erken nikah

Erkən nikaha görə verilən cəza cəmiyyətə nə deyir? - Ekspertdən mühüm açıqlamalar

Baxış sayı: 527

Məhkəmənin Hacıqabul rayonunda erkən nikaha görə bir ataya hökm çıxarması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu qərar təkcə bir ailəyə deyil, bütövlükdə cəmiyyətə ciddi mesajdır. Çünki erkən nikahlar uşaqların hüquqlarını pozmaqla yanaşı, onların gələcəyini, təhsilini və sağlamlığını da təhlükə altına qoyur.

 

Erkən nikaha görə verilən hökm cəmiyyətə hansı mesajı verir?

Hacıqabulda övladını erkən nikaha cəlb etmiş ata məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda onun bu müddət ərzində rayon ərazisini tərk etməsinə də qadağa qoyulub. Qərar ictimaiyyət tərəfindən müxtəlif cür qiymətləndirilsə də, qadın və uşaq hüquqları sahəsində çalışan mütəxəssislər bunu qanunun tətbiqi baxımından mühüm addım hesab edirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeyanlova bildirir ki, son illərdə erkən nikahların qarşısının alınması istiqamətində qanunvericilikdə ciddi dəyişikliklər edilib və artıq bu cinayətlərə görə sərt məsuliyyət nəzərdə tutulur.

Mehriban Zeynalova

Onun sözlərinə görə, ötən il Milli Məclisdə qəbul edilən qanun dəyişiklikləri ilə yetkinlik yaşına çatmayan şəxslərin erkən nikaha cəlb edilməsi və ya buna məcbur edilməsi cinayət əməli kimi qiymətləndirilir.

“Yetkinlik yaşına çatmayan şəxsi nikaha daxil olmağa və ya erkən evliliyə məcbur edən şəxslər 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərlər. Bundan başqa, yalnız valideynlər deyil, erkən nikah mərasimlərinin təşkilində iştirak edən, bu evliliklərə şərait yaradan şəxslər də məsuliyyət daşıyırlar. Hətta 18 yaşına çatmamış şəxslə ailə quran yetkin şəxslə zərərçəkmiş arasında yaş fərqi 5 ildən çox olarsa, bu da cinayət məsuliyyəti yaradır”, – deyə Mehriban Zeyanlova bildirib.

 

“Cəza daha da sərt ola bilərdi”

QHT sədri hesab edir ki, Hacıqabul məhkəməsinin qərarı qanunun ruhuna uyğun olsa da, daha ağır cəza tətbiq edilməsi də mümkün idi.

“Bu qərarı alqışlayıram. Hesab edirəm ki, məhkəmə doğru qərar verib. Hətta cəza bir qədər də sərt ola bilərdi. Çünki erkən nikah uşağın taleyinə birbaşa müdaxilədir və onun gələcəyini əlindən alır”, – deyə o vurğulayıb.

 

Erkən nikah yalnız ailə məsələsi deyil

Mehriban Zeyanlova qeyd edib ki, bəzi insanlar erkən nikahı ailədaxili qərar kimi qiymətləndirsələr də, əslində bu, uşağın fundamental hüquqlarının pozulmasıdır.

“Yetkinlik yaşına çatmamış şəxslər ailə qurmağa məcbur edilərkən onların təhsil almaq, sərbəst inkişaf etmək, peşə seçmək və sağlam həyat sürmək hüquqları əlindən alınır. Bu, təkcə bir ailənin problemi deyil, bütöv cəmiyyətin gələcəyinə təsir edən məsələdir”, – deyə o bildirib.

 

Ən çox zərər qız uşaqlarına dəyir

Ekspertin sözlərinə görə, erkən nikahların ağır nəticələri xüsusilə qız uşaqlarının həyatında özünü göstərir.

Belə evliliklər onların məktəbdən uzaqlaşmasına, ali təhsil almaq imkanlarını itirməsinə, iqtisadi baxımdan həyat yoldaşından asılı vəziyyətə düşməsinə səbəb olur. Bu isə gələcəkdə məişət zorakılığı riskini artırır, qadınların sosial həyata qoşulmasını çətinləşdirir və yoxsulluq dövrünün nəsildən-nəslə ötürülməsinə şərait yaradır.

Bundan əlavə, erkən yaşda hamiləlik həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yaradır. Psixoloji baxımdan isə yetkinləşməmiş şəxslərin ailə məsuliyyətini daşıması depressiya, travma və uzunmüddətli emosional problemlərlə nəticələnə bilər.

 

Qanunun tətbiqi mühüm siqnaldır

Mehriban Zeyanlova hesab edir ki, son məhkəmə qərarı cəmiyyət üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.

“Bu cür qərarlar insanların davranışlarının dəyişməsinə, ayrı-seçkilik hallarının azalmasına və uşaqların taleyi ilə bağlı verilən qərarlarda sui-istifadə hallarının qarşısının alınmasına kömək edəcək. Ən vacibi isə odur ki, valideynlər başa düşəcəklər: övladın gələcəyini onun əvəzinə məhv etmək valideyn hüququ deyil, cinayət məsuliyyəti yaradan əməldir”, – deyə o vurğulayıb.

 

Maarifləndirmə də ən az qanun qədər vacibdir

Mütəxəssislər hesab edirlər ki, erkən nikahlarla mübarizədə təkcə cəza tədbirləri kifayət etmir. Məktəblərdə, icmalarda və ailələr arasında davamlı maarifləndirmə aparılmalı, xüsusilə risk qrupuna daxil olan bölgələrdə valideynlərlə sistemli iş görülməlidir.

Ekspertlərin fikrincə, hər bir uşağın təhlükəsiz, sağlam və təhsilli gələcək qurmaq hüququ var. Bu hüququ qorumaq isə həm dövlətin, həm cəmiyyətin, həm də hər bir valideynin məsuliyyətidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir