bosanma

Boşanmadan sonrakı həyat: Kim daha çox xoşbəxtdir?

Baxış sayı: 492

“The Time” nəşri “Boşandıqdan sonra kim daha yaxşı yaşayır – kişilər, yoxsa qadınlar?” mövzusunda araşdırma aparıb. Bir vaxtlar qanuni əlaqələri, rəsmi nikahı olan, lakin sonradan bu münasibətləri pozan 1060 könüllü (orta yaş 54) sualları cavablandırıb. Respondentlər ailə həyatının necə olduğunu və bunun onlarda niyə nəticə vermədiyini açıqlayıblar. Məlum olub ki, boşanma qadınlar üçün kişilərdən qat-qat faydalıdır. Belə ki, sorğuda iştirak edən qadınlar boşanmadan sonra özlərini daha xoşbəxt hiss etdiklərini bildiriblər. 

Bəs Azərbaycanda necə, boşanmadan sonra kişilər, yoxsa qadınlar özlərini xoşbəxt sayırlar?

Mövzu ilə bağlı danışan psixoloq Ülviyyə Murtuzova bildirir ki, boşanmanın özü hər kəsin şəxsi xarakterinə görə dəyərləndirilir.

Onun sözlərinə görə, boşanma səbəbləri də insanalara görə fərqlidir: “Boşanma sonrakı yaşadığı xoş və ya qeyri-xoş günlər də insanın özünə görə dəyərləndirilir. Məsələn, bu yolu seçdikdən sonra acı çəkib peşman olan da olur və bunu dilə gətirir. Peşmançılıq çəkib, amma “Xoşbəxt və çox uğurlu həyat yaşayıram” görüntüsünü yaradanlar da olur. Hər şey göründüyü kimi deyil. Boşanmaya gedən səbəblər və bəhanələr var. Təbii ki, bəhanələr sonradan insanın özünü xoşbəxt kimi görməsinə səbəb ola bilər. Lakin çox tutarlı səbəbdən boşanan qadınların və ya bəylərin sonradan xoşbəxt olmaqları sual altındadır. Əgər boşanmanın səbəbi şiddət və ya təcavüzdürsə, təbii ki, bu proses zərər görən qadın və ya kişi üçün bir qazancdır. Çünki şiddət hər iki tərəfə qarşı da göstərilə bilər”.

Psixoloq vurğulayır ki, hər gün davamlı olaraq döyülən, söyülən, eyni zamanda təhqirdən, emosional əzilmədən, təzyiqdən, tənəzzüldən, söz və ya fiziki təcavüzdən əziyyət çəkən qadın təbii olaraq boşanma ilə canını qurtaracaq və xoşbəxt olacaq: “Bu, eyni zamanda bəylərə də aiddir. Lakin azadlıq, karyera əldə etmək istəyi ilə, həmçinin yoldaşı ilə dünyagörüşünün fərqli olduğunu bəhanə edərək və bu kimi düşüncələrlə yola çıxaraq boşanan insanın sonradan xoşbəxt olmağı bəzən sual altında olur.  Həmin insan xoşbəxt görüntüsünü yarada bilər. Əsl gerçəklikdə isə vəziyyət tam əksi ola bilər”.

Ü.Murtuzova deyir ki, boşanmaya səbəb olan həssas məsələlərdən biri də xəyanətdir. Psixoloqun fikrincə, xəyanətdən sonra boşananların əksəriyyəti daha çox əzab çəkirlər: “Bu, onlar üçün artıq ikinci bir travma hesab olunur. Xəyanətin yaşanmasının, ağrı-acısının qəbullanması və onun üzərindən verilən qərar artıq ikinci zərbədir. Yəni, neçə il mövcüd olan ailənin dağılmasına qərar vermək artıq ikinci bir travmadır. Bu, artıq tənəzzüldür və insanın özünə qayıdışı uzun müddət tələb edir, o, ağır depresiya yaşayır. Bu tip ailələrdə xoşbəxtlik mümkün deyil. Belə vəziyyətlərdə özünü günahlandırma, özünü bağışlamamaq var. Niyə bu insanı öncədən tanımadım, nə üçün bu insanla yaşamağa qərar verdim, bəlkə onun xəyanət etməsinə mən təqsirkaram və bu kimi hallar baş verir. Bütün bunlar insanın özü-özünü daxildən mənən dağıtması ilə nəticələnir. Belə hallar insanı kin-küdurətlə “yoğurur”. Hətta bəzi hallarda onlar başqa insanların xoşbəxtliyini, uğurunu heç cür qəbul edə, bununla barışa bilmirlər. Özlərində ikinci tip olan və gizli qalan aqressiya yaşayırlar. Bu, onların emosionallığına və çılğınlıqlarına səbəb olur. Təbii ki, bunları yaşayan insan xoşbəxt ola bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir