Son dövrlərdə əhali arasında orta qulaq iltihabı (otit media-red.) hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Xəstəliyin səbəbləri, əlamətləri və qarşısının alınması yolları ilə bağlı
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova danışdı.
Nərminə Abbasova öncə vurğuladı ki, Klinikada qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəsis həkimlər çalışır və şikayəti, narahatlığı olan hər kəs gəlib burada müayinədən keçib, müalicə oluna bilər.

– Həkim, son vaxtlar sosial şəbəkələrdə insanlarımızın qızdırma, baş, boğaz, qulaq ağrıları ilə bağlı şikayətlərinə rast gəlirik. Xüsusən də qulaq iltihabı geniş yayılmaqdadır. Nə baş verir?
– Bəli, müşahidələrimizə əsaslanaraq deyə bilərəm ki, hazırda nəinki dövlət, həm də özəl tibb müəssisələrinə bu diaqnozlarla müraciət edənlərin sayı xeyli artıb. Xüsusilə payız-qış və mövsüm keçid dövrlərində orta qulaq iltihabı, yəni otit daha çox yayılır. Əksər hallarda otit yuxarı tənəffüs yollarının infeksiyalarının fəsadı kimi meydana çıxır.
– Bu artımın əsas səbəbləri nələrdir?
– Əsas səbəblər arasında soyuqdəymə, qrip, virus infeksiyaları, burun tutulması və anginanın vaxtında və düzgün müalicə olunmaması dayanır. Burun-udlaq yolu ilə infeksiya asanlıqla orta qulağa keçə bilir. Bundan əlavə, zəif immunitet, stress, düzgün qidalanmama və uşaqlarda isə adenoidlərin böyüməsi də xəstəliyin yaranmasına şərait yaradır.
– Daha çox hansı qruplar risk altındadır?
– Ən yüksək risk qrupu uşaqlardır, xüsusilə 6 ay ilə 5 yaş arası. Bunun səbəbi uşaqlarda qulaq borusunun daha qısa və üfüqi yerləşməsidir. Eyni zamanda tez-tez soyuqlayan böyüklər, allergiyası olan şəxslər, siqaret çəkənlər və passiv siqaret tüstüsünə məruz qalanlar da risk altındadır.
– Xəstəliyin ilkin əlamətləri necə özünü göstərir?
– Ən çox rast gəlinən əlamət qulaq ağrısıdır. Bundan başqa qulaqda tutulma hissi, eşitmənin azalması, baş ağrısı və bəzən yüksək hərarət müşahidə olunur. Uşaqlarda isə bu vəziyyət narahatlıq, iştahasızlıq, gecə ağlamaları və yuxu pozğunluğu ilə özünü göstərə bilər.

– Vaxtında müalicə olunmadıqda hansı fəsadlar yarana bilər?
– Müalicə gecikdirilərsə, iltihab xroniki formaya keçə, qulaq pərdəsində zədələnmə, daimi eşitmə itkisi və hətta daha ciddi fəsadlar yarada bilər. Buna görə də ilk əlamətlər ortaya çıxan kimi həkimə müraciət etmək çox önəmlidir.
– Əhali arasında özbaşına antibiotik istifadəsi geniş yayılıb. Bu barədə nə deyə bilərsiniz?
– Təəssüf ki, bu, ən ciddi problemlərdən biridir. Hər qulaq ağrısı antibiotik tələb etmir. Özbaşına dərman qəbulu həm xəstəliyin düzgün müalicəsinə maneə olur, həm də gələcəkdə antibiotiklərə qarşı davamlılıq yaradır. Müalicə yalnız həkim müayinəsindən sonra təyin edilməlidir.

– Orta qulaq iltihabından qorunmaq üçün nələrə diqqət yetirilməlidir?
– İlk növbədə soyuqdəymə və burun-boğaz xəstəliklərini yarımçıq saxlamamaq lazımdır. Burun tutulması uzun müddət davam etməməlidir. İmmunitetin gücləndirilməsi, düzgün qidalanma, kifayət qədər yuxu və qulaq gigiyenasına diqqət də profilaktikada mühüm rol oynayır.
– Sonda oxucularımıza hansı mesajı vermək istərdiniz?
– Qulaq ağrısı, eşitmə azalması və ya qulaqdan axıntı kimi əlamətlər ciddi qəbul edilməlidir. Vaxtında həkimə müraciət edildikdə orta qulaq iltihabı asanlıqla müalicə olunur və ağırlaşmaların qarşısı alınır.
Arzu Zeynallı










































































































































































