Ailə – insanın ilk sosial məktəbidir. Biz orada sevməyi, paylaşmağı, sərhədləri və hörməti öyrənirik.
Amma bəzən ailə mühiti insanın güc mənbəyi deyil, emosional ağrı mənbəyinə çevrilir.
Sürekli tənqid, laqeydlik, təzyiq və manipulyasiya ilə dolu münasibətlər toksik ailə mühiti adlanır.
Bu cür mühit təkcə bir üzvü deyil, bütün ailə sistemini zəhərləyir.
Toksik ailə nədir?
Toksik ailə — sevgi və dəstək əvəzinə idarəetmə, qorxu və günah hissi üzərində qurulan ailə modelidir.
Burada:
-Emosiyalar ifadə edilmir,
-Fərqliliklər qəbul edilmir,
-Tənqid və müqayisə normal sayılır,
-“Nə deyərlər?” qorxusu şəxsiyyətin üzərinə çəkilən zəncirə çevrilir.
-Bu cür ailələrdə uşaq sevilmək üçün “ideal olmaq” məcburiyyətində qalır və öz “mən”ini itirir.
Toksik münasibətlərin gizli formaları
Bəzən toksiklik açıq aqressiya ilə deyil, incə manipulyasiyalarla özünü göstərir:
“Mən sənin yerinə hər şeyi etmişəm, sən də mənim dediyimi et.”
“Sən mənim xətrimə dəyirsən.”
“Sən olmasaydın, mən xoşbəxt olardım.”
Bu cür cümlələr uşaqda və ya ailə üzvündə günahkarlıq, qorxu və özünə dəyərsizlik hissi yaradır.
Psixoloji nəticələr:
-Toksik ailədə böyüyən və ya yaşayan insanlarda uzunmüddətli təsirlər müşahidə olunur:
-Aşağı özünəqiymət və daim başqalarını razı salma istəyi
-Emosiyaları ifadə etməkdə çətinlik
-Qərar verməkdə tərəddüd
-Sosial narahatlıq və yaxın münasibətlərdən qorxu
-Daxili tənqidçi səsin çoxalması: “Mən kifayət qədər yaxşı deyiləm”
Bu hallar zamanla depressiya, anksiyete və münasibət qorxusu kimi problemlərə çevrilə bilər.
Toksik dairədən çıxış yolları:
1) Şüurlanmaq – Problemin adını çəkmək artıq sağalmanın başlanğıcıdır.
2) Sərhədlər qoymaq – “Yox” deməyi öyrənmək və şəxsi məkanı qorumaq.
3) Özünü dəyərləndirməyi bərpa etmək – kimliyini başqalarının təsdiqinə bağlamamaq.
4) Peşəkar dəstək almaq – psixoloqla işləmək toksik təsirləri anlamağa və dəyişməyə kömək edir.
5) Sağlam mühit qurmaq – sevgi, hörmət və açıq ünsiyyətə əsaslanan yeni münasibətlər yaratmaq.
Nəticə
Toksik ailə mühiti bir insanın uşaqlığını, gəncliyini, hətta gələcək ailəsini belə təsirləndirə bilər.
Amma bu zənciri qırmaq mümkündür.
Unutmaq olmaz ki, sevgi ağrı deyil, azadlıq hissi yaratmalıdır.
Hər kəs sevgi, dəyər və sakitlik dolu bir ailə mühitinə layiqdir.
Jalə Şamilova
20 nömrəli məktəb-liseyin psixoloqu
Çox gözəl məqalədir, minnətdaram!
Çox aktual mövzudur. Təşəkkür edirəm. Məncə hal hazırda bir çox aileler bu tip ailelerdir. Faydalı olacağına inanıram