Pnevmoniya – ağciyərlərin hava kisəciklərinin maye və ya irinlə dolmasına səbəb olan ağciyərlərin bir və ya ikitərəfli bakterial, viral və ya göbələk infeksiyasıdır. Xəstəliyin təsnifatı xəstəliyin şiddətinə, müddətinə, həmçinin rentgen müayinədə qeyd edilə bilən əlamətlərə əsaslanır. Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin hesablamalarına görə, sətəlcəm ölüm hallarının ən çox yayılan 10 səbəbindən biridir.
Mövzu ilə bağlı oxucularımızı məlumatlandıran
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, sətəlcəm 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı olanlar, ürək çatışmazlığı, şəkərli diabet və ya xroniki obstruktiv ağciyər xəstəliyi xəstəsi olan insanlar və ya zəif immuniteti olan insanlarda daha ciddi gedişli olmağa meyllidir.
Ailə həkimi deyir ki, ağciyər infeksiyasına səbəb olan mikrob növü yaşınız və ümumi sağlamlığınız kimi bir çox amil sətəlcəmin nə qədər ciddi olmasına təsir göstərir:
“Pnevmoniyanın simptomları bunlardır: Yaşılımtıl, sarı və ya hətta qanlı bəlğəm ifrazı ilə öskürək; Bədən hərarətinin yüksəlməsi, tərləmə və titrətmələr; Tənginəfəslik, sürətli, səthi nəfəs alma; Dərin tənəffüs və ya öskürək zamanı kəskinləşən döş qəfəsi ağrısı; İştahsızlıq, ümumi halsızlıq və yorğunluq. Ən çox rast gəlinən əlamətlər isə müalicə olunmadığı təqdirdə üç gündən çox davam edən 38 ° C-dən yuxarı olan qızdırma və intoksikasiya əlamətləridir, yəni solğunluq, halsızlıq, yuxu və iştah pozğunluğu. Körpələrdə tez-tez öyümə və qusma olur. Xəstəliyin ağır formalarında tənginəfəslik, nəm və ya daha az quru öskürək, dodaqətrafı nahiyənin siyanozu, yəni göyərməsi ola bilər. Simptomlar əsasən pnevmoniya formasına, xəstəliyin şiddətinə və törədicinin xüsusiyyətlərinə bağlıdır”.
Nərminə xanım bildirdi ki, rentgen morfoloji əlamətləri, yəni fluroqramda görülə bilən əlamətləri ocaqlı, seqmentar, krupoz sətəlcəmləri fərqləndirir:
“Ocaqlı sətəlcəmdə 0,5-1,0 sm ölçüdə olan iltihab kölgəlikləri ağciyərin bir və ya daha çox seqmentində yerləşə bilər. Seqmentar bronxopnevmoniya, bütün bir seqmentin iltihabı ilə xarakterizə olunur. Belə sətəlcəm tez-tez uzanan bir gedişə meyllidir. Krupoz sətəlcəm isə bütöv bir payın iltihablaşması olub, daha ağır gedişi ilə fərqlənir.
Klinik təzahürlərə görə sətəlcəm yüngül və ağır formaları ilə fərqlənir. Sonuncunun şiddəti toksik sindromun inkişafı, tənəffüs çatışmazlığı, ürək-damar pozğunluqları, ağciyər ödemi və sair fəsadların inkişafı ilə səciyyələnir”.
Ailə həkimi vurğuladı ki, pnevmoniya kəskin və ləng gedişli ola bilər. Onun sözlərinə görə, kəskin pnevmoniyada sağlamlıq xəstəliyin başlanmasından 4-6 həftə sonra bərpa edlilir:
“Ləng gedişli sətəlcəmin orta müddəti 2-4 ay və ya daha çoxdur – 6 aya qədər. Bu zaman düzgün müalicə ilə yaxşılaşma baş verir. Müalicə bakteriyaların, virusların və ya göbələklərin sətəlcəminizə səbəb olub-olmamasından asılıdır. Bakteriyalar sətəlcəminizə səbəb olarsa, müalicə ağızdan qəbul edilən preparatlarla aparıla bilər. Əksər insanlar müalicəyə tez reaksiya verirlər. Əgər simptomlarınız pisləşərsə, dərhal həkimə müraciət etməlisiniz. Şiddətli simptomlar və ya əsas sağlamlıq problemləri varsa, xəstəxanada müalicə olunmağınız lazım ola bilər”.
Həkim deyir ki, ağır hallarda, xəstəxanaya yatma və intensiv müalicə tələb oluna bilər:
“Sətəlcəm, ciddi bir xəstəlikdir və müalicə edilmədikdə ciddi nəticələrə yol aça bilər. Hər hansı bir simptom aşkar edildikdə, həkimə müraciət etmək vacibdir. Müayinə və müalicə, xəstənin sağlamlığını artırmağa və sətəlcəmin təsirlərini azaltmağa kömək edə bilər. Sətəlcəm, vaxtında və düzgün müalicə ilə idarə oluna bilən bir vəziyyətdir. Sətəlcəmin qarşısının alınması üçün ilk növbədə tənəffüs virus infeksiyalarının qarşısının alınması çox vacib rol oynayır. Əl gigiyenasına riayət edilməlidir. Əllərinizi və burun keçidlərinizi sabun və su ilə mümkün qədər tez-tez yuyun. Xüsusən də öskürək və ya asqırmadan sonra əllər yuyulmalı və antiseptik vasitələrdən istifadə edilməlidir. Öskürək və ya asqırma zamanı ağız və burun əllərlə deyil, kağız dəsmalla örtülməlidir. Sağlam bir həyat tərzi keçirmək lazımdır. Eyni zamanda, bədən tərbiyəsi və idmanla məşğul olmaq, siqareti tərgitmək, təmiz havada tez-tez gəzmək lazımdır. Zülalların, mikroelementlərin və vitaminlərin kifayət qədər miqdarı olan sağlam və qidalı bir pəhriz lazımdır. Gündəlik pəhrizdə təzə tərəvəz, meyvə, ət, balıq, süd və süd məhsulları olmalıdır. Soyuqdəymə başlamazdan və tənəffüs yoluxucu xəstəliklərin artmasından əvvəl qrip əleyhinə vaksin vurulması lazımdır. Çünki sətəlcəm tez-tez qripin fəsadı kimi yaranır. Vaksin vurulmuş insanların da sətəlcəm xəstəliyinə tutulmasına baxmayaraq, xəstəliyin gedişi daha yüngül olur. Soyuq mövsümdə hava şəraitinə görə geyinmək lazımdır. Binalarda havalandırma və nəm təmizlik şəraitinə diqqət yetirmək də vacibdir. Qrip xəstəliyi yüksəldikdə xəstə insanlarla təmasdan çəkinmək, tənəffüs sistemini qorumaq üçün maska istifadə etmək və çox sayda insanın olduğu yerlərə baş çəkməmək vacib amildir. Eyni zamanda, immunomodulyasiya edən dərmanlar da qəbul etmək mümkündür. Amma bunları yalnız həkim tərəfindən təyin edildiyi kimi istifadə etmək lazımdır. Uzun müddət qaldığınız evinizdə və ya müəssisənizdə kondisioner varsa, təmiz saxlamağa çalışın”.
Nərminə xanım bildirdi ki, toplum pnevmoniyası xəstələri ilə təmasda olanların hamısı üçün xəstənin təcrid olunduğu andan etibarən 21 gün müddətində tibbi müayinə təyin olunur – müayinə, sorğu, tibbi nəzarət. Onun sözlərinə görə, antiviral, antibakterial, immunomodulyator və polivitamin preparatları profilaktika məqsədilə həkim tərəfindən bütün təmaslara təyin oluna bilər:
“Əgər siz və ya uşağınız xəstədirsə, uşağı uşaq bağçasına, məktəbə aparmaq yox, həkimə müraciət etmək lazımdır. Heç bir halda özünüz müalicə etməyə cəhd etməməlisiniz. Özünüzü və yaxınlarınızı qoruyun”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)