Nermine Abbasova

Nərminə Abbasova: “Şişkinliyin səbəbi ciddi sağlamlıq problemi də ola bilər”

Baxış sayı: 458

Qarında köp və şişkinlik, qarın boşluğunda həddindən artıq qaz yığılması və ya bağırsaqların böyüməsi nəticəsində yaranan bir vəziyyətdir. Bu, qarın bölgəsində şişkinlik, gərginlik və narahatlığa səbəb ola bilər.

Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova qarında yaranan köpün əlamətlərindən bəhs etdi.

Həkim bildirdi ki, qarında köp yüngül və müvəqqəti bir problem olsa da, onun simptomları insandan insana dəyişə və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Şişkinliklə müşahidə olunan simptomlara gəlincə, Nərminə xanım bildirdi ki, bunlar qarın nahiyəsində şişkinlik, ağrı və narahatlıq, qəbizlik və ya ishal, yorğunluq və zəiflik, nəfəs almada çətinlik kimi hallardır:

“Şişkinliyin əsas əlaməti qarın nahiyəsində həcmin artması hissidir. Bu vəziyyət qarın nahiyəsində əzələlərin sıxıldığı zaman meydana gəlir. Şişkinliklə yanaşı, qarın nahiyəsində qaz yığılması nəticəsində narahatlıq və ya gərginlik hissi yarana bilər. Bu hiss adətən qazın hərəkəti zamanı baş verir.

Eyni zamanda, qarında köp yüngüldən şiddətə qədər dəyişən ağrı və narahatlıqla müşayiət edilə bilər. Bulantı və həzmsizlik kimi həzm problemləri də şişkinliklə müşayiət oluna bilər. Bu simptomlar yeməkdən sonra daha qabarıq şəkildə özünü göstərə bilər.

Qeyd edim ki, həzm sistemi problemlərinə görə qəbizlik və ya ishal kimi bağırsaq hərəkətlərində dəyişikliklər baş verə bilər. Onu da demək lazımdır ki, xroniki qarın şişkinliyi enerji səviyyəsinin azalmasına səbəb ola bilər. Bu vəziyyətdə insan adətən yorğun və zəif hiss edir. Nəfəs almada çətinlik çəkənlərə gəlincə, həddindən artıq şişkinlik diafraqmanın hərəkətini məhdudlaşdıra və nəfəs almaqda çətinlik yarada bilər. Bu, xüsusilə şiddətli şişkinlik hallarında baş verir”.

Qarın şişməsinin səbəblərindən danışan ailə həkimi bildirdi ki, həzm sistemindəki bir çox amillər qarın bölgəsində şişkinliyə səbəb ola bilər. Onun sözlərinə görə, bu vəziyyət çox vaxt müvəqqəti olsa da, ciddi problemlər nəticəsində də yarana bilər:

 

 

“Şişkinliyin mümkün səbəbləri arasında qaz yığılması, yavaş həzm, qəbizlik, maye tutma, allergiyalar, stress və təşviş var. Həzm sistemi fəaliyyəti ilə qidalar bağırsaqlarda bakteriyalar tərəfindən fermentasiya prosesinə məruz qalır. Bu proses zamanı çıxarılan qaz bədən tərəfindən xaric edilməlidir. Həzmi çətin olan bəzi qidalardan əmələ gələn qazın miqdarı artır. Nəticədə qaz tamamilə xaric edilə bilmir və şişkinlik yarana bilər.

Bununla yanaşı, yavaş həzm, qidanın bağırsaqlarda normaldan daha uzun müddət qalmasına gətirib çıxarır və fermentasiya üçün daha çox imkan yaradır. Bu vəziyyət bağırsaqlarda yığılan qaz və həzm məhsulları səbəbindən qarın nahiyəsində şişkinliyə səbəb olur”.

Həkim həzm sistemi problemlərinə də diqqət çəkib. Bildirib ki, qıcıqlanmış bağırsaq sindromu, laktoza dözümsüzlüyü və çölyak xəstəliyi kimi həzm sistemi problemləri qidaları normal şəkildə həzm edə bilməməsi nəticəsində qarın şişməsinə səbəb ola bilər:

“Qəbizlik bağırsaq hərəkətlərinin yavaşlaması və nəcisin bağırsaqlarda normaldan daha uzun müddət qalması deməkdir. Bu, bağırsaq məzmununun yığılmasına və qarın şişməsinə səbəb ola bilər. Eyni zamanda, lifli qidalar həzm prosesini sürətləndirə bilər, eyni zamanda bağırsaqlarda daha çox qaz meydana gəlməsinə səbəb ola bilər. Bununla yanaşı, bədəndə anormal maye yığılması adətən hormonal dəyişikliklər və ya bəzi sağlamlıq problemlərinə görə baş verir. Nəticədə qarın nahiyəsində şişkinliyə səbəb ola bilər.

Allergiya, stress və təşvişin də bu problemdə rolu var. Bəzi qida və ya içki allergiyaları bədənin cavabı olaraq qarın şişməsinə səbəb ola bilər. Eyni zamanda, stress və təşviş həzm sisteminin normal funksiyalarına təsir göstərə bilər və bağırsaq hərəkətlərini yavaşladaraq qaz yığılmasına səbəb ola bilər”.

Ailə həkimi deyir ki, tibbi müalicəyə başlamazdan əvvəl şişkinliyin səbəbini müəyyən etmək üçün bir həkimlə məsləhətləşmək vacibdir. Müalicə planı diaqnozdan asılı olaraq müəyyən edilir:

 

“Qarın şişməsi bağırsaq problemləri, iltihablı bağırsaq xəstəliyi və ya digər həzm xəstəlikləri ilə əlaqəli olarsa, xüsusi pəhriz, dərmanlar və ya digər müalicə üsullarını tövsiyə edə bilərik. Qarın şişkinliyi ilə mübarizə aparmaq üçün bir sıra üsullar var. Birincisi, kifayət qədər su içmək vacibdir, çünki bu, bədənin su balansını qoruyur və həzm sistemini dəstəkləyir. Qarın şişməsinin qarşısını necə almağa gəlincə, bir sıra tövsiyələr və həyat tərzi dəyişiklikləri tətbiq oluna bilər. Bəzi tövsiyələri diqqətinizə çatdırmaq istərdim. Məsələn, yavaş yemək, qaz əmələ gətirən qidalardan qaçınmaq, probiotik qidaların istehlakı, məşq, az-az yemək, stresdən qaçınmaq. Tez yemək hava udma riskini artıra bilər. Yemək zamanı yeməyi yavaş-yavaş çeynəmək həzmi asanlaşdıra və qarın şişkinliyini azalda bilər.

Brokoli, kələm və lobya kimi qaz yaradan qidalardan qaçınmaq da qarın şişkinliyini azalda bilər. Belə qidaların istehlakı məhdudlaşdırılmalı və ya düzgün bişirilməlidir. Eyni zamanda, qatıq və kefir kimi probiyotikləri ehtiva edən qidalar bağırsaq sağlamlığını dəstəkləyə və şişkinlik riskini azalda bilər. Bununla yanaşı, daimi məşq həzm sistemini tənzimləyə və qarında şişkinliyin qarşısını ala bilər. Sürətli gəzinti, yoqa və ya üzgüçülük kimi fəaliyyətlər tövsiyə oluna bilər. Çox yeməkdən qaçınmaq və tez-tez kiçik həcmdə yeməklər yemək həzm sistemini rahatlaşdıra bilər. Stress isə həzm sisteminə təsir edə və qarın şişməsinə səbəb ola bilər.

Qeyd edim ki, bu tövsiyələr sağlamlıq problemi olmayan və daimi şişkinlik problemi olmayan insanlar üçün keçərlidir. Səhhətində problem yarandıqda və ya şişkinlik qalıcı olduqda lazımi müayinələr aparılmalıdır”.

 

Ailə həkimi qarın köpünə yaxşı təsir edən qidalar və içkilərin xeyirindn də bəhs etdi. Bildirdi ki, qarın şişkinliyi müəyyən qida və içkilər qəbul etməklə aradan qaldırıla bilər:

 

“Yadda saxlanması vacib olan bir məqam, hər bir fərdin bədən quruluşunun fərqli olması və bəzi qidalara qarşı həssas ola biləcəyidir. Buna görə pəhrizinizə müəyyən bir qida əlavə etməyə başlamazdan əvvəl həkimdən və ya diyetoloqdan məsləhət almaq vacibdir. Qarın şişkinliyinə yaxşı təsir edən qidalar zəncəfil çayı, nanə çayı, probiotik qidalar, anis çayıdır. Zəncəfil iltihab əleyhinə xüsusiyyətlərə malik ola bilən kök bitkisidir. Buna görə də zəncəfil çayı həzm sistemini rahatlaşdıraraq qaz yığılmasını azaltmağa kömək edə bilər. Eyni zamanda, zəncəfilin mədə əzələlərinə rahatlaşdırıcı təsiri qarın şişkinliyini aradan qaldırmağa kömək edə bilər. Nanə çayı həzm sistemindəki əzələləri rahatlaşdıra və qaz əmələ gəlməsini azalda bilər. Tərkibində probiyotiklər olan qidalar həzm sistemində sağlam bakteriyaların sayını artıraraq həzm prosesinin daha nizamlı olmasına və şişkinliyin qarşısını almağa kömək edə bilər. Bununla belə, probiyotiklərin səhv və ya həddindən artıq dozada istifadəsi də şişkinliyi artıra bilən faktordur. Buna görə də həkim nəzarəti altında istifadə edilməlidir. Anis çayı mədə və bağırsaq əzələlərini rahatladır, həzm sistemində qaz yığılmasını azaldır və həzmi asanlaşdırır”.

Həkim deyir ki, qarın şişməsi davamlı və şiddətli olduqda mütləq müayinədən keçmək lazımdır. Onun sözlərinə görə, şişkinliyin səbəbi ciddi sağlamlıq problemi də ola bilər.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir