Nermine Abbasova

Nərminə Abbasova: “Üz sinirinin nevriti geniş yayılmış xəstəlikdir, fizioterapiya vacibdir”

Baxış sayı: 353

Üz bölgəsində hiss edilən ağrı və uyuşma müxtəlif səbəblərdən yarana bilər və çox vaxt müxtəlif sağlamlıq vəziyyətlərinin əlaməti ola bilər. Bu simptomların əsas səbəblərini müəyyən etmək və müvafiq idarəetmə strategiyalarını həyata keçirmək fərdin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Mövzumuzla bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq. Nərminə xanım bildirdi ki, üz sinirinin nevriti və ya Bell iflici – 7 cüt kəllə-beyin sinirlərinin, əksər hallarda onlardan birinin iltihabıdır. Onun sözlərinə görə, xəstə insan üz əzələlərinə nəzarəti və emosiyaların göstərmək imkanını itirir: qaşlarını çatmaq və ya qaldırmaq, gülümsəmək, heyrətlənmək və hətta qidanı düzgün çeynəmək imkanından məhrum olur.

Ailə həkimi deyir ki, üz siniri digər kəllə-beyin sinirlərinə nisbətən daha tez-tez zədələnir:

 

 

Bu, onun öz gedişi boyunca üz sümüklərinin bir neçə dar kanalından keçməsi ilə əlaqədardır. Buna görə də yüngül bir iltihab belə xəstəliyin əlamətlərinə səbəb olan sıxılma və oksigen aclığına gətirib çıxarır. Çox hallarda xəstənin sifətinin yalnız bir tərəfində mimiki əzələlər zədələnir. Üz sinirinin nevriti geniş yayılmış bir xəstəlikdir. Soyuq mövsümdə xəstəliyin sayının kəskin artması müşahidə edilir. Xüsusilə şimal bölgələrində bu xəstəliyin daha geniş yayılması müşahidə olunur. Üz sinirinin nevriti uzunmüddətli gedişi ilə xarakterizə olunur. Xəstəliyin müalicəsinə orta hesabla stasionar şəraitində 20-30 gün sərf edilir. Tam bərpa 3-6 ay davam edəcək. Ancaq təəssüf ki, insanların 5% -də üz əzələlərinin funksiyası bərpa olunmur. Bu hallar üz sinirinin nevritinin beyindəki şişlər və ya kəllə-beyin travmaları ilə əlaqəli olması zamanı qeyd edilir. 10% hallarda isə üz sinirinin funksiyaları bərpa edildikdən sonra residiv baş verir. Xəstəliyin şiddəti və sağalma müddəti prosesin sinir sisteminin hansı nahiyəsini zədələməsi, dərinlik dərəcəsi və müalicənin nə qədər tez başlanmasından asılıdır”.

Terapevt qeyd etdi ki, alimlər xəstəliyin səbəbini hələ ki, birmənalı şəkildə müəyyən edə bilməyiblər. Həkim üz sinirinin iltihabının bir sıra amillərlə əlaqələndirildiyini vurğulayıb:

“Herpes simplex virusu insanların əksəriyyətinin bədənində yaşayır və onun varlığına zərər vurmur. Lakin immunitet zəiflədikdə virus aktiv şəkildə çoxalmağa başlayır. Onun sevimli yeri sinir lifləridirdir. Herpes virusu iltihab və sinir ödeminə səbəb olur. Ayrıca olaraq, poliomielit, enterovirus, adenovirus və parotid viruslarının da xəstəliyə səbəb ola biləcəyi ehtimal edilir. Bədənin soyuqlaması immunitetin azalmasına gətirib çıxarır. Üz sinirinin nevriti vəziyyətində yerli hipotermiya xüsusilə təhlükəlidir. Məsələn, uzun zaman soyuqda qaldığınız halda qan damarlarının və əzələlərin spazmı yaranır ki, bu da son nəticədə sinirin qidalanmasının pozulmasına və iltihabına gətirib çıxarır.

Eyni zamanda böyük dozada alkoqolun qəbulu, qısaca desək etil spirti sinir sistemi üçün bir zəhərdir. Bu yalnız baş beyinə təsir etmir, həm də sinir iltihabına səbəb olur. Bunlarla yanaşı arterial təzyiqin yüksəlməsi kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər ki, bu hal da üz sinirinin nüvəsini zədələyə bilər. Bundan əlavə, artan təzyiq insulta səbəb ola bilər. Əgər qansızma üz sinirinin nüvəsi ətrafında baş verərsə, o da zədələnə bilər.

Qeyd edim ki, bu baxımdan, hamiləliyin ilk trimestri daha çox təhlükəlidir. Bu dövrdə qadın orqanizmində başqa üzv və sistemlərə olduğu kimi, sinir sisteminə də təsir edən ciddi hormonal dəyişikliklər baş verir.

Nərminə xanım bildirdi ki, beyin şişləri nevrit üçün kifayət qədər nadir bir səbəb olsa da, lakin onu istisna etmək olmaz. Onun sözlərinə görə, açıq və ya qapalı kəllə-beyin travmaları, qulağın zədələnmələri, stomatoloqun yanlış müalicəsi, keçirilmiş otitlər və sinusitlər, şəkərli diabet, stress və depressiya, dağınıq skleroz da üz siniri iltihabının amillərindəndir:

“Sadaladığım amillər damarların spazmına – daralmasına – gətirib çıxarır. Bu halda, qan kapillyarlarında durğunluq yaranır və onlar genişlənir. Qanın maye komponenti kapillyarların divarlarını keçir və hüceyrəarası fəzalarda toplanır. Toxumanın ödemi yaranır ki, bunun da nəticəsində venalar və limfa damarları sıxılır və limfanın drenajı pozulur. Bunun nəticəsində sinirin qanla təchizatı və qidalanması pozulur. Sinir hüceyrələri oksigen çatışmazlığına çox həssasdır. Sinir kötüyü şişir, onda qansızmalar yaranır. Bu, sinir impulslarının beyindən əzələlərə pis ötürülməsinə gətirib çıxarır. Beyindən gələn komandalar sinir lifləri boyu ötürülmür, əzələlər onları “eşitmir” və fəaliyyət göstərmir. Xəstəliyin bütün simptomları bununla bağlıdır.

Üz siniri nevritinin əlamətlərindən bəhs edən ailə həkimi bildirdi ki, bu xəstəlik həmişə kəskin başlanır. Onun sözlərinə görə, əgər üz siniri nevritinin simptomları tədricən inkişaf edirsə, bu zaman sinir sisteminin digər patologiyalarından şübhələnmək lazımdır:

Mimikanın pozulmasına 1-2 gün qalmış qulaq arxasında ağrılar yaranır. Ağrı ənsə və üz nahiyəsinə ötürülə bilər. Bir neçə gün sonra göz almasında ağrılar başlayır. Yaranan bu xoşagəlməz hisslərin meydana çıxmasına sinirin ödemi səbəb olur. Üz siniri gicgah sümüyünün daxili qulaq keçəcəyi nahiyəsindən keçən hissəsində kompressiyaya məruz qalır.

Sifət asimmetrik şəkil alır və zədələnən tərəf maskanı xatırladır. Göz yarığı geniş açılmış olur, ağız küncü enir, alın qırışları və burun-dodaq büküşləri hamarlaşır. Ağlayan, gülən, danışan zaman asimmetriya daha çox nəzərə çarpır. Beyin sifətin bir tərəfində mimiki əzələlərə nəzarət etmək imkanını itirir.

Zədələnən tərəfdə göz bağlanmır. Həmin tərəfdə gözü bağlamağa çalışdıqda, bu mümkün olmur və göz alması yuxarı doğru çevrilir. Ağız küncü aşağı enir. Yemək zamanı maye qida ağzın bir tərəfindən tökülür. Amma xəstə çənəni tərpətmək və çeynəmə hərəkətləri etmək imkanını saxlayır. Üz sinirinin yanaq şaxələri ağzın dairəvi əzələsini idarə etmək imkanını itirir.

Yanaq əzələləri idarədən çıxır. Xəstə tez-tez yanağını dişləyir, qida qalıqları yanağın arxasında toplanıb qalır. Üz siniri baş beynin siqnallarını yanaq əzələlərinə ötürə bilmir.

Ağız quruluğu yaranır. Xəstə daimi susuzluq və ağızda quruluq hissi keçirir, yemək zamanı qida kifayət qədər tüpürcəklə islanmır. Lakin bəzi hallarda həddindən artıq tüpürcək ifrazı qeyd olunur. Tüpürcək daim ağzın aşağı küncü boyu axıb tökülür. Tüpürcək vəzisi baş beyindən pozulmuş siqnallar alır.

Nitq anlaşılmaz olur. Ağzın yarısı səslərin artikulyasiyasında iştirak etmir. Bəzi samit səslərin – məsələn b,s,f tələffüzü xüsusi çətinlik törədir. Üz siniri səslərin tələffüzü üçün məsuliyyət daşıyan dodaq və yanaq əzələlərinin innervasiyasını təmin edir.

Göz yaşı kifayət qədər ifraz olunmur. Göz isə açıq qalır və gözqırpmalarının sayı azalır. Bu, onun qurumasına gətirib çıxarır. Göz yaşı vəzisinin fəaliyyəti pozulur, o, kifayət qədər göz yaşı ifraz edə bilmir. Qeyd edim ki, bəzi xəstələrdə əks vəziyyət müşahidə olunur. Göz yaşı ifrazı güclənir və onlar göz yaşı kanalına istiqamətlənmək əvəzinə, yanaqdan axır. Bunun səbəbi göz yaşı vəzisinin aktiv fəaliyyəti, göz yaşı axınının pozulmasıdır.

Eyni zamanda üz sinirinin zədələnmiş tərəfində dilin ön 2/3 hissəsində yeməyin dadı hiss olunmurBuna dilin dad reseptorlarında yaranan siqnalların baş beynə ötürülməsini təmin edən aralıq sinirinin liflərinin iltihabı səbəb olurBununla yanaşı eşitmə həssaslığı artır. Bir tərəfdən səslər əslində olduğundan daha güclü görünür. Bu hal xüsusilə aşağı tonlara aiddir. Üz siniri gicgah sümüyündə eşitmə reseptorlarına yaxın mövqedə iltihaba uğrayır. Üz sinirinin nüvəsi eşitmə sinirinin nüvəsinin yaxınlığında yerləşir. Buna görə də, onun iltihabı eşitmə analizatorunun fəaliyyətinə təsir göstərir”.

 

Nərminə xanım bildirdi ki, hər kəs özündə üz siniri nevritinin olmasını özü təyin edə bilər. Onun sözlərinə görə qaşların çatılması, alnın qırışması, burunun qırışması, fit çalmaq, şamı üfürmək, yanaqları şişirtmək, ağzına su almaq, hər iki gözü növbə ilə qırpmaq, gözləri bağlamaq kimi hərəkətlərin icrası mümkün deyilsə, dərhal həkimə müraciət edilməlidir. Həkim deyir ki, bu əlamətlər göründükdən sonra ilk saatlarda müalicəyə başlanılsa, xəstəliyin daha tez öhdəsindən gəlmək mümkündür:

Üz sinirinin nevriti olan insanın çox xarakterik bir görünüşü olur. Onun sifəti əyri bir maskaya bənzəyir. Xəstə danışarkən və ya emosiyalarını təzahür etdirərkən, xəstəliyin simptomları daha da aydın nəzərə çarpır. Sifətin zədəli tərəfi gülümsəyərkən və ya qaşlarını qaldırarkən hərəkətsiz qalır. Qeyd edim ki, təcrübəli həkim əlavə tədqiqatlar olmadan diaqnozu təyin edə bilər. Ancaq bir sıra hallarda instrumental müayinələr aparılmalıdır. Bu, sinirin iltihabının səbəbini müəyyən etmək üçün lazımdır. Nevritə baş beynin şişləri, beyin qişalarının iltihabı da səbəb ola bilər. İnsult zamanı da oxşar simptomlar rast gəlinə bilər.

Ailə həkimi üz sinirinin nevritində fizioterapiyanın əhəmiyyətindən də danışdı. Bildirdi ki, fizioterapevtik müalicə yalnız xəstəliyin başlanğıcından 7-10 gün sonra başlana bilər:

“Ultrayüksək Tezlikli Terapiya üz sinirinin iltihabında, iltihablı ərazidə qan dövranının və limfanın xaric olunmasının pozulması zamanı yaxşı effekt verir. Yüksək tezlikli elektrik sahəsi toxumalar tərəfindən qismən udulur. Yüklü hissəciklər hüceyrələrə nüfuz edir və bu, metabolik proseslərdə dəyişikliklərə səbəb olur. Toxumalar isinir, qidalanması yaxşılaşır və şişkinlik azalır. Leykositlərin sayı artır. Prosedurun müddəti 8-15 dəqiqədir; 5-15 seans aparılmalıdır, günaşırı və ya hər gün. Üz sinirinin nevritinin müalicəsi zamanı, xüsusən də fizioterapevtik prosedurları icra etdikdən sonra mütləq soyuqdəymədən qorunmaq lazımdır. Soyuqdəymə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Prosedurlardan sonra otaqdan 15-20 dəqiqə çıxmamaq məsləhətdir. Soyuq küləkli havalarda başı örtmək və sifətin zədəli tərəfini şarf ilə bürümək məsləhətdir”.

Ailə həkimi üz sinirinin nevritinnin müalicəsində masajın rolundan da bəhs etdi. Bildirdi ki, masaj xəstəliyin ilk əlamətlərinin təzahüründən 5-7 gün sonra tətbiq edilməlidir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir