Biznes deyəndə çoxlarının ağlına bank, restoran, mağaza və ya böyük şirkətlər gəlir. Amma dünyada pul qazanmağın sərhədləri artıq xeyli dəyişib. Bu gün bazarda yalnız məhsul və xidmət yox, insanların emosiyaları, vərdişləri, zarafat anlayışı və gündəlik ehtiyacları da gəlir mənbəyinə çevrilir. Elə bizneslər var ki, ilk baxışda qəribə görünür, amma sahiblərinə ciddi qazanc gətirir.
Beləliklə. dünyanın ən qəribə bizneslərini təqdim edirik:
İtlər üçün restoran
Restoran anlayışı insanlara xidmət etməklə məhdudlaşmır. ABŞ-ın San Francisco şəhərində fəaliyyət göstərən “Dogue” yalnız itlər üçün yaradılıb.
Burada xüsusi menyular, sağlam qidalar, desertlər və hətta fərdi qidalanma planları təqdim olunur. Bu biznesdə düşünülür ki, insanlar sevdiyi canlı üçün xərcləməyə hazırdırsa, orada bazar var.
Ev heyvanları sektoru artıq emosional biznesə çevrilib. İnsanlar heyvanlarına “ailə üzvü” kimi yanaşdıqca bu sahə daha da böyüyür.
Kartof məktubu
Bir kartof sizə nə qazandıra bilər? Əgər üzərinə mesaj yazıb sata bilirsinizsə kifayət qədər çox.
“Potato Parcel” adlı xidmət kartof üzərinə şəxsi mesaj yazaraq onu poçtla göndərir. Sadə ideyadır, amma viral təsir gücü var. İnsanlar bunu həm zarafat, həm sürpriz, həm də paylaşım üçün alır.
Keçi kirayəsi
Ot biçən texnika almaq əvəzinə keçi kirayələmək? İlk baxışda qəribə səslənir. Amma ABŞ-da bu model işləyir.
“Rent A Goat” kimi şirkətlər həyətləri, kolluq əraziləri və geniş sahələri keçilərlə təmizləyir.
Bu model həm ekoloji, həm diqqətçəkən, həm də marketinq baxımından güclüdür. İnsanlar sadəcə xidmət almır, həm də maraqlı təcrübə yaşayır.
Qucaqlaşma biznesi
Bəzən insanlara məhsul yox, hiss lazımdır.
“Cuddle Party” kimi platformalar sosial yaxınlıq, ünsiyyət və emosional rahatlıq mövzusunda tədbirlər təşkil edir. Bu sahə göstərir ki, müasir iqtisadiyyatda təkcə fiziki mallar deyil, emosional ehtiyaclar da bazara çevrilə bilir.
Tanışlıq menecerləri
İnsanların vaxtı azaldıqca, şəxsi həyat da xidmətə çevrilir. “VIDA Select” istifadəçilərin əvəzinə profil yaradır, yazışmaları idarə edir və görüşləri planlaşdırır. Müştəri isə yalnız görüşə gedir.
Bu modelin əsas satış nöqtəsi sevgidən çox vaxtdır.
Sərvanə Rəmixanova











































































































































































