Münasibətin bitməsi bəzən qaçılmaz olur. Lakin münasibətin necə bitdiyi, onun bitməsinin özündən də az əhəmiyyət daşımır. Psixoloji baxımdan uzun müddət davam edən qeyri-müəyyənlik, ümid verib geri çəkilmək, münasibəti bitirmək qərarı verildiyi halda bunu açıq ifadə etməmək qarşı tərəfdə emosional travmanı daha da dərinləşdirə bilər.
Əgər insan münasibəti davam etdirmək istəmədiyinə əmindirsə, bunu qarşı tərəfə dürüst, hörmətli və vaxtında bildirmək emosional məsuliyyətin göstəricisidir. Münasibəti uzatmaq, qarşı tərəfi aylarla qeyri-müəyyən vəziyyətdə saxlamaq, ümid yaradıb sonra geri çəkilmək insanların yalnız emosional deyil, həm də həyat planlarını və zamanlarını itirmələrinə səbəb ola bilər.

Unutmamaq lazımdır ki, münasibətlərdə heç kim heç kimə məcbur deyil. Sevgi yalnız qarşılıqlı istək, qarşılıqlı hörmət və emosional bağlılıq olduğu müddətdə sağlam şəkildə davam edə bilər. Bu hisslərdən biri artıq mövcud deyilsə, münasibəti formal şəkildə davam etdirmək hər iki tərəf üçün daha çox incinməyə səbəb ola bilər.
Eyni zamanda ayrılıq qəfil yoxa çıxmaq, əlaqəni birdən kəsmək və ya qarşı tərəfi cavabsızlıq içində “vakuum”a salmaq demək deyil. Son dövrlərdə “ghosting” kimi tanınan bu davranış forması insanın özünü rədd edilmiş, dəyərsiz və səbəbini anlaya bilmədiyi bir boşluqda hiss etməsinə gətirib çıxara bilər. Halbuki anlayışla, empatiya ilə və açıq ünsiyyət quraraq ayrılmaq mümkündür. Bəzən romantik münasibət başa çatsa da, insanlar bir-birinə hörmətlərini qoruyaraq, sağlam sərhədlər daxilində yollarını ayıra bilirlər.

Çünki münasibətin keyfiyyəti yalnız birlikdə keçən zamanla deyil, onun necə sonlandırılması ilə də ölçülür. Yetkin emosional münasibət mədəniyyəti yalnız sevməyi deyil, lazım gəldikdə incitmədən ayrılmağı da bacarmağı əhatə edir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)












































































































































































