internet

Sosial şəbəkələrlə bağlı yeni qaydalar nələri dəyişəcək?

Baxış sayı: 555

İyunun 8-də parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  birgə iclasında məsələ  müzakirəyə çıxarılacaq

Azərbaycanda 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır. Belə ki, Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq qanun layihələri sosial şəbəkələrdən istifadə qaydalarına ciddi məhdudiyyətlər gətirir.

Söhbət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən əlavə və dəyişikliklərdən gedir.
Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Bununla yanaşı, 16-18 yaş aralığında olan yeniyetmələr üçün əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və zərərli məzmunların qarşısının alınması məqsədilə platformalar tərəfindən xüsusi rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.
Avstraliya 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağası tətbiq etdiQanun layihəsində sosial şəbəkə platformalarının istifadəçilərin yaşını müəyyən etmək üçün texniki vasitələrdən istifadə etməsi də tələb olunur. Eyni zamanda, bu məqsədlə toplanan məlumatların saxlanılması və ya kommersiya məqsədləri üçün istifadəsi qadağan edilir.
Yeni tələblər xarici sosial şəbəkə platformalarını da əhatə edir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən platformalar yerli qeydiyyatdan keçməli, dövlət qurumlarının sorğularına cavab verməli və ölkədə əlaqələndirici nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar.
Qanunvericiliyin tələblərini pozan platforma provayderləri üçün ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Təkrar pozuntu hallarında vəzifəli şəxslər 10 min manatadək, hüquqi şəxslər isə 50 min manatadək cərimələnə bilərlər.
Layihənin keçid müddəalarına əsasən, qanun rəsmi dərc olunduqdan 12 ay sonra qüvvəyə minəcək. Bu müddət ərzində sosial şəbəkə platformaları yaş yoxlama sistemlərini formalaşdırmalı, qanun qüvvəyə mindikdən sonra isə 16 yaşdan aşağı istifadəçilərə məxsus hesabları məhdudlaşdırmalı və ya silməlidirlər.
Bəs bu məhdudiyyətlər uşaqların təhlükəsizliyinin təmin olunmasına nə dərəcədə töhfə verəcək? Sosial şəbəkələrdən uzaqlaşdırılmaq yeniyetmələrin sosiallaşmasına necə təsir göstərəcək?

Rusiyadakı bir sorğunun ilginc nəticəsi - Azərbaycanla düşmənçiliyə davam?Mövzu ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev aşağıdakıları dedi: “Uşaqların zərərli kontentdən və informasiyadan qorunması ilə bağlı qanunda bir neçə mühüm məqam yer alır. Həmin məqamlardan biri məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində smartfon qurğularından, internet resurslarından və süni intellekt texnologiyalarından istifadə ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi, kurikulum proqramlarına və dərs vəsaitlərinə bu mövzuların daxil edilməsi, eləcə də hüquqi müstəvidə yaş məhdudiyyətlərinin müəyyənləşdirilməsi ilə əlaqədardır. Bu məsələlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müəyyən müddət verilib ki, işləmə mexanizmini hazırlayaraq dövlət başçısına təqdim etsin. Yəni söhbət təkcə qərarın qəbulundan deyil, onun praktik tətbiq mexanizmlərinin hazırlanmasından gedir.

Bundan əlavə, parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 8-də keçiriləcək birgə iclasında informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Həmin dəyişikliklərdə nəzərdə tutulur ki, 16 yaşadək uşaq və yeniyetmələrin valideyn nəzarətindən kənar şəkildə rəqəmsal platformalarda müstəqil qeydiyyatdan keçmələrinin qarşısı alınsın. Belə qeydiyyat yalnız valideynlərin və ya qəyyumların razılığı ilə, onların elektron ünvanları, şəxsiyyət vəsiqəsi məlumatları və digər nəzarət mexanizmləri vasitəsilə həyata keçirilə bilsin”.

Sosioloq hesab edir ki, ilk növbədə yaş həddi daha dəqiq müəyyənləşdirilməlidir:“Bu mərhələdə təqdim olunan variant ilkin layihə xarakteri daşıyır və təkmilləşdirilməsinə ehtiyac var. Çünki bunun üçün əlavə müşayiətedici sənədlərin, normativ-hüquqi aktların və tətbiq mexanizmlərinin hazırlanması da vacibdir.

Burada qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunması məqsədəuyğun ola bilər. Xüsusilə Türkiyə, Almaniya və digər inkişaf etmiş ölkələrin rəqəmsal təhlükəsizlik sahəsində tətbiq etdikləri modellər öyrənilərək yerli şəraitə uyğunlaşdırıla bilər.  Güman edirəm ki, bu dəyişikliklər rəqəmsal mühitdə sağlam sosiallaşmanın formalaşması üçün yaxşı zəmin yarada bilər. Eyni zamanda uşaqların və yeniyetmələrin sosial şəbəkələrdə qarşılaşdıqları toksik mühitdən, zərərli informasiyadan və müxtəlif risklərdən qorunması baxımından da mühüm və müsbət addım hesab oluna bilər”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir