Bağırsaq spazmı geniş yayılmış və insanların gündəlik həyatına mənfi təsir göstərən həzm sistemi problemlərindən biridir. Əksər hallarda ciddi təhlükə yaratmasa da, təkrarlanan və uzunmüddətli spazmlar orqanizmdə başqa xəstəliklərin mövcudluğuna işarə edə bilər.
Mövzu ilə bağlı danışan terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, erkən diaqnoz, düzgün müalicə, sağlam qidalanma və aktiv həyat tərzi bağırsaq sağlamlığının qorunmasının əsas şərtlərindəndir.
“İnsan orqanizmində həzm sistemi qidaların parçalanması, faydalı maddələrin mənimsənilməsi və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Bu sistemdə baş verən hər hansı pozğunluq gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Belə problemlərdən biri də bağırsaq spazmıdır. Qarında qəfil başlayan sancı, köp, narahatlıq və bağırsaq fəaliyyətində dəyişikliklərlə müşayiət olunan bu vəziyyət hər yaş qrupunda müşahidə oluna bilər”, – deyə həkim bildirib.
Həkim deyir ki, bağırsaq spazmı əksər hallarda müstəqil xəstəlik deyil, müxtəlif həzm sistemi problemlərinin və ya funksional pozğunluqların əlaməti kimi də meydana çıxır. Buna görə də spazmın səbəbinin vaxtında müəyyən edilməsi və düzgün müalicə olunması böyük əhəmiyyət daşıyır.
Nərminə xanım vurğuladı, bağırsaqların divarında yerləşən saya əzələlər normal şəraitdə ritmik şəkildə yığılıb-boşalaraq qidaların həzm sistemi boyunca hərəkətini təmin edir. Onun sözlərinə görə, müxtəlif səbəblərdən bu əzələlərin həddindən artıq və ya nizamsız yığılması baş verdikdə bağırsaq spazmı yaranır:
“Bu zaman insan qarında güclü sancı, sıxılma hissi və narahatlıq yaşayır. Spazm bir neçə dəqiqə davam edə və ya saatlarla təkrarlana bilər. Bəzi insanlarda yalnız arabir müşahidə olunsa da, digərlərində xroniki xarakter alaraq həyat keyfiyyətini aşağı sala bilər. Bağırsaq spazmı çoxsaylı amillərin təsiri nəticəsində inkişaf edə bilər. Ən çox rast gəlinən səbəblər kimi qeyri-müntəzəm və balanssız qidalanma; həddindən artıq yağlı, qızardılmış və acılı qidaların qəbulu; keyfiyyətsiz və ya vaxtı keçmiş qidalar; bağırsaq infeksiyaları və qida zəhərlənmələri; virus və bakterial xəstəliklər; qəbizlik və ya uzunmüddətli ishal; qida allergiyası və bəzi qidalara həssaslıq; irritabl bağırsaq sindromu; mədə-bağırsaq sisteminin iltihabi xəstəlikləri; bağırsaq parazitləri; antibiotiklərin uzun müddət istifadəsi nəticəsində bağırsaq mikroflorasının pozulması; psixoloji gərginlik, stress və narahatlığı qeyd etmək olar”.
Ailə həkiminin sözlərinə görə, araşdırmalar sübut edib ki, emosional vəziyyət bağırsaqların fəaliyyətinə birbaşa təsir edir. Məhz buna görə uzunmüddətli stress yaşayan insanlarda bağırsaq spazmı daha tez-tez müşahidə olunur:
“Bağırsaq spazmı hər kəsdə yarana bilsə də, bəzi insanlar – məsələn qeyri-sağlam qidalanan şəxslər; az su qəbul edən insanlar; oturaq həyat tərzi keçirənlər; tez-tez stress yaşayanlar; həzm sistemi xəstəliklərindən əziyyət çəkənlər; yaşlı insanlar; həssas bağırsaq sindromu diaqnozu qoyulmuş xəstələr daha yüksək risk daşıyırlar. Bağırsaq spazmının klinik əlamətləri səbəbdən asılı olaraq dəyişə bilər. Ən çox rast gəlinən simptomlar bunlardır – qarında sancışəkilli və ya sıxıcı ağrı; qarın köpü; qazın artması; bağırsaqlarda gurultu; ishal və ya qəbizlik; ürəkbulanma; iştahanın azalması; defekasiyadan sonra ağrının azalması və ya tam keçməsi.
Əgər bu əlamətlər yüksək hərarət, güclü qusma, nəcisdə qan, davamlı çəki itkisi və ya dözülməz qarın ağrısı ilə müşayiət olunursa, bu, daha ciddi xəstəliklərin əlaməti ola bilər və təcili tibbi yardım tələb edir”.
Xəstəliyin diaqnostikasına gəlincə, Nərminə xanım bildirdi ki, diaqnozun qoyulması üçün həkim əvvəlcə xəstənin şikayətlərini dinləyir, qidalanma və həyat tərzi haqqında məlumat toplayır. Daha sonra zərurət olduqda ümumi qan analizi; biokimyəvi qan analizi; nəcis müayinəsi; qarın boşluğunun ultrasəs müayinəsi; endoskopik müayinələr; kolonoskopiya; kompüter tomoqrafiyası və ya digər görüntüləmə üsulları kimi müayinələr təyin edilə bilər:
“Bu müayinələr spazmın səbəbini müəyyən etməyə və digər xəstəlikləri istisna etməyə kömək edir. Onu da deyim ki, bağırsaq spazmının müalicəsi onun yaranma səbəbindən asılı olaraq planlaşdırılır. Müalicəyə həkimin təyin etdiyi spazmolitik preparatlar; bağırsaq mikroflorasını bərpa edən probiotiklər; infeksiya olduqda uyğun dərman müalicəsi; düzgün qidalanma proqramı; stressin azaldılması və psixoloji dəstək; kifayət qədər maye qəbulu daxil ola bilər. Amma özbaşına dərman qəbul etmək düzgün deyil. Çünki qarın ağrısının səbəbi bəzən cərrahi müdaxilə tələb edən xəstəliklər də ola bilər.
Qeyd edim ki, bağırsaq spazmının müalicəsində və profilaktikasında düzgün qidalanma əsas yer tutur. Belə ki az-az, lakin tez-tez qidalanılsın; liflə zəngin meyvə və tərəvəzlər qəbul edilsin; kifayət qədər su içilsin; yağlı və qızardılmış yeməklər məhdudlaşdırılsın; qazlı içkilərdən uzaq durulsun; spirtli içkilərdən istifadə edilməsin; həddindən artıq kofein qəbulundan çəkinilsin.
Eyni zamanda, bəzi insanlarda süd məhsulları, paxlalılar və ya müəyyən qidalar spazmı artıra bildiyi üçün fərdi qida həssaslığı nəzərə alınmalıdır”.
Ailə həkimi deyir ki, bağırsaq spazmının bütün hallarda qarşısını almaq mümkün olmasa da, risk əhəmiyyətli dərəcədə azaldıla bilər. Profilaktik tədbirlər kimi sağlam və balanslı qidalanmaq; gündə kifayət qədər su qəbul etmək; müntəzəm fiziki aktivliklə məşğul olmaq; qida gigiyenasına riayət etmək; stressi idarə etməyi öyrənmək; siqaret və spirtli içkilərdən uzaq durmaq; həzm sistemi ilə bağlı şikayətlər olduqda vaxtında həkimə müraciət etmək olar.











































































































































































