəbləri sırasında üçüncü yerdə məhz sosial şəbəkələri, xüsusən “Facebook”u göstərib. “Lake Legal” adlı hüquq şirkətinin mütəxəssisləri boşanmaları analiz edərək qərara gəlib ki, Facebook ailə münasibətlərinə mənfi təsir göstərir.

    Cavabla
  2. Ramin Əhnədli

    Baxır şəbəkələr nə cür fəaliyyətdədir və insanlar onlardan nə cür istifadə edir? Ona görə də, sadəcə olaraq birbaşa demək ki, sosial şəbəkələr ailə dağıdır, bu, düzgün yanaşma deyil. Bu nə deməkdir? Belə çıxır ki, sabah sosial şəbəkəni ləğv etməliyik?

    Cavabla
  3. Rövşən A.

    Ailə dəyərlərinə təsir edən bir çox amillər var. Sosial şəbəkələr də bu vasitələrdən biridir

    Cavabla
  4. Sevinc Quluzadə

    İnternet vasitəsi ilə ər, ya arvad kiminləsə tanış olur. Başlayır yazışmağa, görüşməyə. Bəzən elə olur ki, ailələr boşanma həddinə çatır. Yaxud boşanmadan ər, ya arvad özünə sevgili tapır, onunla ünsiyyətdə olur. Bu da internetin ailə modelin mənfi təsiridir. Amma bunu sadəcə internetə bağlamaq düzgün deyil.

    Cavabla
  5. İlham

    Təəssüf ki, boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu görürük. Təbii ki, bunda sosial şəbəkələrin də rolu az deyil

    Cavabla
  6. Salatın Sadiqova

    Hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar.

    Cavabla
  7. Səməd Vəkilov

    Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu “doldurmağa” çalışırlar

    Cavabla
  8. Arzu Məmmədova

    müasir dövrün yeniliklərinin ailələrə təsir etdiyini və arzuolunmaz neqativ halların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac var

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir