İslam dünyasının əsas bayramlarından biri sayılan Qurban bayramı hər il olduğu kimi, bu il də Azərbaycanda geniş miqyasda xüsusi təntənə ilə qeyd olunacaq. Hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayan və ardıcıl olaraq bir neçə gün davam edən bu bayram təkcə dini bir ayin olaraq qalmır, eyni zamanda cəmiyyətdə dərin sosial həmrəylik, bərabərlik və xeyirxahlıq dəyərlərini təşviq edir. 1992-ci ildən etibarən ölkəmizdə dövlət səviyyəsində rəsmi olaraq qeyd edilən Qurban bayramı bu il may ayının 27-də başlayacaq. Bəs minilliklərlə ölçülən bir tarixə malik olan bu bayramın əsl mahiyyəti nədən ibarətdir? Heyvan kəsimi zamanı həm dini, həm də etik baxımdan hansı qaydalara əməl olunmalıdır?
Allaha şükür etmək, ehtiyac sahiblərini sevindirmək
İlahiyyatçı Yaşar Qurbanovun sözlərinə görə, İslam inancında Qurban ibadəti tarixi baxımdan birbaşa İbrahim peyğəmbərin rəvayəti ilə bağlıdır: “Dini mənbələrdə, xüsusən Qurani-Kərimin “Saffat” surəsində qeyd olunur ki, bu mühüm ibadətin fəlsəfəsində məhz İbrahim peyğəmbərin mənəvi imtahandan keçməsi dayanır. Qurani-Kərimin “Həcc” və “Kövsər” surələrində bu məsələyə xüsusi diqqət çəkilərək vurğulanır ki, Allaha çatan kəsilən heyvanın əti və ya qanı deyil, insanların səmimi ibadəti, təqvası və niyyətinin paklığıdır. Bu baxımdan, Qurban bayramının əsas mahiyyəti yaradanın verdiyi saysız-hesabsız nemətlərə görə şükür etmək, ehtiyac sahiblərini sevindirmək, cəmiyyətdə mehribanlığı və rəhmdilliyi artırmaqdır”.
İlahiyyatçının sözlərinə görə, bu il bayram günləri mayın 27-28-ə təsadüf edir: “Bayram namazı ilk gün məscidlərdə camaatla birlikdə qılınır. Namaz əsasən saat 08:00-da, bəzi yerlərdə və məscidlərdə isə 09:00-da baş tutur. Şəriət qaydalarına və İslam ənənələrinə görə, qurban mütləq şəkildə bayram namazı qılındıqdan sonra kəsilməlidir. Hədislərdə də xüsusi olaraq qeyd olunur ki, bu əməli bütün qaydalara uyğun, səmimi qəlbdən yerinə yetirən şəxs böyük mənəvi savab qazanır”.

“Heyvanda eyib olmamalıdır”
İlahiyyatçı bildirir ki, qurbanlıq heyvan seçilərkən həm fiziki göstəricilərə, həm də alqı-satqı qaydalarına ciddi şəkildə əməl olunmalıdır: “Qaydalara görə, qurbanlıq kimi seçilən heyvan müəyyən yaş həddinə çatmalıdır ki, bu da həm sağlamlıq, həm də yetkinlik baxımından vacibdir. Qoyun və qoç ən azı altı ayını, keçi bir yaşını, inək və ya camış iki yaşını, dəvə isə beş yaşını tamamlamalıdır. Dini icazələrə əsasən, qoyun və keçi yalnız bir nəfərin adından kəsilə bilər. Lakin iribuynuzlu heyvanlar bir nəfərdən yeddi nəfərə qədər şəxsin adından şərikli şəkildə qurban kəsilə bilər. Bu isə imkanı məhdud olan insanların da birləşərək bu ibadəti yerinə yetirməsinə şərait yaradır. Şərtlərə görə, kəsiləcək heyvanda korluq, axsaqlıq, aşkar görünən ağır xəstəlik, həddindən artıq arıqlıq və halsızlıq, eləcə də qulaq və buynuzun dibindən kəsilməsi (və ya sınması) kimi fiziki eyiblər olmamalıdır. Eyni zamanda, alqı-satqı prosesi halallıqla baş tutmalıdır”.
Y.Qurbanov əlavə edir ki, kəsimdən sonra ətin bölünməsində ənənəvi “üç bərabər hissə” prinsipi mövcuddur ki, bu da özündə İslamın sosial ədalət və paylaşma prinsiplərini əks etdirir: “Tövsiyə olunur ki, ətin bir hissəsi təmənnasız şəkildə kasıblara və ehtiyac sahiblərinə sədəqə verilsin. İkinci hissəsi maddi durumundan asılı olmayaraq, bayramlaşmaq niyyəti ilə qohumlara, dostlara və qonşulara paylanılsın. Üçüncü hissəsi isə insanın özü və ailə üzvlərinin qidalanması üçün ayrılsın. İstəyə görə ətin hamısını ehtiyaclılara paylamaq icazəli olsa da, ailə üzvlərinin də bayram günündə bu ətdən dadması xüsusi məsləhət görülür. Həmçinin, kəsilmiş heyvanın qaraciyərindən ilk qida kimi yemək də dini ənənələrə görə müstəhəb sayılır”.
“Qəssaba ətlə zəhməthaqqı ödənilməz”
Diqqət edilməli vacib və həssas məqamlardan biri də heyvanı kəsən qəssabın əməkhaqqı məsələsi və heyvanın qalıqlarının necə istifadə olunmasıdır. İlahiyyatçı bu barədə deyir: “Qəssaba gördüyü işin, yəni zəhmətinin haqqı olaraq qurban əti, dərisi və ya hər hansı bir əzası verilə bilməz. Qəssabın pulu ayrıca ödənilməlidir. Zəhməthaqqı tam ödənildikdən sonra, sırf sədəqə və ya bayram hədiyyəsi niyyəti ilə ona da əlavə ət payı vermək də olar. Kəsilən qurbanın dərisini satmaq və maddi mənfəət əldə etmək qadağandır”.

Din xadimi qeyd edir ki, sülh və xoşməramlılıq məqsədilə bu qurban ətindən qeyri-müsəlman qonşulara və tanışlara pay vermək də təqdirəlayiq hesab edilir: Həmçinin, maddi imkanı olmayan insanların və ya səfərdə, başqa ölkədə yaşayan şəxslərin öz adından etibarlı bildiyi kiməsə vəkalət verərək başqa məkanda qurban kəsdirməsi də dini baxımdan tam məqbul sayılır”.
“Sosial həmrəyliyin ən unikal nümunələrindən biridir”
Yaşar Qurbanov xüsusilə vurğulayır ki, Qurban bayramı cəmiyyətdəki sosial həmrəyliyin, mərhəmətin və qardaşlığın ən unikal nümunələrindən biridir: “Bu ibadət insanları daim bir-birinə kömək etməyə, yardımlaşmağa, mənəvi bərabərliyə və verilən ruziyə görə şükür etməyə səsləyir. Qurban kəsərkən məsələyə sadəcə texniki qaydalara, adətlərə əməl etmək kimi baxmaq yox, həm də bu ibadətin dərin mənəvi və psixoloji mahiyyətini anlamaq, kəsilən heyvanın ehtiyac sahiblərinə sevinc bəxş etdiyini dərk etmək şərtdir. Əsl bayram cəmiyyətdəki sosial fərqlərin azaldığı və ehtiyac sahiblərinin üzünün güldüyü gündür”.
Zərif Salmanlı











































































































































































