Almara Melikova

Gözlənilməz hamiləlik: qadınlar nəyə ehtiyac duyur? - "PRİMera"

Baxış sayı: 753

Hamiləlik qadın həyatında həm fiziki, həm də emosional baxımdan mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. Lakin bu proses hər zaman planlı və arzuolunan olmur. Bəzən qadınlar gözlənilməz, planlaşdırılmamış və arzuolunmayan hamiləliklə qarşılaşırlar. Bu kimi vəziyyətlər qadında müxtəlif və bir-birinə zidd emosiyaların yaranmasına səbəb olur: qorxu, narahatlıq, təəccüb, günahkarlıq hissi, hətta bəzi hallarda utancaqlıq və çaşqınlıq. Hər bir qadının reaksiyası fərqli olsa da, hormonal dəyişikliklərin təsiri altında bu emosiyalar daha intensiv yaşanır və tez-tez dəyişkən xarakter alır.

Arzuolunmayan hamiləlik qadının emosional ehtiyaclarını daha da ön plana çıxarır. Bu dövrdə qadın yalnız tibbi deyil, eyni zamanda psixoloji və sosial dəstəyə də ehtiyac duyur. Ən əsas ehtiyaclardan biri başa düşülməkdir. Qadın hisslərinin inkar edilmədən qəbul olunmasını, dinlənilməsini və qiymətləndirilməsini istəyir. Bununla yanaşı, fiziki yaxınlıq və emosional istilik — sadə bir toxunuş, diqqətli yanaşma, qayğıkeş münasibət — qadının özünü daha təhlükəsiz və dəyərli hiss etməsinə kömək edir. Həyat yoldaşının sevgi və dəstəyi bu mərhələdə qadının emosional sabitliyinin qorunmasında mühüm rol oynayır.

John Bowlby-nin bağlanma nəzəriyyəsinə əsasən, insan çətin və qeyri-müəyyən vəziyyətlərdə yaxın münasibətlərdən aldığı emosional dəstək vasitəsilə özünü daha güvənli hiss edir. Eyni zamanda, Donald Winnicott-un “holding environment” anlayışı göstərir ki, insanın belə həssas dövrlərdə emosional olaraq “tutulduğunu”, yəni dəstəkləndiyini hiss etməsi onun daxili tarazlığını qoruyur. Bu nəzəri yanaşmalar praktik müşahidələrlə də üst-üstə düşür.

Xüsusilə vurğulamaq lazımdır ki, arzuolunmayan hamiləliklə bağlı qərarvermə mərhələsi qadın üçün ən həssas psixoloji mərhələlərdən biridir. Bu zaman qadının tək qalmaması son dərəcə vacibdir. Hətta hamiləliyin sonlandırılması qərarı verildikdə belə, həyat yoldaşının onun yanında olması, fiziki və emosional dəstək göstərməsi qadının yaşadığı daxili gərginliyi əhəmiyyətli dərəcədə azaldır. Onun əlini tutması, gözlərinə baxaraq “yanındayam, biz bu addımı birlikdə atırıq” deməsi qadının yaşadığı qorxu, günahkarlıq və tənhalıq hisslərini yumşaldır və bu prosesi daha az travmatik edir. Təcrübəmə dayanaraq deyə bilərəm ki, bir çox qadınlar bu situasiyada zahirən güclü görünməyə çalışsalar da, daxilən tərəf müqabilinin dəstəyinə çox ciddi ehtiyac duyurlar. Bu dəstək olmadıqda isə qadın özünü tək, anlaşılmamış və emosional olaraq yük altında hiss edə bilər.

hamile

Hamiləlik xəbərinin qarşılanması və bu prosesin idarə olunması cütlüyün birgə yanaşmasından birbaşa asılıdır. Birgə qərar qəbul etmək qadına yalnız emosional rahatlıq vermir, həm də məsuliyyətin bölüşdürülməsi hissini yaradır. Bu isə münasibətdə güvən və yaxınlığı artırır. Qadın hiss edir ki, bu prosesdə tək deyil və qarşısındakı insan onunla eyni məsuliyyəti paylaşır. Bu cür yanaşma həm qadının psixoloji vəziyyətinə müsbət təsir göstərir, həm də gələcək münasibətlərin daha sağlam və dayanıqlı qurulmasına zəmin yaradır.

Araşdırmalar və klinik müşahidələr göstərir ki, qadınlar həyat yoldaşından anlayış və dəstək gördükdə onların stress səviyyəsi azalır, özünə inam hissi artır və vəziyyətə daha adekvat yanaşa bilirlər. Əksinə, emosional dəstəyin olmaması qadında uzunmüddətli psixoloji gərginlik, hətta bəzi hallarda travmatik izlər buraxa bilər.

Nəticə olaraq qeyd etmək olar ki, arzuolunmayan hamiləlik yalnız tibbi bir vəziyyət deyil, eyni zamanda ciddi psixoloji prosesdir. Bu prosesdə qadının hisslərinin başa düşülməsi, ona sevgi və qayğının göstərilməsi, xüsusilə də həyat yoldaşının yanında olması onun psixoloji rifahı üçün həlledici rol oynayır. Hər bir qərar — istər hamiləliyin davam etdirilməsi, istərsə də sonlandırılması — qarşılıqlı anlayış, hörmət və emosional dəstək çərçivəsində verildikdə daha sağlam və daha az zədələyici olur.

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi olaraq, qadınların bu kimi həssas dövrlərdə psixoloji dəstək almasının vacibliyini vurğulayır və ailələrin daha sağlam, anlayışlı və dayanıqlı münasibətlər qurmasına dəstək oluruq. Hər bir qadın bu prosesdə anlaşılmağa, dəstək görməyə və tək olmadığını hiss etməyə layiqdir.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.instagram.com/almara.melikova.aga_qizi/?igsh=MWJwOW52Y2t4bHVkeA%3D%3D instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir