Nermine Abbasova

Nərminə Abbasova: “İldə bir dəfə minimal müayinədən keçmək kifayət edər”

Baxış sayı: 416

Arıqlamağa cəhd edənlər, “artıq” çəkidən xilas olmağa çalışanlar bunun orqanizmdə bir sıra fəsadlar törədəcəyini də gözə almalıdır. Fəsadlardan biri də böyrək sallanmasıdır.

Mövzusu ilə bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi  Nərminə Abbasova ilə həmsöhbət olduq. Həkim öncə böyrək sallanması, yəni hidronefroz haqqında qısa bilgi verdi. Bildirdi ki, hidronefroz səssiz ölüm adlanan xəstəliklərdəndir:

“Əksəriyyətimiz ağrı ilə müşahidə olunmayan xəstəliklərə laqeyid yanaşırıq. Əgər heç bir ağrı, sancı olmadan təsadüfi müayinə zamanı sizə desələr ki, sizin böyrəyinizdə genişlənmə var, yəqin əksəriyyətiniz bunu ciddi qəbul etməzsiniz. Çünki, düşünərsiz ki, ciddi bir şey olsaydı, ağrı verərdi. Əlbəttə ki, mən də sizin kimi düşünərdim, əgər hidronefroz haqqında məlumatsız olsaydım. Hidronefroz hətta iki tərəfli olsa belə, ağrısız keçə bilir və böyrək funksiyasının itirilməsinə qədər gətirir. Böyrək funksiyasının itirilməsi dedikdə böyrək çatışmazlığı başa düşülür. Hidronefroz çox ləng inkişaf edən xəstəlikdir. Yalnız hidronefrozun özünə xas olan əlaməti yoxdur. Başlanğıc mərhələdə ümumiyyətlə əlamətsiz keçir, sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses qoşulduqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir, ümumi halsızlıq, tez yorulma olur. Uşaqlarda olduqda onlar boy inkişafından geri qala bilir. Bir sıra hallarda sidikdə qan da müşahidə edilir, xüsusən fiziki işdən sonra. Hidronefrozlu xəstələr qarnı üstə yatmağa üstünlük verirlər. Çünki, belə yatmaq sidiyin böyrəkdə ləngiməsinə səbəb olan faktorların təsirini azaltdığı üçün bel hissədə ağrı və diskomfortu da azalır”.

Nərminə xanım bildirir ki, nefroptoz – böyrəklərin sallanması – onun patoloji hərəkətli olmasına deyilir. Bu hal sağ tərəfdə daha çox təsadüf olunur:

“Patologiyası həm birtərəfli, həm ikitərəfli ola bilər. Xəstəlik ən çox qadınlarda rast gəlinir. Xəstəlik böyrəyin bağ aparatının zəifliyi, zədələnmələr, güclü arıqlama, qarının ön divarının tonusunun azalması nəticəsində baş verir. Qadınlarda paravertebral çuxurun dayazlı olduğu üçün onlarda nefroptoz daha çox təsadüf edilir. Böyrəkətrafı piy toxumasının azalması böyrəyin sallanmasına, onun damarlarının əyilməsinə və dartılmasına, hemodinamikasının pozulmasına səbəb olur. Sidik axarının əyilməsi isə urodinamik pozğunluqlara gətirib çıxarır”.

Həkim deyir ki, nefroptoz – böyrək sallanması – uzun illərlə gizli gedişə malik ola bilir:

“Nefroptozun 3 növü var: 1 – nəfəs aldıqda, ayaq üstə böyrəyin aşağı qütbü əllənir. Xəstədə heç bir şikayət olmur. 2 – vertikal vəziyyətdə böyrək aşağı düşür və tam əllənir, horizontal vəziyyətdə böyrək öz yerinə qayıdır. 3 – böyrək təbii yerindən aşağı düşür, qarın boşluğunun başqa nahiyələrində, böyük və kiçik çanaqda ola bilir. Bu zaman böyrək damarlarının dartılması nəticəsində böyrək, qan dövranı pozulur, urodinamik dəyişikliklər baş verir. Xəstələr bel nahiyəsində zəif ağrılardan, başgicəllənmədən, ürəkdöyünmədən, meteorizm və qusmadan şikayət edirlər. Böyrək nahiyəsində ağrılar adətən ağır fiziki işdən sonra özünü büruzə verir, axşama yaxın artır, hətta sancı şəkli alır. Laborator müayinə zamanı sidikdə hemoturiya aşkar edilir. Rentgenoloji müayinələr həm ayaq üstə, həm də xəstənin uzanmış vəziyyətində çəkilir. Pielonefrit, arterial təzyiq, qanaxma, böyrək daşı xəstəliyi zamanı ağırlaşmalar baş verə bilir. Müalicə isə xəstəliyin mərhələlərindən və ağırlaşmalarından asılıdır. Adətən konservativ müalicə məqsədəuyğun sayılır. Xəstəyə 3 kiloqramdan artıq yük qaldırmamaq, müalicəvi bədən tərbiyəsi, bir qədər kökəlmək məsləhət görülür”.

Ailə həkimi vurğuladı ki, böyrək sallanması hamiləliklə əlaqəli yaranmır. Onun sözlərinə görə, bu xəstəlik adətən, anadangəlmə olur:

“Doğuş zamanı ağırlaşma müşahidə edilə bilər. Amma ümumiyyətlə, böyrək sallanması hamiləliklə bağlı olmur. Hamiləlik zamanı böyrəkdə və böyrək yollarında genişlənmə baş verə bilir. Bunlar da hamiləliklə bağlı yaranan patologiyalardır. Müalicə təyin edildikdə, keçib gedir. Qeyd edim ki, böyrək sallanması ilə böyrək çatışmazlığı başqa-başqa xəstəliklərdir. Birinin digərinə aidiyyəti yoxdur. Arıqlama, qarın piylərinin alınması əməliyyatlarının böyrək sallanmasına gətirib çıxardığı barədə isə məlumata malik deyiləm. Belə bir halın baş verməsi indiyədək müşahidə edilməyib”.

Nərminə xanım bildirdi ki, əgər hidronefroz vaxtında müalicə olunarsa, proqnoz qənaətbəxşdir. Vaxtında müalicə aparılmasa isə böyrəkdə genişlənmə uzun müddət qalarsa böyrək iltihablaşar və nəticə qənaətbəxş olmuya bilər:

“Hidronefrozdan qorunmaq mümkün deyil. Lakin vaxtlı-vaxtında müayinədən keçməklə onu vaxtında aşkarlamaq və ağırlaşmalarından qorunmaq olar. Bunun üçün ildə bir dəfə həkim-uroloqun qəbulunda olmaq, minimal müayinədən keçmək kifayət edər. Əgər böyrəkdə, sidik axarında genişlənmə aşkarlanarsa, buna ciddi yanaşmaq və vaxtında həkim uroloq – androloqa müaricət etmək lazımdır. Qeyd edim ki, bizim MayoMed Klinikasında mütəxəsis uroloqlarımız var, insanlarımız buyurub müayinə və müalicəyə gələ bilərlər”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir