Uşağın “İşi” nədir? – Erqoterapevtik baxış və məşğuliyyətsizliyin gizli təhlükələri
Biz böyüklər üçün “məşğuliyyət” işə getmək, ev idarə etmək və ya karyera qurmaqdır. Bəs uşaqların məşğuliyyəti (occupation) nədir? Çox vaxt valideynlər elə düşünür ki, uşaq sadəcə böyüyür, yeməyini yeyir və dərslərini oxuyursa, hər şey qaydasındadır. Lakin bir erqoterapevt olaraq vurğulamalıyam: Uşaqlıq dövrünün özünəməxsus fundamental məşğuliyyətləri var və bu məşğuliyyətlər uşağın beyin inkişafının əsas yanacağıdır.
Uşaq və yeniyetmələrin həyatını formalaşdıran 3 əsas məşğuliyyət sahəsi mövcuddur:
Oyun (Ən əsas iş): Dünyanı kəşf etmək, sensor inteqrasiyanı təmin etmək və hərəkət planlamasını (praksis) öyrənmək.
Özünəqulluq və gündəlik həyat bacarıqları: Mustəqil yemək, geyinmək, şəxsi gigiyena, otağını toplamaq.
Məhsuldarlıq (Məktəb/Baxça fəaliyyətləri): Diqqəti toplamaq, parta arxasında düzgün qaməti saxlamaq, yazı yazmaq, qayçı ilə kəsmək.

Bu məşğuliyyətlər olmasa, uşaqda nələr baş verir?
Əgər bir uşaq bu təbii məşğuliyyətlərdən məhrum qalarsa (məsələn: aşırı qoruyucu valideynlik səbəbindən hər şeyi onun əvəzinə etdikdə və ya uşaq vaxtını yalnız ekrana baxaraq keçirdikdə), onun sinir sistemində və fiziki inkişafında ciddi zəncirvari pozuntular başlayır.
Gəlin, uşağın həyatından bu məşğuliyyətləri çıxardıqda və ya onları hazır formalarla (məsələn, ekranla və ya aşırı qoruyucu valideynliklə) əvəzlədikdə nələrin baş verdiyinə baxaq.
Müstəqilliyin itirilməsi: “Öyrənilmiş Səlahiyyətsizlik”
Uşağın ən böyük məşğuliyyətlərindən biri öz bədənini və əşyalarını idarə etməkdir (məsələn: ayaqqabı bağlamaq, köynək düymələmək, çantasını yığmaq).

Məşğuliyyət olmadıqda nə baş verir?
Valideyn tələsdiyi üçün və ya “uşaqdır, əziyyət çəkməsin” deyə hər şeyi onun əvəzinə etdikdə uşaqda “Mən onsuz da bacarmıram, mənim yerimə edərlər” düşüncəsi formalaşır.
Nəticə: Yeniyetməlik dövrünə gəldikdə belə elementar özünəqulluq bacarığı olmayan, asılı, iradəsiz və məsuliyyətdən qaçan fərdlər yetişir. Əslində uşaq tənbəl deyil, sadəcə fəaliyyət göstərmək mexanizmi paslanıb.
Gündəlik həyatdakı hər bir fiziki məşğuliyyət – istər bir kubu yerinə qoymaq, istər qayçı ilə kağız kəsmək, istərsə də velosiped sürmək – beynin hərəkəti planlama qabiliyyətini inkişaf etdirir.
Məşğuliyyət olmadıqda nə baş verir?
Uşaq real əşyalarla manipulyasiya etmək əvəzinə, saatlarla ekranda yalnız bir barmaq hərəkəti ilə dünyanı idarə etməyə çalışır. Beyin real fiziki çətinliklərlə qarşılaşmır.
Nəticə: Uşaq fiziki olaraq böyüyür, amma hərəkətləri yöndəmsiz, kobud olur. Addım atanda tez-tez büdrəyir, əlindəki stəkanı qəfil salır, bədəninin məkandakı ölçülərini düzgün hesablaya bilmir.

Postural kontrolun (Qamət dözümlülüyünün) çökməsi.
Uşaqların fiziki məşğuliyyətləri (qorxulu görünən ağaclara dırmaşmaq, yerdə sürünmək, ağır oyuncaq səbətlərini daşımaq) onların daxili kor (magistral) əzələlərini gücləndirir.
Məşğuliyyət olmadıqda nə baş verir? Fiziki fəaliyyətdən uzaq qalan uşaq passiv oturaq həyata keçir.
Nəticə: Məktəb yaşına çatdıqda bədən öz tonusunu itirir. Uşaq parta arxasında 10-15 dəqiqədən artıq dik otura bilmir, “əriyir”, uzanmaq istəyir. Ən təhlükəlisi isə budur: bədənini dik saxlamağa o qədər güc sərf edir ki, müəllimin dərsimi izah etməsini dinləməyə beynin zehni (koqnitiv) enerjisi qalmır. Diqqət dağınıqlığı dediyimiz problemin kökündə çox vaxt fiziki məşğuliyyətsizlik dayanır.
Sosial rolların iflası
Oyun uşağın ilk ictimai məşğuliyyətidir. Sırasını gözləmək, qaydalara tabe olmaq, uduzmağı qəbul etmək oyun daxilində öyrənilir.
Məşğuliyyət olmadıqda nə baş verir? Real həmyaşıdları ilə fəaliyyət qurmayan, oyun məşğuliyyəti rəqəmsal oyunlarla əvəzlənən uşaq real dünyanın qaydalarından qopur.
Nəticə: Yeniyetməlik dövründə qrup fəaliyyətlərinə adaptasiya ola bilməmək, komanda işindən qaçmaq, emosional tənzimləməni bacarmamaq , cəmiyyətdən izolyasiya olunmaq və s.
Valideynlərə 5 qızıl məsləhət
Müasir dünyada uşaqlarınızı fəaliyyətsizliyin mənfi fəsadlarından qorumaq və onlara müstəqil həyat bacarıqları qazandırmaq üçün gündəlik həyatınızda bu kiçik, lakin effektiv addımları ata bilərsiniz:
“O, hələ bacarmaz” deməyin, fürsət verin: Uşağınızın geyinməsinə, ayaqqabısını bağlamasına, çantasını yığmasına şərait yaradın. Səhv etsə və ya proses uzun çəksə belə, səbirlə gözləyin. Müstəqillik təcrübə ilə qazanılır.
Evi funksional hala gətirin: Uşağın mühitini onun ölçülərinə uyğunlaşdırın. Geyimlərini özü götürə bilsin deyə asılqanları aşağı quraşdırın, dərs masasında oturan zaman ayaqlarının altına dayaq (stul) qoyun ki, bədəni düzgün dayansın və tez yorulmasın.
Ev işlərini onun “məşğuliyyətinə” çevirin: Masanı qurmaq, çiçəkləri sulamaq, oyuncaqları yığmaq sadəcə iş deyil; uşağın hərəkət planlamasını və məsuliyyət hissini inkişaf etdirən mükəmməl erqoterapevtik fəaliyyətlərdir.

Virtual ekranı real oyunlarla əvəzləyin: Planşet və telefonda keçən saatlar uşağın beynini passivləşdirir. Bunun əvəzinə ona kağız kəsmək, xəmirlə işləmək, konstruktor yığmaq və ya həyətdə qaçmaq kimi real əşyalarla manipulyasiya edə biləcəyi aktiv məşğuliyyətlər təklif edin.

Fiziki dözümlülüyünü artırın: Uşağınızın qamətinin düzgün olması və dərsdə diqqətini toplaya bilməsi üçün onun böyük əzələlərini işlətməsi şərtdir. Parkda ağaclara dırmaşmaq, maneələrin üzərindən tullanmaq və ya ağır olmayan oyuncaq səbətini daşımaq onun daxili kor əzələlərini gücləndirəcək.
Unutmayın: Bir uşaq üçün ən böyük sevgi – onun hər işini görmək deyil, ona öz işini sərbəst görə biləcək bacarıqları qazandırmaqdır!
Könül Bağırova
Reablitoloq, erqotrapevt












































































































































































👏🌸🌷
🌸🤍