Nurane Serifova

Tərif, yoxsa tənqid?

Baxış sayı: 6. 195

 Uşaqlarda özünə dəyər hissinin formalaşması

Uşağın daxili aləminin ən zərif tərəfi onun özünə verdiyi dəyərdir. Hər bir uşaq doğulduğu gündən sevilmək, qəbul edilmək və uğurlarına dəyər verilməsini arzulayır. Lakin bəzən böyüklər “tərif uşağı ərköyün edər”, “tənqid onu tərbiyələndirər” kimi yanlış inanclarla hərəkət edir və bu da uşağın psixoloji inkişafında iz buraxır.

Əslində, uşağın özünə dəyər hissi – onu necə tərifləndiyimiz və necə tənqid etdiyimizlə birbaşa bağlıdır.

 

Tərif

Tərif uşağın davranışına işıq tutur. Uşaq təriflənəndə yalnız etdiyi hərəkətə deyil, öz şəxsiyyətinə də dəyər verildiyini hiss edir.

Ancaq tərifin təsirli olması üçün səmimi, konkret və balanslı olması vacibdir.

Məsələn:

“Çox ağıllısan!” əvəzinə,

“Bu tapşırığı özün düşünərək həll etməyin məni qürurlandırdı.”

 

Bu cür tərif uşağın yalnız nəticəyə deyil,  prosesa fokuslanmasına kömək edir. Beləcə, uşaq mükəmməl olmaq üçün deyil, inkişaf etmək üçün çalışır.

 

Tənqid – zərər, yoxsa inkişaf fürsəti?

Tənqid düzgün ifadə olunmadıqda uşağın özünü dəyərsiz hiss etməsinə, qorxu və müdafiə reaksiyalarına səbəb olur. Xüsusən “Sən həmişə səhv edirsən”, “Səndən heç nə olmaz” kimi ifadələr uşağın beynində “mən kifayət qədər yaxşı deyiləm” inancını yaradır.

Halbuki konstruktiv tənqid uşağa davranışını dəyişmək üçün istiqamət verməlidir, özünü deyil davranışını hədəf almalıdır.

Məsələn:

Sən çox pis uşaqsan!  əvəzinə,

Bu davranışın başqasını incitdi, gəlin növbəti dəfə başqa cür edək.

Bu yanaşma uşağa həm məsuliyyət hissini, həm də təhlükəsiz mühitdə öyrənmə imkanı verir.

Tərif və tənqid balansı – psixoloji sağlamlığın açarıdır.

Təriflə tənqid arasında balans saxlamaq uşağın emosional sabitliyinin təməlidir. Daim təriflənən uşaq reallığı dəyərləndirməkdə çətinlik çəkə bilər, daim tənqid olunan uşaq isə özünə inamı itirər.

Uğurlu tərbiyə modelində böyüklər uşağın davranışını müşahidə edir, doğru olanda dəyərləndirir, səhv olanda yol göstərir.

Uşağın emosional inkişafı üçün hər 1 tənqidə qarşı 5 müsbət ifadə olmalıdır. Bu nisbət uşağın psixoloji təhlükəsizlik hissini qoruyur və onu daha açıq, səmimi edir.

 

Psixoloq Nuranə Şərifova

“StartSmile academy”nin təsisçi direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir