Qorxulu-qaçınan bağlanma: “Mənə yaxın ol, amma çox yaxınlaşma”
“Münasibətlərdə bağlanmanın 4 üzü” silsiləsində təşvişli və qaçınan bağlanmadan danışdıq. Bu dəfə isə münasibətlərdə daha ziddiyyətli görünə bilən bir bağlanma nümunəsinə — qorxulu-qaçınan bağlanmaya (fearful-avoidant attachment) toxunmaq istəyirəm.
Bu bağlanma nümunəsini anlamaq üçün bir cümlə kifayət qədər təsirlidir:
“Sənə yaxın olmaq istəyirəm, amma sənə yaxınlaşdıqca incinməkdən qorxuram.”
Yetkin bağlanma tədqiqatlarında insanın münasibətdə davranışı əsasən iki ölçü ilə izah edilir: bağlanma təşvişi (attachment anxiety) və bağlanmadan qaçınma (attachment avoidance). Qorxulu-qaçınan nümunədə hər iki xüsusiyyət yüksək ola bilər. Yəni insan həm qarşı tərəfi itirməkdən narahat olur, həm də həddindən artıq yaxınlıqdan qoruna bilər.
Bu səbəbdən onun daxilində iki zidd emosional sistem sanki eyni vaxtda işləyir:
“Məni tərk etmə” və “mənə çox yaxınlaşma.”
Yaxınlaşmaq və eyni zamanda uzaqlaşmaq
Psixoloji praktikada bu bağlanma xüsusiyyətlərinin ən nəzərəçarpan tərəflərindən biri münasibətdə yaxınlaşma–uzaqlaşma dinamikasıdır.
İnsan bir müddət qarşı tərəfə çox yaxın ola bilər. Hisslərini paylaşır, qayğı göstərir, münasibətə böyük emosional məna verir. Qarşı tərəf də ona yaxınlaşdıqda isə gözlənilmədən məsafə yarana bilər.
Məsələn, münasibətin bir mərhələsində:
“Yanımda ol.”
“Məni tək qoyma.”
“Səninlə özümü yaxşı hiss edirəm.”
deyən insan, münasibət daha ciddi və emosional olduqda:
“Bir az tək qalmaq istəyirəm.”
“Mən münasibətə hazır deyiləm.”
“Bilmirəm nə istəyirəm.”
deyə bilər.
Kənardan bu davranış qərarsızlıq kimi görünür. Lakin bəzi hallarda bunun arxasında yaxınlıq istəyinin eyni zamanda təhlükə hissini aktivləşdirməsi dayanır.
Niyə sevgi təhlükə kimi hiss edilə bilər?
Bağlanma sisteminin əsas funksiyalarından biri təhlükə zamanı yaxınlıq və təhlükəsizlik axtarmaqdır. Lakin insanın əvvəlki münasibət təcrübələrində yaxınlıq həm rahatlıq, həm də ağrı, rədd edilmə və ya qeyri-sabitliklə əlaqələnibsə, münasibətlərə dair zidd daxili gözləntilər yarana bilər.
Bir tərəfdən insan düşünür:
“Yaxınlıq mənə təhlükəsizlik verəcək.”
Digər tərəfdən isə:
“Yaxınlaşsam, incidilə bilərəm.”
Beləliklə, münasibət həm təhlükəsizlik mənbəyi, həm də potensial təhlükə kimi yaşana bilər.
Məhz bu ziddiyyət qorxulu-qaçınan bağlanmanın mahiyyətini anlamaqda mühüm məqamdır.
“Səni itirməkdən qorxuram, amma sənə tam güvənə bilmirəm”
Təşvişli bağlanmada əsas qorxu çox vaxt qarşı tərəfin uzaqlaşmasıdır. Qaçınan bağlanmada isə insan emosional yaxınlığı azaltmaqla özünü qorumağa çalışır.
Qorxulu-qaçınan nümunədə isə hər iki mexanizm növbələşə bilər.
Qarşı tərəf uzaqlaşanda insan onu geri istəyə bilər.
Qarşı tərəf yaxınlaşanda isə özü geri çəkilə bilər.
Bu zaman münasibətdə belə bir dövr yarana bilər:
yaxınlıq → emosional həssaslıq → qorxu → uzaqlaşma → tənhalıq və itirmək qorxusu → yenidən yaxınlaşma.
Əgər insan bu mexanizmi tanımırsa, eyni münasibət dövrü müxtəlif partnyorlarla təkrarlana bilər.
Emosional ziddiyyət haradan yarana bilər?
Bağlanma nəzəriyyəsinin inkişaf psixologiyasına aid tədqiqatlarında dezorqanizə bağlanma xüsusilə uşağın təhlükəsizlik axtardığı şəxsin eyni zamanda qorxu və ya ciddi qeyri-müəyyənlik mənbəyi olduğu vəziyyətlərlə əlaqələndirilmişdir.
Lakin burada çox mühüm elmi məqamı vurğulamaq istəyirəm: uşaqlıqda “dezorganizə bağlanma” ilə böyüklərdə “qorxulu-qaçınan bağlanma” terminlərini tamamilə eyniləşdirmək düzgün deyil. Bunlar müxtəlif tədqiqat ənənələrində istifadə olunan, bir-biri ilə əlaqəli, lakin eyni olmayan anlayışlardır.
Həmçinin qorxulu-qaçınan xüsusiyyətləri olan hər insanın uşaqlığında mütləq travma yaşadığını söyləmək olmaz.
Bağlanma nümunələrinin formalaşmasına temperament, ailədaxili münasibətlər, emosional əlçatanlığın qeyri-sabitliyi, sonrakı romantik münasibətlər, xəyanət və ayrılıq təcrübələri, itkilər və digər fərdi faktorlar təsir göstərə bilər.
Münasibətdə niyə hər şey “çox güclü” yaşana bilər?
Mənim müşahidələrimə görə, belə münasibətlərdə ən yorucu tərəflərdən biri emosional sabitliyin pozulmasıdır.
İnsan qarşı tərəfi idealizə edə, onunla çox güclü emosional bağ qura bilər. Lakin özünü həddindən artıq həssas hiss etdikdə həmin yaxınlığı azaltmaq üçün qarşı tərəfin qüsurlarına fokuslana və münasibətin gələcəyinə şübhə etməyə başlaya bilər.
Burada bir müdafiə mexanizmi yarana bilər:
“Səni itirməkdən qorxmaqdansa, əvvəlcə mən uzaqlaşım.”
Bu düşüncə həmişə şüurlu olmur. İnsan özü də niyə bir gün yaxınlıq istəyib, başqa gün həmin yaxınlıqdan narahat olduğunu anlamaya bilər.
Sevgi ilə travmatik dinamikanı qarışdırmamaq lazımdır
Burada xüsusilə bir məsələyə diqqət çəkmək istəyirəm.
Münasibətdə güclü emosional dalğalanmaların olması həmin münasibətin “böyük sevgi” olduğunu göstərmir.
Bəzən qeyri-müəyyənlik, ayrılmaq və barışmaq, gözləmək, itirmək qorxusu və yenidən yaxınlaşmaq insanda çox güclü emosiyalar yaradır. İnsan isə emosiyanın intensivliyini sevginin dərinliyi ilə qarışdıra bilər.
Halbuki sağlam sevginin əsas göstəricisi daim yüksək emosional gərginlik deyil; təhlükəsizlik, qarşılıqlılıq, hörmət və ardıcıllıqdır.
Mən psixoloq olaraq münasibətlərdə məhz bu fərqin anlaşılmasını vacib hesab edirəm.

Qorxulu-qaçınan insanı “xilas etmək” mümkündürmü?
Münasibətlərdə tez-tez rast gəldiyim başqa bir yanlış düşüncə də budur: “Mən ona kifayət qədər sevgi versəm, bütün qorxuları keçəcək.”
Sevgi və təhlükəsiz münasibət təcrübəsi əlbəttə əhəmiyyətlidir. Ancaq bir insanın emosional yaralarını sağaltmaq məsuliyyəti bütövlükdə partnyorunun üzərinə düşə bilməz.
Qarşı tərəf nə qədər səbirli olsa da, insan öz qorxularını, müdafiə strategiyalarını və münasibətdə təkrarlanan davranışlarını özü tanımağa başlamalıdır.
Psixoterapiyada məqsəd də insanın yaxınlıq ehtiyacını aradan qaldırmaq və ya onu məcburən münasibətə açmaq deyil. Məqsəd yaxınlıq zamanı aktivləşən qorxunu tanımaq, emosiyaları tənzimləməyi və münasibətdə həm yaxınlığı, həm də sağlam sərhədləri qorumağı öyrənməkdir.
Bağlanma üslubu insanın taleyi deyil
Bağlanma üslublarını dəyişməz şəxsiyyət tipi kimi qəbul etmək doğru olmaz. Müasir yetkin bağlanma yanaşmalarında təşviş və qaçınma daha çox ölçülər kimi qiymətləndirilir və insanın bağlanma xüsusiyyətləri zaman, münasibət təcrübələri və psixoterapevtik proseslə dəyişə bilər.
Qorxulu-qaçınan bağlanmada əsas dəyişiklik insanın belə bir daxili mövqedən:
“Yaxınlaşsam, incidiləcəyəm; uzaqlaşsam, tək qalacağam”
daha təhlükəsiz bir mövqeyə keçməsidir:
“Yaxınlıq məni müdafiəsiz edə bilər, amma bu, mütləq təhlükədə olduğum anlamına gəlmir. Mən sərhədlərimi qoruyaraq sevə, güvənə və münasibətdə qala bilərəm.”
Mənim fikrimcə, qorxulu-qaçınan bağlanmanın ən dərin psixoloji ziddiyyəti insanın sevgidən qaçması deyil. O, çox zaman sevginin içində özünü təhlükəsiz hiss edə bilməməkdən qaçır.
Sağalma isə insanın yaxınlığı qorxu ilə deyil, tədricən təhlükəsizlik, sabitlik və qarşılıqlı güvənlə əlaqələndirməyi öyrənməsi ilə başlayır.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)










































































































































































